Naxçıvanda gənc rəssamın “Rənglərin səsi” adlı fərdi sərgisi təşkil olunub
Avqust 09
10:54
2016
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Dövlət Universitetinin tələbəsi Səbrəli Məmmədovun "Rənglərin səsi” adlı fərdi rəsm sərgisi təşkil edilib.
Qlobal.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərgiyə baxışdan əvvəl Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva çıxış edib, gənc rəssamın bacarıq və qabiliyyətindən söhbət açıb.
Bildirilib ki, bu sahəyə böyük həvəsi olan Səbrəli Məmmədov tez-tez Rəssamlar Birliyinə müraciət edir, istedadlı rəssamların təcrübələrindən faydalanır, onlardan dəyərli məsləhətlər alır. Ülviyyə Həmzəyeva belə gənclərin istedadlarının üzə çıxarılması, cəmiyyətdə tanınması məqsədilə muxtar respublikanın yaradıcı təşkilatları üçün hərtərəfli şəraitin təmin edildiyini deyib.
Sənətşünas Nizami Alıyev tələbəsini təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb, istedadlı gənc rəssamın bundan sonra da maraqlı əsərlərlə tamaşaçılar qarşısına çıxacağına əminliyini ifadə edib.
Səbrəli Məmmədovun babası Allahverdi Nəbiyev nəvəsi ilə qürur duyduğunu, bundan sonrakı işlərində də onu daim dəstəkləyəcəklərini vurğulayıb. Nəvəsi də daxil olmaqla, gənclər üçün belə şərait yaradanlara, tədbirlərin təşkilatçılarına minnətdarlığını bildirib.
Daha sonra sərgiyə baxış olub.
Qeyd edək ki, sərgidə rəssamın kətan üzərində yağlı boya ilə çəkilmiş 40-a yaxın müxtəlif mövzulu əsərləri yer alıb.
Qlobal.az