SON XƏBƏR

“Oliqarxlar rəqiblərini belə verilişlərlə sıradan çıxarmaq istəyir”

İyun 07
11:47 2016
ATV-nin "Yoxlama” verilişinin əməkdaşları hücuma məruz qalıb. Hadisə Şamaxıda baş verib. Restoranda verilişin formatına uyğun çəkiliş aparan texniki heyətə hücum olub. Şamaxı şəhərinin Bakı istiqamətindən girişində yerləşən restoranda çəkiliş zamanı ATV-də yayımlanan "Yoxlama” verilişinin əməkdaşları fiziki zorakılığa məruz qalıblar.
 
Restoranın sahibi çəkiliş qrupuna mane olmaq istəyib. Ancaq aparıcı Azər İsmayılov buna qarşı çıxanda gərginlik daha da artıb. Restoran sahibi və yanındakılar çəkiliş qrupuna fiziki hücum ediblər. Onlar "Yoxlama”çıları zorla restorandan çıxarmağa çalışıblar. Bu zaman söyüş və təhqiredici ifadələr də eşidilib. Nəticədə verilişin rejissoru Elgün Bayramlı xəsarət alıb.
 
Mübahisə isə çəkiliş qrupunun avtomobilinin yaxınında davam edib. Hadisə ilə bağlı polisə müraciət edilib. Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları faktı araşdırır.
 
Qlobal.az xəbər verir ki, "Yeni Müsavat”ın yazdığına görə, bu xəbər mediada, sosial şəbəkələrdə birmənalı qarşılanmadı. Daha doğrusu, media cameyəsi hər zaman döyülənin yanında olduğu üçün bir qisim jurnalistlərə qarşı təzyiqi yolverilməz saydı və səbəb nə olursa-olsun media əhlinə əl qaldırmanın yolverilməzliyini bəyan etdi.
 
Amma daha böyük bir hissə isə iddia etdi ki, "Yoxlama” jurnalistikadan uzaq elementləri ilə diqqət çəkir, hətta reket media stilində hərəkət edir. Bu fikri müdafiə edənlər veriliş heyətinin Bakının mərkəzindəki, dəbdəbəli, "arxalı” restoranlara ayaq basa bilmədiyi halda, gözdən uzaq, kasıbyana obyektləri hədəfə çevirməsini səmimi jurnalistika hesab etmədi.
 
Media eksperti Zeynal Məmmədlinin isə bu məsələ ilə bağlı mövqeyi fərqlidir. O, qəzetə bildirib ki, bu tipli verilişlər medianın missiyasına uyğundur. Onun sözlərinə görə, zəruri ictimai- iaşə obyektləri insanların həyatı üçün önəmlidir və orada baş verənlərlə bağlı araşdırma aparılması da zəruridir. Z. Məmmədli hesab edir ki, verilişin maqazinvari hazırlanması da peşəkarlıq prosesidir: "Rusların ”Revizor" adlı verilişi var, bu formatdadır.
 
Orada verilişi sensasion ruhda hazırlayırlar və ortaya ciddi faktlar çıxarırlar. O mənada bir daha təkrarlayıram ki, bu verilişin hazırlanması jurnalistikaya aiddir və jurnalistlər bunu hazırlamalıdılar".
 
Z. Məmmədli deyib ki, verilişin etik və peşəkarlıq prinsipləri baxımdan necə hazırlanması isə ciddi müzakirə mövzusudur. Onun sözlərinə görə, müsahibin üstünə necə getmələri, əks tərəfə yaxınlaşma üslubu bu məsələdə mühüm rol oynayır: "Əks tərəfin reaksiyası necə olursa-olsun, veriliş hamıya ünvanlandığından etik detallar göz bəbəyi kimi qorunmalı, prodüser çox ciddi olmalıdır. Məni bu mübahisədə daha çox maraqlandıran isə başqa məqamdır: verilişin heyəti niyə belə xırda yerlərə gedir? Xüsusi adamı olmayan, xüsusi olmayan yerləri seçmələrinin səbəbi nədir? Belə təsəvvür yaranır ki, kasıb-kusubların, öz əməyi ilə dolananların üzərinə gedirlər. Oliqarxlar belə təsadüfi rəqiblərini bu cür verilişlərlə sıradan çıxarmaq istəyirlər. Bu cür sıxılmış obyekt sahiblərində isə təbii bir əsəbilik var. Verilişin bunu qabartması da bu cür partlayışa səbəb olur”.
 
Bununla belə, Z.Məmmədli bildirdi ki, heç bir halda jurnalisti döymək, kamerasını sındırmaq yolverilməzdir.
 
Onun sözlərinə görə, jurnalistlər bilməlidirlər ki, hər məqamda son dərəcə diqqətli olmalıdırlar:"Digər tərəfdən, nəzərə almalıdılar ki, girə bilmədikləri kola girə bilmirlərsə, bura niyə girirlər? Bu, nə jurnalistlərin, nə də o obyektin günahıdır. Bu, cəmiyyətin mənzərəsidir”.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook