NAXÇIVANDA İLK DƏFƏ OLARAQ DOKTORANT VƏ DİSSERTANLARIN MİNİMUM İMTAHANI KEÇİRİLİB
Fevral 03
13:36
2016
Azərbaycan Respublikasının ali məktəblər ailəsində özünəməxsus yer tutan Naxçıvan Dövlət Universiteti, möhkəm milli əsaslara malik olan, dövlətçilik təmayüllü müasir tipli ali təhsil ocağıdır. Burada yaradılan yüksək maddi- texniki baza elm və təhsilin inteqrasiyası əsasında yüksəkixtisaslı kadrların hazırlanmasına şərait yaradır.
Universitetdə artıq 2012-ci ildən müvəffəqiyyətlə keçirilən elektron imtahanlar tədrisdə müasir texnologiyaların tətbiqi baxımından zəruridir. Yanvar ayının 29-da ali təhsil ocağında bu sahədə daha bir ilkə imza atılıb. Belə ki, Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində doktorant və dissertantlar informatika fənnindən elektron-test üsulu minimum imtahanı veriblər.
Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti ilə AMEA İnformasiya Texnologiyaları İnstitutu arasında əldə olunmuş razılığa əsasən, imtahanlara hazırlıq məqsədilə doktorant və dissertantlar üçün tədris ilinin əvvəlindən həftədə bir dəfə onlayn dərslər keçirilib. Bu dərslərdə informatikanın nəzəri və praktik əsasları AMEA İnformasiya Texnologiyaları İnstitutunun yüksək səviyyəli mütəxəssisləri tərəfindən onlayn şəkildə tədris olunub, elmi fəaliyyətdə informasiya texnologiyalarından istifadə vərdişləri aşılanıb.
Məlumat üçün qeyd edək ki, 2011-ci ildən Naxçıvanda yaşayan doktorant və dissertantlar tədris olunan dərsləri məsafədən izləyirlər.
Keçirilən namizədlik minimum imtahanında 28 nəfər elmi tədqiqatçı iştirak edib. Onlara 50 sual təqdim olunub. İmtahan qaydalarına əsasən 25 suala düzgün cavab verənlər məqbul qiymət almış olurlar.
Həmin imtahanlara nəzarət etmək məqsədilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Naxçıvan Dövlət Universitetinə təhkim olunub, həmçinin imtahan prosesi sözügedən İnstitutun rəhbərliyi tərəfindən video-müşahidə sistemi vasitəsilə də canlı olaraq izlənilib.
Bizimlə söhbət əsnasında elmi tədqiqatçılar yaradılan şəraitə görə Muxtar Respublika rəhbərliyinə minnətdarlıq edərək bildirdilər ki,- "Əvvəllər imtahan vermək üçün Bakı şəhərinə gedirdik, indi isə yaşadığımız Naxçıvan torpağında bizim üçün bu şərait yaradılıb. Dərslərdən sonra imtahanların da Naxçıvanda təşkili burada təhsil alan doktorant və disertantların ürəyicə olub”.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları isə öz növbələrində Naxçıvan Dövlət Universitetində yaradılan şəraiti yüksək qiymətləndirdilər.
Doktorant və dissertantlar informatika fənni üzrə elektron-test üsulu ilə şəffaf şəkildə minimum imtahanı veriblər, onların bilikləri obyektiv olaraq qiymətləndirilib.
Qlobal.az





