SON XƏBƏR

Neftçalada sakinləri üsyana kim sövq edir? - VİDEO

İyun 20
09:35 2023
Bura Neftçala rayonun Mürsəqulu kəndidir. Kəndin sakinləri torpaq sahələrinin zəbt olunmasına etiraz edir. Onlar deyir ki, sabiq bələdiyyə sədri Əlibala Səlimov vəzifədə olduğu dövrdə bələdiyyənin balansında olan torpağının 400 hektarını satıb və icarəyə verib.

Kənd sakini Çingiz Səmədov bildirir ki, Əlibala Səlimov 20 ildir qeyri-qanuni mənimsədiyi torpaqları əkib-biçir. O, bütün kəndlilərin torpağını əlindən alıb. 63 hektar torpağın 9 hektarı oğlu Səlimov Ozal Əlibala oğlunun adınadır. Onu da rüşvətlə keçirdib oğlunun adına.

Kənd sakini Fəxrəddin Usubov isə iddia edir ki, Əlibala Səlimov ondan və daha bir neçə nəfərdən aldıqları torpağı sənədləşdirmək üçün 1300 manat pul alıb, amma sənəd verməyib.

Çobanlıqla məşğul olan Famil Məmmədov isə kənddə örüş torpağının olmadığından əziyyət çəkdiyini, qoyunları otara bilmədiyini deyir.

Onun bu çətinliyini heyvandarlıqla məşğul olan Lətifə Hüseynova da bölüşür. Onun sözlərinə görə, Əlibala Səlimov bələdiyyə torpaqlarını qanunsuz şəkildə qohumlarının istifadəsinə verib deyə, sakinlər heyvandarlıqla məşğul ola bilmir.

Narazı sakinlər şikayətləriylə bağlı məhkəməyə müraciət edib.

Sakinlər onu da deyir ki, illərlə aidiyyəti orqanlara şikayət etsələr də, bu, nəticə verməyib.

Bələdiyyə üzvü Vəfa Nağı artıq üç ildən çoxdur ki, keçmiş sədr Əlibala Səlimovun qanunvericiliyin tələblərini pozması barədə hüquq-mühafizə orqanları qarşısında məsələlər qaldırmaqdadır.

2020-ci il iyunun 19-da Vəfa Nağı kənd bələdiyyəsinin sədrinin rüşvət alması hallarının araşdırılması tələbi ilə Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd edib.

O bildirib ki, bələdiyyə sədri otlaq sahələrini qanunsuz olaraq icarəyə verir, kənd sakinlərinə ev tikmək üçün nəzərdə tutulan torpaq sahələrini rüşvət müqabilində verir.

Keçmiş bələdiyyə sədri ilə əlaqə saxlamaq mümkün olmasa da, Əlibala Səlimov bir müddət əvvəl jurnalistlərə açıqlamasında torpaqların zəbt edilməsi ilə bağlı iddia ilə razılaşmayıb. O bildirib ki, bələdiyyənin cəmi 352 hektar torpağı var və deyilənlərin hamısı yalan və böhtandır.

Örüş torpaqlarına gəlincə o bələdiyyənin nəzdində cəmi 9,5 hektar örüş torpaqları olduğunu və həmin torpaqdan kənd əhalisinin istifadə etdiyini deyib.

2002-ci ildən 2020-ci ilədək Xolqaraqaşlı Bələdiyyəsinin sədri vəzifəsində işləyən Əlibala Səlimov səhhəti səbəbindən istefa verdiyini bildirib.

Hazırki bələdiyyə sədri Elnur Səfərov suallarımıza cavab verməkdən imtina etdi.

Meydan TV
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook