SON XƏBƏR

Naxçıvanda Azərbaycan Kinosu Günü qeyd olundu

Avqust 03
11:23 2016
Naxçıvan şəhərindəki Gənclik Mərkəzində 2 Avqust - Azərbaycan Kinosu Günü münasibətilə tədbir keçirilib.
 
Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində Azərbaycan Kinosu Gününə həsr edilmiş sərgi ilə tanış olublar.
 
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova tədbirdə çıxış edərək Azərbaycan kinosunun tarixindən danışıb. Bildirib ki, 1935-ci ildə çəkilən "Mavi dənizin sahilində” bədii filmi kino tariximizə Azərbaycanda ilk səsli kino kimi daxil olub. Dünya kinosunun 100 illiyi münasibətilə ən nüfuzlu kinoşünaslar arasında keçirilən sorğuya əsasən, bu film dünya kinosunun ən yaxşı 10 ekran əsəri siyahısına salınıb. Azərbaycan kino sənətinin inkişafında bu dövrdə Naxçıvan torpağının yetirdiyi görkəmli sənətkarlardan olan Rza Təhmasib də fəal iştirak edib. 1945-ci ildə çəkilən "Arşın mal alan” filmindən sonra Azərbaycan kinosunda musiqili ekran janrına meyil güclənib.
 
Nazir qeyd edib ki, Azərbaycan kino tarixinin əsl inkişaf dövrü sayılan 1970-1980-ci illərdə kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən, mədəniyyətimizin qızıl fonduna daxil olan tarixi filmlər yaradılıb, digər görkəmli əsərlər ekranlaşdırılıb, sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkilib. Azərbaycan kinosunun bir sıra filmləri bu illərdə beynəlxalq kino festivallarında və müsabiqələrdə yüksək mükafatlar alıb. Müstəqillik illərində də kinoya xüsusi diqqət yönəldilməsi məhz Ulu Öndərin adı ilə bağlıdır. Dahi rəhbərin 1998-ci il avqustun 19-da imzaladığı Fərman ilə "Kinematoqrafiya haqqında” Qanun qəbul edilib.
 
Natəvan Qədimova vurğulayıb ki, bu gün Ümummilli Liderimizin kinonun inkişafı üçün gördüyü işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının 2007-ci il fevralın 23-də imzaladığı "Kino sənətinin inkişafı haqqında” Sərəncam bunun bariz ifadəsidir. Digər bir qayğı isə Prezident İlham Əliyevin 2008-ci il avqustun 4-də imzaladığı Sərəncam ilə "Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsidir.
 
Qeyd olunub ki, müstəqillik illərində çəkilən "Ovsunçu”, "Yuxu”, "Aktrisa”, "Sahə”, "İstanbul reysi”, "Qala”, "Hökmdarın taleyi”, "Çölçü”, "Sübhün səfiri”, "Tərsinə çevrilən dünya”, "Cavad xan”, "Buta”, "Nabat”, "Xoca”, "Dolu” və başqa bədii filmlər kinosevərlər tərəfindən maraqla qarşılanıb.
 
"Bu gün milli kinomuzun müraciət etdiyi mövzulardan biri də Qarabağ müharibəsidir. Azərbaycanlıların öz yurd-yuvalarından didərgin salınması, ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər bu filmlərin əsas süjet xəttini təşkil edir”, – deyən nazir diqqətə çatdırıb ki, son illər Azərbaycan kino sənəti Kann, Karlovı Varı, Berlin, Oberhauzen, Madrid, Moskva, Venesiya və başqa onlarla nüfuzlu festivallarda uğurla təmsil olunub.
 
Sonra Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov çıxış edərək Azərbaycan kinosunun inkişaf yolundan danışıb. Vurğulanıb ki, bu gün muxtar respublikada kinoya böyük diqqət göstərilir. Naxçıvan şəhərində Gənclik Mərkəzi, Şahbuz şəhərində "Araz”, Şərur şəhərində "Bahar” kinoteatrları, Babək rayonunda mədəniyyət evi ən müasir videoproyektorlarla, texniki avadanlıqlarla təchiz olunub.
 
Mirakif Seyidov qeyd edib ki, muxtar respublikada fəaliyyət göstərən Dövlət Film Fondu da hərtərəfli qayğı ilə əhatə edilib. Fondun Naxçıvan televiziyası, "Kanal 35” televiziyası, Gənclik Mərkəzi, kinoteatrlar, mədəniyyət müəssisələri, təhsil ocaqları və hərbi hissələrlə geniş əlaqələri vardır.
 
Tədbirin sonunda 1973-cü ildə çəkilmiş "Nəsimi” filmi nümayiş etdirilib. (Azərtac)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook