Oğlunun nişanına aldığı "Socado" konfetləri qurdlu çıxdı - "Aplus" mağazalarını məhkəməyə verdi
Noyabr 23
12:21
2023
Bakıda vətəndaş oğlunun nişan mərasiminə aldığı konfetdən qurd çıxdığı üçün "Aqro-Vest Retail” MMC-yə məxsus "A PLUS MOVİDA” supermarketindən 10 min manat təzminat tələb edib.
O.Cabbarov iddia edib ki, oğlunun nişan mərasiminə hazırlıqla əlaqədar sözügedən mağazadan 16,80 manat dəyərində "Socado” əmtəə nişanlı konfet alıb və aldığı məhsulun içindən qurd çıxıb: "Nişan mərasimində həmin konfetdən qonaqlara paylanılıb. Bir gün sonra bir neçə yaxın qohum (xalası qızı, qardaşı qızı, xalası oğlunun yoldaşı, öz qızı və oğlunun nişanlısı) zəng edib, konfetin xarab olduğu və içərisindən qurd çıxdığını bildirdi. Oğlumun nişanlısı xarab konfetin şəklini, xalası qızı da videosunu çəkib mənə göndərdi. Özümü elə bir acınacaqlı və həqarətə uğramış vəziyyətdə hiss etdim ki, hələ indiyə qədər özümə gələ bilməmişəm. Bütün qohumlarının, ən əsası isə oğlunun nişanlısının, yeni qudalarımın yanında mənəvi cəhətdən çox bərbad vəziyyətdə qaldım. "A PLUS MOVİDA” supermarketindən həmin məhsulu alarkən düşünə bilməzdim ki, burada köhnə və keyfiyyətsiz məhsullar satıla bilər. Dərhal supermarketə yollandım və xarab məhsulun foto və videosunu onlara göstərdim. Konfetə görə ödədiyim 17 manatın geri qaytarılmasını tələb etdim. Mənəvi həqarətə uğradığıma və market rəhbərliyinin belə kobud məsuliyyətsizlinyə görə bu addımı atmağa məcbur oldum. Lakin "A PLUS MOVİDA” supermarketinin məsul şəxsləri heç bir iradı qəbul etmədi, pulu geri qaytarmadılar. "A PLUS MOVİDA” supermarketini işlədən vergi ödəyicisi "AGRO-VEST RETAİL" MMC-dir. Cavabdeh MMC tərəfindən keyfiyyətsiz və xarab məhsulun satılması ilə mənə həm maddi, həm də mənəvi ziyan vurulub. Məhkəmələr tərəfindən istehlakçıların hüquqlarını pozan bu kimi sahibkarlara qarşı sərt tədbirlər görülməlidir ki, növbəti dəfə belə məsuliyyətsizliklərə yol verilməsin".
Lakin MMC-nin nümayəndəsi O.Cabbarovun iddiasını rədd edib. Bunu onunla əsaslandırıb ki, idiaçı aldığı məhsulun yalnız iki ədədini 11-12 gün sonra mağazaya təqdim edib, bu zaman satış çekini təqdim etməyib. Həmin məhsulun qurdlu olduğu, məhz onun tərəfindən həmin həmin supremarketdən alındığını təsdiq edə bilməyib, 11-12 gün ərzində məhsulun onun tərəfindən hansı şəraitdə saxlanılmasına dair sübut təqdim etməyib.
Sabunçu rayon Məhkəməsinin hakimi Tahirə Əsədova O.Cabbarovun iddiasını rədd edib.
Qlobal.az