Nəsimi rayonunda “yaşıl soyqırım”: 100-ə yaxın ağacı məhv edib yerində bina tikirlər (VİDEO, FOTOLAR)
Aprel 23
18:59
2017
Nəsimi rayonu, Mircəlal küçəsindəki 2, 4, 6, 8, 10 saylı binaların qarşısında olan böyük bir ərazi zəbt edilərək, hasarlanıb. Sakinlərin dediyinə görə, beş binanın ortasında 11 mərtəbəli yaşayış binasının tikilməsi nəzərdə tutulur. Onlar iddia edir ki, ərazidə 150-ə yaxın ağac məhv edilib.
Qlobal.az xəbər verir ki, Musavat.com-un müxbiri adıçəkilən ərazidə olub, sakinlərin gileyini dinləyib.
Binaların həyətində təqribən bir futbol meydançası böyüklüyündə ərazi hasarlanıb, tikinti işləri gedir. Dərin özül qazılıb, betonlama konstruksiyaları quraşdırılır. Tikinti aparılan ərazi ilə binalar arasındakı məsafə çox azdır. Narazı sakinlər ərazinin əvvəlki vəziyyətinin fotolarını bizə göstərdi. Müqayisə edərək demək olar ki, əvvəlki yaşıllıqdan əsər-əlamət qalmayıb. Ətrafa yayılan toz-torpaq, səs-küy sakinləri cana yığıb.
Sakinlərdən Rüxsarə Eyvazova aparılan qanunsuz tikinti ilə bağlı heç bir tədbir görülmədiyini bildirdi: "2016-cı ilin sentyabrında tanımadığımız şəxslər gəlib, ərazidəki ağacları kəsdilər. Sakinlər səliqəli bağlar düzəltmişdilər. Bura sakinlərin yeganə istirahət yeri idi. Camaatın gözü önündə ağacların dibinə kislota tökürdülər ki, qurusun. Buna da nail oldular. 20-25 gündür ki, tikinti işlərinə başlanılıb. 100-ə yaxın ağacı bulduzerlə kökündən çıxardılar. Neçə ilin çinar və şam ağaclarını bir göz qırpımında doğradılar. Yaşıllaşdırma İdarəsinə üç dəfə zəng vurmuşam, əməkdaşları gəliblər. Ancaq heç bir tədbir görmədilər. Hətta idarənin əməkdaşları mənə dedilər ki, özünə əziyyət verib, buraya gəlmə...”.
Sakinlər deyir ki, tikinti başlamazdan öncə bu ərazidə park salınacağını deyərək onları aldadıblar: " Ərazini hasarlayanda sakinlərə yalandan vəd verdilər ki, park salınacaq. Camaatı inandırdılar. Sonra dedilər ki, bağça olacaq. İlk öncə tikinti sahəsini kiçik götürmüşdülər. Sonradan qalan bağları da söküb, ərazini hasara aldılar. İndi məhəllədə insanların normal yolu yoxdur. Yalan vədlər verirlər ki, sizə yeni yol çəkəcəyik. Beş binanın həyətini zəbt edib, qanunsuz yolla 11 mərtəbəli bina tikirlər. Qanunda da var ki, binalar arasındakı məsafə 30 metrdən az olmamalıdır. Hər şey bir tərəfə qalsın, bu qədər yaşıllığı məhv etmək olarmı? Ekologiya Nazirliyindən və Yaşıllaşdırma İdarəsindən də gəldilər, ancaq bir xeyri olmadı. Tikintidə çalışan fəhlələrdən biri buranın Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova məxsus olduğunu bildirib. Lakin biz həmin məmurun adından istifadə edildiyindən şübhə edirik. Yəqin ki, aidiyyatı qurumlar bu məsləni araşdırar. Narazılığımızı bildirəndə bizi onunla hədələyirlər. Əvvəlcə biz aldandıq. Elə sandıq ki, dövlət tərəfindən park salınacaq. Tələsik tikinti aparan şirkət materialları əraziyə salıb, tez hasarladı. Yoxsa imkan verməyəcəkdik. Təsəvvür edin ki, burada hündürmərtəbəli bina tikilsə vəziyyətimiz necə çətin olacaq. Binalar bir-birinə yaxın olduğundan nəinki hava gəlmir, telefon dalğası çətinliklə tutur. 20 metrlik məsafədə tikilən binanı gözünüzün önünə gətirin. Bəs binanın həyəti, camaatın gediş-gəlişi necə olacaq? Bir sözlə aləm qarışacaq bir-birinə...”.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
Qlobal.az