Neft ərazilərini zəbt edən makler həbs edildi - FOTO/VİDEO
Aprel 27
19:39
2021
Xəzər rayonunda dələduzluq edən makler Azər Cəbrayılov həbs edilib.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Qeyd edək ki, Azər Cəbrayılovun qanunsuz əməlləri barədə mətbuatda da geniş araşdırmalara yer verilib.
O, Maştağa və Buzovnada SOCAR-a məxsus torpaqları zəbt edib, tikinti işləri aparması ilə gündəmə gəlib. Azər Cəbrayılov neft quyularının yaxınlığında qanunsuz tikdiyi evləri daha sonra müxtəlif şəxslərə satıb.
Sakinlərin dediyinə görə, Azər Cəbrayılovla SOCAR əməkdaşları arasında bir neçə dəfə qarşıdurma da yaranıb. O, ətrafına topladığı şəxslərlə H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşlarına və mühafizəçilərə hücum çəkərək tikinti işlərinin qarşısının alınması üçün görülən tədbirlərə mane olub.
Sakinlərin bildirdiyinə görə, Azər Cəbrayılov neft quyularının yaxınlığında tikdiyi evləri satmaq üçün bir çox ailələrə yalan vədlər verib: məsələn yaxınlıqdakı neft quyusu işləmir, yaxud bir neçə ay sonra həmin neft quyusu söküləcək, bu ərazilər abadlaşdırılacaq və sair. Təbii ki, bunların heç biri gerçəkləşməyib və hazırda bir çox ailə neft quyularının ətrafında təhlükəli, normal yaşayış üçün heç bir şəraiti olmayan, üfunət qoxulu ərazilərdə yaşamağa məcbur qalıb.