SON XƏBƏR

Nərimanovda yerləşən "RR Constructions" vətəndaşın mülkünü mənimsədi (VİDEO)

İyun 23
17:56 2020
Bakıda vətəndaşın mülkü tikinti şirkəti tərəfindən ona xəbərdalıq edilmədən qeyri-qanuni olaraq sökülüb. Belə ki, 2019-cu ilin avqust ayında paytaxtın Nəriman Nərimanov rayonu, Mayakovski 10 b ünvanında yerləşən, Nağıyev Ramil Firudin oğluna məxsus 59.3 м² sahəsi olan qeyri-yaşayış mülkü, həmin ərazidə hündürmərtəbəli yaşayış binası tikən "RR CONSTRUCTİONS" MMC tərəfindən qəsb edilib. 

Nağıyev Ramil bildirib ki, ona çatmalı olan kompensasiya üçün dəfələrlə şirkət rəhbərliyinə müraciət etsə də, hər dəfə rədd cavabı alıb: "Şirkət tərəfindən mənə heç bir xəbərdarlıq edilmədən, razılığım olmadan mülküm qanunsuz olaraq sökülüb. "RR CONSTRUCTİONS" MMC-yə bu barədə dəfələrlə müraciət etdikdə şirkətin direktoru Nadir Hüseynqulu oğlu Abdullayev mülkiyyətimdə olan daşınmaz əmlakın Nərimanov Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Cəfərov Hüseynin iştirakı ilə sökdüyünü bildirib. O, qanuni olaraq tələbimi yerinə yetirmək əvəzinə, mənə "get kimə şikayət edirsən, et" dedi”. 

Çıxılmaz vəziyyətdə qalan Ramil Nağıyev Bakı Şəhər İcra Hakimiyyətinə yollanıb və paytaxtın meri Eldar Əzizovun qəbulunda olub. Eldar Əzizov vətəndaşın haqlı olduğunu bildirərək, qeyd edib ki, Ramil Nağıyevin üzləşdiyi qanunsuzluq Bakı Şəhər İcra Hakimiyyətinin 05.08.2018-ci il tarixli, 250 saylı "Qəzalı vəziyyətdə çoxmənzilli binaların sökülüb yenidən layihələndirilməsi və tikintisi üçün torpaq sahəsinin istifadəyə verilməsi haqqında" sərəncama əsasən həll olunmalıdır. Sərəncamın 2-ci bəndində qeyd edilir ki, ərazidə yerləşən və qeyri-yaşayış tikililərinin sökülməsi, həmin tikililərin mülkiyyətçiləri ilə mülki münasibətlərin qarşılıqlı razılaşma əsasında mövcud qanunvericiliyə uyğun olaraq tənzimlənməsi "RR CONSTRUCTİONS" MMC tərəfindən təmin edilsin.  5-ci bəndində isə bildirilir ki, yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaq. 

Ramil Nağıyev bildirir ki, "RR CONSTRUCTİONS" MMC onun hüquqularını pozmaqla yanaşı, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun imzaladığı sərəncama da qarşı çıxır: "Bizim gözəl qanunlarımız var. Ancaq təəssüflər olsun ki, "RR CONSTRUCTİONS" MMC-nin rəhbərliyində oturan şəxslər bu qanunları çiynəyir. Ölkə başçısı Cənab Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, tikinti-söküntü işləri zamanı vətəndaş razı salınmalı, onun hüquqları birmənalı olaraq təmin edilməlidir. Mən üzləşdiyim, həlli bəlli şəxslər tərəfindən əngəllənən məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etmişəm. Amma təəssüflər olsun ki, əlimdə çıxarışım, rəsmi sənədlərimin olmasına baxmayaraq, problemim şübhəli şəkildə öz həllini tapmır. Çıxılmaz vəziyyətdə qaldığım üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edəcəyəm". 
 
Qeyd edək ki, "RR CONSTRUCTİONS" MMC bundan öncə də vətəndaş şikayəti  əsasında medianın gündəminə gəlib. Bundan başqa, sözügedən tikinti şirkəti həmin ərazidə ağac soyqırımı törədiyi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şikayəti əsasında Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 50 min manat cərimələnib.
 
Mənbə: Unikal.org
 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook