Nərimanov RİH-ə gələn şikayətçilərə ilginc təklif: “Seçkilərdə onları söyərsiniz…” – Şok video
Yanvar 21
22:52
2018
Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev və başçının birinci müavini, onun qara işlərindəki "sağ əli” Şahmar İbadovun özbaşınalıqları haqda həm saytımızda, həm də digər media orqanlarında indiyə qədər kifayət qədər məlumat verilib. Təəssüflər olsun ki, geniş miqyaslı korrupsiya faktları, rayon ərazisində iş adamlarının sıxışdırılması, torpaqların qeyri-qanuni satılması, vətəndaşların mənzil problemlərinin həllinə məqsədli şəkildə maneələr törədilməsi bu faktlar toplusunun yalnız kiçik hissəsidir.
Məlumata görə Nərimanov RİH başçısı A.Fərzəliyev xaricdəki şəxsi biznesini idarə etmək məqsədilə mütəmadi olaraq həmin ölkələrdə olur. Bu səbəbdən də rayonun idarəçiliyindən faktiki olaraq kənarlaşıb. Belə bir vəziyyət isə birinci müavin Şahmar İbadovun rayon idarəçiliyini ələ alması ilə yanaşı, onun əhəmiyyətli şəkildə varlanmasına gətirib çıxarıb. Lakin "yeyib-doymasına” baxmayaraq, Ş.İbadov ən kiçik pul qazanmaq imkanını belə əldən buraxmır. Nərimanov rayonunda əlillərin qarşılaşdığı mənzil probleminin acı bağırsaq kimi uzanması da cənab İbadovun fəaliyyəti ilə bağlıdır.
Bununla bağlı Savash.org-a müraciət edən şikayətçinin sözlərinə görə, dəfələrlə A. Fərzəliyevlə görüşməyə cəhd göstərsələr də Şahmar İbadov hər dəfə icra başçısını onlardan "gizlədib”.
O və Nərimanov RİH-in digər məsul şəxsləri şikayətçiləri bir qayda olaraq "cənab başçı məzuniyyətdədir” bəhanəsilə yola verirlər. Sonuncu belə yolavermədən sonra şikayətçilərin "icra başçısı heç işə gəlmir?” sualına olduqca maraqlı cavab verilib: "Abdin müəllim, bu dəfə həqiqətən məzuniyyətdədir”.
İcra başçısı məzuniyyətdə dincəlməyində olsun, sizə kimdən deyək, yazımızın qəhrəmanı Şahmar İbadovdan. Adam şikayətçilərin haqlı narazılıqlarını dinləyib, problemi həll etməkdənsə qarşılarında olduqca gülünc şərtlər qoyub. Birinci müavin şikayətçilərə açıq şəkildə bildirib ki, problemlərinin həllini istəyirlərsə prezident seçkiləri ərəfəsində müxalifət liderlərini, konkret olaraq AXCP sədri Əli Kərimli və milli şuranın rəhbəri Cəmil Həsənlini söysünlər. Maraqlıdır, belə bir ideya Şahmar İbadovun nəyinə lazım ola bilər? Axı o, siyasi hakimiyyətdə təmsil olunmur, unudubsa, xatırladaq ki, o siyasi xadim yox, yalnız icra məmurudur. Görünür, Şahmar İbadovun əldə etdiyi fantastik kapital onun indiki statusuna uymur.Və birinci müavin böyük siyasətə atılmaq sevdasına tutulub. Digər versiya isə İbadovun qəsdən ölkə rəhbərliyinə guya dəstək verirmiş kimi davranması , əslində isə siyasi hakimiyyəti məqsədli şəkildə gözdən salmaq niyyətidir.
Hansı ehtimalın doğru olmasını araşdırmaq səlahiyyətimizdə olmadığından biz Savash.org olaraq sözügedən iddiaların yer aldığı video görüntünü təqdim etməklə kifayətlənirik.
Qlobal.Az