NOLAR, BİZİ ATASIZ QOYMA
Oktyabr 07
11:51
2016
Təbiətin
də gülən çağı idi, insanların da... Zimistandan güclə canını qurtarıb yazın
ilıq nəfəsində qanad çalan quşların sevinci yerə-göyə sığmırdı. Uzaq-uzaq ölkələrdən
uçub gələn xoşxəbər qaranquşların civiltisi, mehdən titrəyən kövrək otların
pıçıltısına qarışaraq təbiətə nəğmə qoşurdu sanki. Yaz dumanı dərin dərələrin
dibində ağ çiçək topasına bənzəyirdi. Bəzən sərin-sərin əsən meh bu çiçək
topasını dağların döşünə səpir, bəzən də aşırımın o üzünə qovurdu. Günəşin hərarətinə
tab gətirməyən qar topaları əridikcə suların şırıltısı artır, torpağın yuxusu
qaçırdı. Elə bil təbiət də yarıyuxulu idi. Elə təbiətin bu yarıyuxulu vaxtında,
- ruhları ovsunlayan baharın ikinci günü - Novruz bayramında Viktor Vasilyeviç
Seryogin Tiflisdə dünyaya göz açdı. Uşaqlıqdan şıltaqlığı, daha doğrusu,
diribaşlığı ilə seçilən Viktor oxuduğu təhsil ocağında da sinif yoldaşlarından
xeyli fərqləndi. Təhsilə olan marağı onun arzu və istəklərinə işıq saldı.
Tiflisdə orta məktəbi əla qiymətlərlə bitirən Viktor uşaqlıq arzularının dalınca Ukraynaya yola düşdü. O, elə həmin il Kremençuk Mülki Aviasiya Məktəbinin tələbəsi adını qazandı. Təhsili başa vurandan sonra təyinatla Azərbaycana gələn Viktor Zabrat Əlahiddə Aviasiya Dəstəsində işlə təmin edildi. Bir qədər sonra isə Mİ-2 vertolyotuna pilot təyin edildi.
Tiflisdə orta məktəbi əla qiymətlərlə bitirən Viktor uşaqlıq arzularının dalınca Ukraynaya yola düşdü. O, elə həmin il Kremençuk Mülki Aviasiya Məktəbinin tələbəsi adını qazandı. Təhsili başa vurandan sonra təyinatla Azərbaycana gələn Viktor Zabrat Əlahiddə Aviasiya Dəstəsində işlə təmin edildi. Bir qədər sonra isə Mİ-2 vertolyotuna pilot təyin edildi.
Azərbaycanda
Hərbi Aviasiyanın yaradılmasında təcrübəsini, bilik və bacarığını əsirgəmədi.
Onun peşəkarlığı və nöqsansız xidmətləri nəzərə alınaraq, "Əmək veteranı”
medalına və "Ən yaxşı təyyarəçi” adına layiq görüldü.
Həyat şəraitindən
razı idi Viktor - evi, eşiyi, ailəsi... Zamanın nəbzi rahat vururdu. Bəzən Xəzərin coşub-kükrəyən, qayğılı, qayğısız
dalğaları, bəzən sərin-sərin, bəzən də şiddətlə əsən Gilavarın, Xəzrinin
yaratdığı titrəyişli vıyıltılar həyatın axarını pozmaq istəsə belə, yenə də
bacarmırdı. Çünki baxışlar duru, könüllər
saf idi. Bəlkə də o saflıq həyatın görünən tərəfi, bəlkə də görmək istədiyimz tərəfi
idi. Sən demə, həyatın ikinci üzündə saflığın düşməni olan hiylə və məkr varmış
– erməni məkri. Bu məkrin nə vaxtsa çiban kimi irinləyib şişəcəyinin, üfunətinin
fərqinə varmadıq bəlkə də. "Quyu qazan özü düşər” deyib baş verən olayları
şişirtməməyə çalışdıq. "Səhvlərini başa
düşüb əl çəkərlər, yəqin bir-iki nəfər avantürüstün məntiqsiz illuziyasıdı”
dedik. Nədənsə, bu xəmirin çox su aparacağına inanmaq istəmədik. Daha doğrusu,
insanpərvərliyimiz, humanistliyimiz buna imkan vermədi.
Dəyirman
fırlanır, çak-çakı isə öz işini görürdü. Sovet İmperiyasının süqutundan istifadə
edən separatçı qüvvələr Qarabağda millətçilik toxumu səpməklə, közərən odu daha
da alovlandırmağa çalışdılar. Əsasən, erməni-daşnak qüvvələrinin silahlı
hücumuyla törədilən qırğın digər kəndlərdə də təkrarlandı. Ölkənin müstəqilliyə
qədəm qoyduğu zaman sərhədlərimiz ov tüfəngləri ilə silahlanmış yerli
özünümüdafiə dəstələri tərəfindən qorunurdu. Peşəkar hərbçilərə böyük tələbat
vardı. Ölkədə yaranmış xaos ordu quruculuğunun işini xeyli ləngidirdi. Bütün bu
ləngimələrdən istifadə edən erməni hərbi birlikləri İmperiyanın dəmir
tırtılları hesabına təcavüzü genişləndirir, ərazidə yaşayan azərbaycanlıları
didərgin salmağa çalışırdılar.
Şuşa və
Ağdərədə vəziyyət xeyli ağırlaşmışdı. Silahsız kənd əhalisini döyüş bölgəsindən
çıxarmaq üçün vertolyotların köməyi lazım idi. Əlçatmaz məntəqələrə sursat,
yaxud da qida daşımaq üçün yalnız vertolyatlardan istifadə edilirdi. Viktor
Seryoginin komandirliyi altında Mİ-2 vertolyotu dəfələrlə sınaqdan uğurla
çıxmışdı. Ağdam, Laçın, Kəlbəcər bölgələrinə də aramsız səfər eləyən Viktor,
artıq bütün ərazini yaxşı tanıyırdı. Elə o səbəbdən Mİ-2 vertolyotu ilə Ağdərə
döyüşündə düşmənin başına od ələyərək tutduğu mövqedən geri çəkilməyə məcbur
etdi. Viktorun cəsarəti və dəyanəti sayəsində, o gün döyüş meydanında xeyli
quldur məhv edildi.
Mİ-2
vertolyotunun havada cızdığı hər bir trayektoriya erməni quldurlarını qorxuya,
vahiməyə salırdı. Dəmir şahini ermən silahlıları anbaan izləsələr də, Viktorun
peşəkarlığı düşmənin məkrinə qalib gəlirdi. Düşmən gülləsindən zədələnən
vertolyot, bir çox hallarda elə havadaca təmir edilir, növbəti hədəfə doğru irəliləyirdi.
Onun əzmi, iradəsi nəticəsində düşmənin silah anbarları aşkarlanaraq məhv
edilir, gözlənilən hücumların qarşısı cəsarətlə alınırdı. Bu riskli manevrlərin
uğuru əsgərlərimizi ruhlandırdığı kimi, düşmən üçün qorxulu kabusa çevrilmişdi.
Viktorun başı üçün külli miqdarda ayrılan vəsait də ermənilərin daim xof içərisində
olduğuna əyani sübutdu. Dəfələrlə quldur hücumuna məruz qalan Mİ-2 bütün
uçuşları dəqiq və vaxtında yerinə yetirdiyinə görə, Viktor Seryoginə komandanlıq
tərəfindən təşəkkür edilmiş və mükafatlandırılmışdı. Hər uçuşun dönüşü bəlli
olmadığı halda, yenə də həvəslə səmaya qalxan Viktor namərd və hiyləgər düşmənin
iç üzünə yaxşı bələd idi. Hələ uşaq ikən ermənilərlə qonşuluğu bir yana, tələbəlik
illərində də onlarla yoldaşlıq etməli oldu. Məhz bu münasibətlər məkrli
qonşunun xain və xəbis olduğunu bir daha Viktora agah elədi. O günləri xatırlayan
cəsur komandir ölümün gözünə dik baxaraq bir addım belə geri çəkilmədi.
Silahdaşlarının
dediyinə görə, Viktor Azərbaycan xalq musiqisinin vurğunu olub. Səxavət Məmmədovun,
Rəşid Behbudovun, Rübabə Muradovanın ifasından doymazmış. Etdiyi zümzümələr də
axıb-dolarmış dinləyicinin qəlbinə. Qeyri millətin nümayəndəsi olan Viktorun Azərbaycana,
azərbaycançılığa və milli-mənəvi dəyərlərinə verdiyi qiymət silahdaşları
arasında onun hörmətini birəbeş artırmışdı. "Musiqinin dili olmasa da, könülləri
fəth eləyir, qəlbləri ovsunlayır, Azərbaycan musiqisi də çağlayan bulaq kimidi,
axır.... axır.... və dinləyicini arxasınca çəkib aparır” - deyə Viktor şirin
rus ləhcəsiylə musiqimizin şirinliyindən söhbət açarmış. Deyirlər, Viktor növbəti
əməliyyata gedərkən Rübabə Muradovanın audiodiskini istəyib. "Erməni əsirlərinə
qulaq asdıracağam. Qoy o səsdəki Vətən sevgisini, yurd həsrətini anlasınlar,
Anlasınlar ki, milləti yurdundan didərgin salmaq, onun ev - eşiyini dağıtmaq,
valideynin qəlbinə övlad dağı çəkmək nə deməkdir”- deyib.
Döyüşdən yenicə qayıtmış Viktor ailəsinə baş çəkmək
istədi. Daha doğrusu, komandanlıq tərəfindən məcbur edildi ki, neçə müddətdir
körpə balalarından xəbərsizsən, bəlkə onlara baş çəkəsən.
Viktor
necə də xoşbəxt idi o gün. Balalarını bağrına basıb duz kimi yalayırdı. Heç fidan
balalar atalarından əl çəkirdimi?! Elə bil yüz ilin ayrısıydılar,
tamarzı-tamarzı bir-birinin boynuna sarılır, ata nəfəsində rahatlıq, dinclik
tapırdılar. Bu mənzərəni kənardan seyr eləyən ana sanki ata – övlad məhəbbətini
ilk dəfə idi görürdü. İçində baş qaldıran bəd fikirlər göz yaşlarına çevriləndə
sanki yuxudan ayıldı. Allah şeytana lənət eləsin, bu nə qarabasmalardı görəsən?
Haradan ağlıma gəldi bu qara fikirlər, bəlkə şeytan vəsvəsəsidir” - deyib gözlərini
silmək istəyirdi ki, həyat yoldaşının dalğın baxışları ilə rastlaşdı. Çalışsa
da baxışlardan yayına bilmədi. Fidanlar maddı-maddım valideynlərinə baxırdı.
Görəsən, bu susqunluğun səbəbi nə idi, uşaqlar anlamasa da, bəlkə də
qanlı-qadalı günlərin bir gün Seryoginlər ailəsinin qapısını döyə biləcəyini
anlatmağa çalışırdı Viktor. Bəlkə də ürəyinə dammışdı ki, ciyərparası və gül
balaları ilə sonuncu görüşüdü. Bu hissi sanki ömür-gün yoldaşının gözlərindən
oxuyurdu.
Artıq vədə
yetişmişdi, ailəsini Allaha ismarlayıb yola düşəndə körpə balalar "nolar getmə,
bizi atasız qoyma” deyib atalarının ayağını qucaqladılar. Bu mənzərə Viktoru da
kövrəltdi, ancaq o getməliydi. Səngərdaşları onu gözləyir, daha doğrusu, ona
güvənirdilər. O, bu güvənci təcrübəsi, qorxmazlığı və peşəkarlığı sayəsində
qazanmışdı.
Viktor dəmir
şahinlə havaya qalxanda "ata!” deyə arxasınca qaçan gözüyaşlı körpələrini
xatırladı. Fidanların dilindən qopan ata kəlməsi qulaqlarında əks səda verdi.
Özünü ələ alan Viktor maqnitofonun səsini ucaltdı. Səmadan ətrafa yayılan
"Qarabağ şikəstəsi” hər kəsin qəlbini titrətdi.
"Düşmənə ölüm” çağırışı ilə vertolyot havada
manevr edərək, quldurların cəmləşdiyi nöqtələri dəqiqləşdirməyə çalışırdı. Əsas
hədəf istiqamətini təyin edəndən sonra geri dönən Viktor düşmən gülləsindən məharətlə
yayına bildi. Axı o quldurların təxminən 2-3 kilometliyinə qədər yaxınlaşmışdı.
28
yanvar 1992-ci il... O gün Ağdamdan Şuşaya daşınacaq sursatı Viktor öz boynuna
götürdü. Üstəlik bir neçə nəfər sərnişin də vardı. Vertolyot sürətlə Şuşaya tərəf
irəliləyir, hər kəs mənzil başına çatmağa tələsirdi. Çünki vertolyot quldur
yuvalarının üstündən keçməli idi. Viktor təhlükəni hiss etsə də, artıq buna
alışmışdı. Əlini alnına qoyub qarşıdakı yüksəkliyə tərəf boylanırdı. Elə bu an
quldurların açdığı atəş vertolyotun hərəkət trayektoriyasını dəyişdi. Dəmir
şahin müvazinətini itirdikdən sonra alov içində aşağı enməyə başladı. Şəhərin
üzərinə düşəcəkləri halda insan tələfatı olacağını zənn edən Viktor, çətinliklə
də olsa, istiqaməti müəyyən qədər başqa səmtə yönəltməyə çalışdı. Silahdaşlar
bir-biri ilə halallaşıb, "təki vətən yaşasın...” – deyə ölümə doğru getdilər.
Deyilənə
görə, yerə çırpılan vetolyotun alovu içərisindən bir səs ucalırmış göyə, Qədir
Rüstəmovun ifasında... "Sona bülbülləri”n
fəryadıymış o səs.
Deyirlər
Viktorun şəhid olacağı günü ömür-gün yoldaşı bilirmiş. Bir müddət öncə görüşdükləri
zaman ciyərparası Viktora deməyə çalışsa da, bacarmayıb. Çünki yuxuda görübmüş.
"Onsuz da Viktor yuxuya inanmır” - deyə fikrindən vaz keçib.
O gün
döyüşkənliyi, bacarığı ilə çoxlarına örnək olan Viktor silahdaşları ilə birgə
düşmən gülləsinə tuş gəldi. Çoxdan bəri quldurlar tərəfindən izlənən rəşadətli komandir,
rus əsilli Azərbaycan oğlu ölümsüzlüyü ilə hərb tariximizin şanlı səhifəsinə
adını yaza bildi. Viktor Seryogin göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycanın
Milli Qəhrəmanı adına layiq görüldü.
Qəbri
nurla dolsun!
Ötərxan ELTAC
Qlobal.az



