SON XƏBƏR

Orxan Pamuk Bob Dilana Nobel mükafatı verilməsindən çox məyus olub

Mart 01
16:16 2017
ABŞ-da yaşayan türk yazıçı, Nobel mükafatı laureatı Orxan Pamuk Rusiyanın TASS agentliyinə açıqlamasında İsveç Akademiyasının Bob Dilanı ədəbiyyat üzrə Nobel mükafatına layiq görməsi haqda qərarını tənqid edib.
 
Amerikalı yazar, daha çox mahnılara yazdığı sözləri ilə tanınan Bob Dilana Nobel mükafatı 2016-cı ildə verilib. Həmin vaxt İsveç Akademiyası bəyan edib ki, Bob Dilan bu mükafata "Amerikanın möhtəşəm mahnı ənənələri əsasında yeni poetik özünüifadə forması yaratdığına görə” layiq görülüb.
 
Bob Dilan (Robert Allen Tsimmerman) 1941-ci ildə yəhudi ailəsində doğulub. Əslən Rusiyadandır. O, rok musiqisində nüfuz sahibi sayılır.
 
Novator.az-ın məlumatına görə, Orxan Pamuk TASS-a deyib ki, ədəbiyyat üzrə Nobel mükafatı yalnız bu sahədə əməyi keçən tanınmış müəlliflərə verilməlidir: "İstərdim ki, bu mükafat yalnız ədəbiyyatda tanınan şəxslərə verilsin”.
 
Orxan Pamuk İsveç Akademiyasının 2016-cı ildəki qərarından, yəni Bob Dilanı ədəbiyyat üzrə Nobel mükafatına layiq görməsindən çox məyus olduğunu vurğulayıb: "Dünyada bu mükafata layiq olan o qədər amerikalı yazıçı var ki… Bob Dilan görkəmli insandır, o, mahnılar bəstələyir, mahnıların sözlərini, şeirlər yazır. Amma Bob Dilan sırf ədəbi istedadı ilə məşhurlaşmış bir insan deyil. Düşünürəm ki, ona Nobel mükafatının verildiyi elan olunanda bir çox yazıçı incidi. Bundan əvvəlki il isə mükafatı jurnalist qadın almışdı. Əlbəttə, münsiflərin mübahisəli qərarlar qəbul etmək hüququ var”.
 
"Jurnalist qadın” dedikdə Orxan Pamuk 2015-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatı Svetlana Alekseyeviçi nəzərdə tutur. Svetlana Alekseyeviç rusdilli yazıçıdır. O, 1948-ci ildə qərbi Ukraynada anadan olub. Son illərdə Avropa ölkələrində yaşayıb. Hazırda Belarusda yaşayır. İsveç Akademiyasının bəyanatına görə, xanım yazıçı Nobel mükafatına "nəsrindəki çoxşaxəli səslənişə, iztirab və cəsarəti əbədiləşdirdiyinə görə” layiq görülüb.
 
TASS-a açıqlamasında Orxan Pamuk 2006-cı ildə aldığı Nobel mükafatının onun həyatını dəyişdiyini də söyləyib: "Bəli, bu mükafat məni xoşbəxt etdi. Bəli, mən münsiflərə minnətdaram, mükafat insanları həvəsləndirir, bu iş davam etdirilməlidir. Amma mən 2016-cı ilin nəticələrini tənqid edirəm”.
 
Orxan Pamuk 1952-ci il iyunun 7-də İstanbulda doğulub. İstanbul Texniki Universitetində, paralel olaraq İstanbul Universiteti nəzdindəki Jurnalistika İnstitutunda təhsil alıb. Müntəzəm olaraq yazmağa 1974-cü ildən – 22 yaşından başlayıb.
 
"Cövdət bəy və oğulları” adlı ilk romanı 1979-cu ildə "Milliyət Press”in mükafatına layiq görülüb. 1982-ci ildə eyni adla çap edilən bu kitab 1983-cü ildə Orxan Kamal adına mükafatı alıb. "Sakit ev” adlı ikinci romanına görə 1984-cü ildə "Madarali Novel Prize” mükafatını qazanıb. "Ağ qəsr” adlı tarixi romanı onu Türkiyənin hüdudlarından kənarda da tanıdıb.
 
Pamukun "Qara kitab” romanı mürəkkəb, qarmaqarışıq, eyni zamanda dəbdəbəli yazı tərzinə, stilinə görə türk ədəbiyyatının ən mübahisəli və populyar əsərlərindən birinə çevrilib. 1992-ci ildə o, "Qara kitab”ın motivləri əsasında "Yeni həyat” adlı filmin ssenarisini yazıb.
 
Pamukun "Mənim adım Qırmızı” romanı 2001-ci ilin yayında satışa çıxarılıb. Bu romana görə 2003-cü il iyunun 14-də ona ən sanballı ədəbi mükafatlardan biri – IMPAC Beynəlxalq Dublin mükafatı təqdim edilib.
 
Orxan Pamuk həmçinin "Cövdət bəy və oğlanları” (1982), "Qar” (2002), "Məsumiyyət muzeyi” (2008) kimi məşhur romanların müəllifidir.
 
İsveç Akademiyasının prezidenti Horas Enqdahl 2006-cı ilin ədəbiyyat üzrə Nobel laureatının adını açıqlayarkən bəyan edib ki, Orxan Pamuk bu mükafata toqquşan mədəniyyətlərin simvollarından bəhs edən əsərlərinə görə layiq görülüb. Horas Enqdahlın bildirib ki, Pamuk "öz doğma şəhərinin melanxolik ruhunu axtararkən mədəniyyətlərin həm toqquşmasının, həm də qovuşmasının yeni simvollarını tapıb”.
 







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook