SON XƏBƏR

Naxçıvanda tarixi və mədəniyyət abidələrinin bərpası diqqət mərkəzindədir

Mart 05
11:21 2016
Əlincəqalanın və Gülüstan türbəsinin bərpası uğurla aparılır
 
Qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan Muxtar Respublikasının ərazisi min illərin tarixini yaşadan qədim yaşayış yerləri, tarixi abidələrlə zəngindir. Buradakı mağaralar, qədim yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələr tarixin dərin qatlarından xəbər verir.
 
Muxtar respublika ərazisində yerləşən tarix və mədəniyyət abidələri tariximizin daş yaddaşı kimi qorunur, onların bərpası diqqət mərkəzində saxlanılır.
 
Son illər Möminə xatın türbəsi, Qarabağlar Memarlıq Kompleksi konservasiya edilib, "Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində yenidənqurma işləri aparılıb, Yusif Küseyiroğlu və Nuh türbələri, "İmamzadə”, muxtar respublika ərazisindəki Buzxana abidələri, "Came” məscidi, Zaviyə mədrəsəsi, İsmayılxan hamamı, Xan sarayı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə, Naxçıvanqala və digər tarixi abidələr əsaslı şəkildə bərpa olunub.
 
Ümumiyyətlə, son 21 ildə muxtar respublikada 70-ə yaxın tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa edilib. Hazırda Əlincə qalasında və Gülüstan türbəsində bərpa işləri aparılır.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə "Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında”, 2010-cu ildə "Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında”, 2011-ci ildə "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılması haqqında”, 2013-cü ildə "Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında”, 2014-cü ildə "Culfa rayonundakı "Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” imzaladığı sərəncamlar tarixi-mədəni irsimizin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyətə malik olan sənədlərdir.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il dekabrın 6-da imzaladığı Sərəncamın icrası ilə əlaqədar muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri qeydə alınıb pasportlaşdırılıb. Bu gün bərpa olunan Əlincəqala haqqında da ətraflı məlumat toplanılıb, lazımi tədqiqat işləri aparılıb. Bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil olunub.
 
2014-cü il fevralın 11-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri "Culfa rayonundakı "Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncam imzalayıb. Bu gün Əlincəqalada genişmiqyaslı bərpa işləri həmin sərəncama uyğun aparılır. "Əlincəqala” tədqiqat qrupunun rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bu tarixi abidə barədə danışarkən dedi ki, qalanın iki əsas girişi olub. Girişlərdən biri Culfa-Qazançı yolunun sağ tərəfindədir. Bərpa işlərinə bu hissədən başlanması məqsədəuyğun hesab edilib və Əlincə dağının müəyyən hissəsinə qədər, daha doğrusu, qala istehkamlarınadək yol çəkilib. Buna baxmayaraq, bərpa üçün zəruri olan tikinti materialları qalaya əllə və digər yardımçı vasitələrlə qaldırılıb. Qısa zamanda qalanın şərq və qərb darvazaları bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. İri qaya parçalarından inşa edilən qala divarlarının bərkidilməsi üçün, əsasən, əhəng məhlulundan istifadə edilib. Təmir və bərpa işlərinə rəhbərlik edənlər nəinki divarların əslinə uyğun şəkildə bərpasına səy göstərib, həmçinin bu əvəzedilməz abidənin neçə min il bundan əvvəlki əzəmətli görkəmini də göstərməyə nail olublar. Vəli Baxşəliyev bildirdi ki, qalanın yuxarı səki hissəsindəki binaların bir qismi vaxtilə yaşayış sahəsi, bir qismi isə ictimai bina kimi istifadə olunub. Burada süvarilərin atlarını saxladığı tövlələr, ərzaq anbarları və çörək bişirmək üçün təndirlər aşkar edilib. Evlərin qızdırılmasında kiçik təndirlərdən və buxarılardan istifadə olunub. Bir-birinin yaxınlığında yerləşən evlər, əsasən, birotaqlıdır. Bəzi otaqların arxa divarlarında dördkünc formalı taxçalar, evlərin içərisində isə kiçik təndirlər, həvənglər, əl dəyirmanları aşkarlanıb. Bir sözlə, təmir-bərpa işləri zamanı qalada yaşayan insanların həyat tərzini özündə əks etdirən xeyli faktlar üzə çıxarılıb. Bərpa işləri zamanı torpaq altında qalan çoxlu sayda binanın aşkarlanaraq təmizləndiyini deyən "Əlincəqala” tədqiqat qrupunun rəhbəri bildirib ki, qalada suya olan tələbatı ödəmək üçün su hovuzlarından və kəhrizlərdən istifadə olunub. Hovuzlarda suyu toplamaq məqsədilə sərt qayaların üzəri ilə kiçik kanallar açılıb. Onlardan bəzisinin uzunluğu 20 metr, eni 5 metrə yaxındır. Bəzilərinin dərinliyi isə 3 metrdir. Yaz aylarında yağış çox yağanda bəzən suyun hamısını hovuzlarda toplamaq olmurdu. Buna görə qala sakinləri yeraltı suları idarə etmək üçün səy göstərib, qalanın bəzi hissələrində yeraltı suları üzə çıxarmağa nail olublar.
 
Son illər aparılan araşdırmalar zamanı Əlincəqalanın şərq tərəfində aşkar olunan kəhrizlər də suya olan tələbatın ödənilməsi üçün mühüm rol oynayıb. Gülüstan türbəsində aparılan bərpa işləri isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il oktyabrın 7-də imzaladığı "Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncama uyğun həyata keçirilir. Orta əsr Azərbaycan mədəniyyətini müasir dövrümüzədək yaşadan Gülüstan türbəsi xatirə memarlığının ən dəyərli nümunələrindən biri, Əcəmi Naxçıvani memarlıq məktəbinin yadigarı kimi böyük əhəmiyyətə malikdir.
 
Buna görə də AMEA Naxçıvan Bölməsinə Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə bərpa işlərinin elmi əsaslarla aparılmasının təmin olunması tapşırılıb. Həmçinin sərəncamla AMEA Naxçıvan Bölməsinə "Gülüstan türbəsi” tədqiqat qrupunun yaradılması, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinə və "Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına bərpadan sonra Gülüstan türbəsinin ziyarətçilərə açıq olması üçün zəruri tədbirlər görülməsi barədə tapşırıqlar verilib.
 
"Gülüstan türbəsi” tədqiqat qrupunun rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli bizimlə söhbətdə bildirdi ki, "Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncamın imzalanmasından bir gün sonra, yəni 2015-ci il oktyabrın 8-də AMEA Naxçıvan Bölməsində tədqiqatçıları özündə birləşdirən "Gülüstan türbəsi” tədqiqat qrupu yaradılıb.
 
Həmin il oktyabrın 12-də tədqiqat qrupunun ilk yığıncağı keçirilib və qarşıda duran vəzifələr müəyyənləşdirilib. Fəxrəddin Səfərli dedi ki, Naxçıvan memarlıq məktəbinin ən gözəl nümunələrindən sayılan, Azərbaycanın qülləvarı türbələri sırasına daxil olan abidə iki hissədən – sərdabə və türbədən ibarətdir. Digər türbələrdə sərdabə hissəsi yerin altında yerləşdirildiyi halda, burada yerin səthindən yuxarıda inşa olunub. Türbənin aşağı hissəsini təşkil edən yonulmuş daşdan tikilmiş kürsülük xaricdən kəsik piramida şəklindədir, daxildən silindrik quruluşa malikdir. Yuxarı hissə isə 12 üzlü qüllədən ibarətdir. Qüllənin bütün üzlərində yaradılan taxçaların içərisinin çox incə şəkildə işlənmiş naxışlarla və ornamentlərlə doldurulduğunu deyən tədqiqat qrupunun rəhbəri qeyd etdi ki, türbənin daş üzərində oyulmuş ornamentləri zənginliyi, incəliyi, zərifliyi və mürəkkəbliyi ilə seçilir.
 
Yüksək sənətkarlıqla işlənmiş ornamentlərin taxçalarda təkrarı ancaq yaxından baxarkən hiss edilir. Bu naxış və ornamentləri yalnız Naxçıvan şəhərində 1186-cı ildə Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilmiş Möminə xatın türbəsinin ornamentləri ilə müqayisə etmək olar. Əminliklə deyə bilərik ki, muxtar respublikamızın ərazisindəki tarixi abidələr qədim diyarımızın şanlı keçmişini özündə yaşatmaqla bərabər, həm də müasir dövrdə turizm potensialının artmasına xidmət edir. Bu gün Naxçıvan tarixi abidələr və görməli yerlər üzrə səyahət turizminin ən ideal məkanlarındandır. Muxtar respublikamıza səfər edən hər bir qonaq buradan xoş təəssüratlarla ayrılır.
 
Bu mənada, Naxçıvanda tarixi abidələrin bərpası, geniş tədqiqi və təbliği bütün Azərbaycan xalqı kimi, xarici qonaqlar tərəfindən də rəğbətlə qarşılanır.
 
şerqqapısı



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook