SON XƏBƏR

Nobel Fondu mükafatın laureatları arasında qadınların sayını artırmaq barədə düşünür

Fevral 13
00:44 2018
Nobel Fondu mükafatın laureatları arasında qadınların sayının artırılması barədə təklifləri nəzərdən keçirir.
 
AZƏRTAC xəbər verir ki, Nobel Fondu Stokholmda keçirilən görüşdə Nobel mükafatına irəli sürülən namizədlər arasında qadınların sayının artırılması üzrə təkliflərin ciddi nəzərdən keçirildiyini elan edib. Bu təkliflər yeni laureatların seçimi sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər kontekstində müzakirə olunur.
 
Statistikaya görə, Nobel mükafatının təqdim edildiyi bütün dövr ərzində 892 nəfər laureat olub. Ancaq mükafata layiq görülənlərin yalnız 48-i qadındır ki, bu da ümumi sayın 5,4 faizi deməkdir.
 
Nobel Fondunun İdarə Heyətinin sədri Karl-Henrik Heldin jurnalistlərə bildirib ki, yaranmış vəziyyət problemdir. O vurğulayıb ki, mükafata namizəd irəli sürülməsi sisteminin təkmilləşdirilməsinin bir neçə variantı nəzərdə keçirilir. Çoxsaylı qadın namizədlərin irəli sürülməsi mümkün variantlardan biri ola bilər. Ancaq həmin məsələ ilə bağlı qəti qərar qəbul edilməyib.
 
Qeyd edək ki, ən məşhur və ən mötəbər beynəlxalq mükafatlardan biri olan Nobel mükafatı hər il çox mühüm elmi tədqiqatlara, inqilabi ixtiralara, yaxud mədəniyyətə və ya cəmiyyətin inkişafına böyük töhfəyə görə təqdim edilir. Alfred Nobelin vəziyyətinə görə, mükafatlar fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat sahələrində, dünyada sülhün bərqərar edilməsinə köməyə görə təqdim olunur. İsveç Bankının təşəbbüsü ilə 1969-cu ildən Alfred Nobelin xatirəsinə ehtiram əlaməti olaraq iqtisadi elmlər üzrə mükafat da (qeyri-rəsmi şəkildə iqtisadiyyat üzrə Nobel mükafatı adlandırılır) verilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook