Neft ucuzlaşdı, Bakıda dollar bahalaşdı
Yanvar 06
17:52
2016
Bu gün dünya bazarlarında Brent neftinin 6,3% ucuzlaşaraq barrelinin qiymətinin 34,85 dollara düşməsindən sonra Bakıda dolların satış qiymətində artım müşahidə olunur.
Digər bir məlumata görə, Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün, ənənəvi olaraq saat 11:30-da keçirdiyi valyuta hərracını təxirə salıb.
Bu gün, günün ilk yarısında Bakı şəhərinin mərkəzində yerləşən valyutadəyişmə məntəqələrində alış-satış əməliyyatları müvafiq olaraq 1,62-1,64 AZN/USD məzənnəsi ilə aparılırdısa, hazır satış məzənnəsi bəzi "exchange”lərdə 1,67-1,70 AZN/USD-yə yüksəlib, alış qiyməti isə əsasən sabit qalıb.
Günün ikinci yarısında da (15:30-da) AMB valyuta hərracı keçirməsə, daxili bazarda nağd ABŞ dollarının məzənnəsinin artacağını ehtimal etmək olar.
Digər bir məlumata görə, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gələn həftədən etibarən yenidən daxili banklararası bazarda valyuta satışına başlaması gözlənilir. Fondun valyuta bazarına qayıdışı dollar qıtlığını bir qədər də olsa aradan qaldıra bilər.
Qeyd edək ki, Manat "üzür”. Onun qiymətinin formalaşmasına fundamental amillər, yəni neftin qiyməti, qlobal valyuta bazarında baş verən proseslər, iqtisadi məlumatlar, makroiqtisadi göstəricilər, dövlətin siyasəti, siyasi dəyişmələr, qiymət tendensiyaları, gələcək ehtimallar, hərbi münaqişlər və s. təsir göstərir.
(marja)