Nazirlikdən vergi ödəməyən müğənnilərə - Son xəbərdarlıq
Dekabr 15
19:20
2015
"Şou-biznes nümayəndələrinin gəlir vergisi ödəməməsi uzun müddət davam etməyəcək".
Bu sözləri vergilər nazirinin I müavini Natiq Əmirov mətbuata açıqlamasında bildirib. N. Əmirov bildirib ki, dünyada ən doğru vergiyə cəlb olunma mexanizmi əldə edilmiş gəlirlərə görə müəyyənləşdirilən vergilərdir:
"Yəni, hər kəs özünün qazandığı, əldə etdiyi gəlirlərinə münasib vergilərini ödəməlidir. Bunun üçün ən mühüm şərt gəlir və xərclərin şəffaf uçotunun aparılmasıdır.
Bizim şou-biznes nümayəndələrinin əldə etdiyi gəlir və xərclərinin uçotu yoxdur. Bu insanlardan bir qismi obyektiv, digər qismi isə subyektiv səbəbdən bizə öz gəlir və xərclərinin uçotunu təqdim etməkdə həvəsli deyil. Bir sıra hallarda biz onların gəlirlərini əldə edə bilərik. Ən azı toyları müşahidə edə bilərik. Vergilər Nazirliyinin imkanı var ki, konkret bir musiqiçini nəzarətə götürsün və onun bütün toylarını izləsin, gəlirlərini hesablasın və buna müvafiq olaraq vergini hesablasın.
Şou-biznes nümayəndələrindən gəlirləri və xərclərini bəyan etmələrini və vergiləri ödəmələri xahiş olunub, lakin bu da bir nəticə verməzsə, onların da vergiyə cəlb olunması üçün lazımi mexanizm tapılacaq” (APA).
Qeyd edək ki, məşhur müğənnilərin vergidən yayınması haqda "Yeni Müsavat”ın Vergilər Nazirliyinə ünvanladığı sorğuya cavab olaraq bildirilmişdi ki, bu sahə ilə məşğul olan şəxslər fəaliyyətə başladıqları günədək yaşadıqları yer üzrə vergi orqanında vergi ödəyicisi kimi uçota alınmalıdırlar. Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, həmin şəxslərin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 120.000 manat və ondan az olduqda onlar sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər.
Müğənnilik fəaliyyəti ilə bağlı əldə olunan gəlirlərdən Bakı şəhərində 4 faiz, digər şəhər və rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödənilir.
Bu fəaliyyətlə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədikləri halda, onlar gəlir vergisinin ödəyicisi olurlar və həmin şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlərindən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri çıxıldıqdan sonra, qalan məbləğ 20 faiz dərəcə ilə gəlir vergisinə cəlb edilir.
Şou-biznes nümayəndələrinin istəlinən ayda 120 min manat gəliri olarsa dövlət büdcəsinə əlavə gəlir ödənilməlidir.