SON XƏBƏR

Nazirliyin maliyyə rəisi mühafizə tenderlərini tələbə yoldaşına verir? - Şikayət

Oktyabr 13
10:05 2023
Siyəzən rayon sakini Dünyamalıyev Elxan Sabir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, "Alov" və "Vətən" mühafizə xidmətlərində haqsızlıqla qarşılaşıb:

"Mən, Dünyamalıyev Elxan Sabir oğlu, Siyəzən rayon sakiniyəm, 2016-ci ildən "Riyad” Mühafizə Xidmətində işləmişəm. Hansı ki, vergi vermədiyi üçün dövlət bu mühafizə xidmətini ləğv etdi. Onlar yenidən "Alov" və "Vətən" adlı mühafizə xidmətlərii yaradıb, fəailiyyətə başladılar.

Bölgələrə rəislər təyin edildi. Rəis yaxşı işləsə hər kəs də yaxşı pul alırdı.

2016-cı ildən Bakıda və bütün rayonlarda nə qədər internat məktəbləri varsa, hamısının mühafizəsi İlqar Rzayevə həvalə edildi. Çünki onun tələbə yoldaşı Rauf Orucov Təhsil Nazirliyində Maliyə idarəsinin rəisidir. Məktəblərə mühafizə lazım olarsa, bu iş İlqar Rzayevə verilirdi.

Mən mühafizə xidmətindən özüm çıxdım, bəzi haqsızlıqlara dözmədim. Bizə tapşırıldı ki, kim rayonlarda və Bakıda müqavilə bağlasa idarəyə hər ay pul ödəməlidir. Bəzi həmkarlarım kimi, mən də işdən ayrıldım.

2022-ci ildə "Vətən" Mühafizə Xidmətinin rəis müavini Qüdrət Abıyev mənə zəng etib dedi ki, işləmək istəsən gəl işlə. Razılaşmadım, çünki orada yeyinti vardı və maaşların 6 ayı verilmirdi. Üstəlik, işçilərə kartla pul verilmirdi, çünki vergidən yayınırdılar.

Ötən il dekabr ayında İlqar Rzayev mənə zəng vurub bildirdi ki, "Elxan, səndən xahiş edirəm təcili işə gəl, mənə kömək lazımdır”. Dedi ki, sənə inanıram, xahiş edirəm get Siyəzənə, orada mühafizəçilər dalaşıblar. Bu barədə direktor Ruhiyyə müəllimə məlumat veribmiş. Ora getdim, işçiləri dəyişdim, yeni işçilər götürdüm, iş qaydasına düşdü. Əvvəl işdən çıxarılan işçilərin əmək haqqları verilməmişdi, mən də bu münasibətlə İlqar Rzayevə müraciət etdim. Ona bildirdim ki, işçilər deyirlər 6 aydır maaşımız verilmir. O, mənə dedi ki, "Elxan, mənim vəziyyətim pisdir, evimi, maşınımı satmışam, artıq sən tanıdığın İlqar deyiləm, metroyla gedib-gəlirəm işə”. Məni işə dəvət edəndə də bildirmişdi ki, vəziyyəti pisdi. Amma dedi ki, işlər düzəlsin, sənin maaşını da verəcəm. İnsanlıq halıdır deyib, ona kömək etmişdim.

Amma artıq mən də ailəliyəm, uşağım var, evimə çörək pulu aparmalıyam. Bunları İlqar müəllimə dedim. O isə mənə dedi ki, "sən işçilərin kartlarını götürərdin, hər ay onlara 250 manat pul verərdin, qalanını da özünə götürərdin. Sənə demişdim axı heç kəsə kart vermə, rayonlarda hər kəs bu yolla dolanır. Əlavə də 100 manat vurardım karta”. Əlbəttə, bununla razılaşmadım.

Artıq neçə ay idi işləyirdim, lakin pul almırdım. Ona bu iradımı yenidən bildirdim, mənə dedi ki, "məndən çox adam şikayətçidir, get sən də şikayətçi ol, heç kəs mənə heç nə edə bilməz”. Öz səs yazısını ona atdım, hansı kı, mənə işçilərin haqqına girməyi öyrədirdi. Başladı ki, heç kəsə heç nə demə, həll edək.

Bir müddət sonra xidmət rəisinin müavini Qüdrət Abıyev mənə zəng vurub dedi ki, Etibar Qasımov səninlə görüşmək istəyir. Dedim gəlməyəcəm, bezmişəm artıq sizin yalanlarınızdan. Mənə dedi ki, gəl, maaşını da verəcək. Getdim, görüşdük, söhbət etdik. Mənə əmək haqqımdan 1000 manat da pul verdi, dedi ki, İlqara da deyəcəm, gedib maaşını tam götürərsən.

Etibar Qasımov 2 gün sonra məni yenidən işə çağırdı. Maaşımı xatırlatdıqda, dedi ki, İlqarla aram dəyib, səbrli ol, veriləcək. Əlavə etdi ki, istəyirsən, gəl sənə iş verim, 350 manat maaşa işlə. Razılaşmadım, çünki eyni vəziyyətlə artıq 3-cü dəfə qarşılaşmaq istəmirdim.

Etibar Qasımov həmçinin bildirdi ki, "İlqarın qardaşı oğlu Rafiq Rzayev məni yarım milyon ziyana salıb, çaşıb vergiyə əsl sənədləri göndərib və məni cərmələyiblər”.

Mən onlardan haqqım olan maaşımı istəyirəm. Özlərinə də dedim ki, mənim pulumu verin, yoxsa şikayət edəcəm. İndi məndən maaş əvəzi verdikləri 1000 manatı tələb edirlər ki, pulu ver, sonra get hara istəyirsən şikayət et.

Əlimdə yetərincə sənədlər və səs yazıları var, xahiş edirəm mənə kömək edin, onların qanunsuz əməllərini aşkara çıxarım”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook