Naxçıvan və Acarıstan muxtar respublikaları arasında turizm əlaqələri genişlənir
Fevral 23
10:08
2016
Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Acarıstan Muxtar Respublikası hökuməti arasında 2012-ci ildə imzalanmış "Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında qardaşlıq və əməkdaşlığa dair Memorandum”dan sonra muxtar respublikalar arasında əlaqələr ilbəil genişlənir.
Əsasən hər iki region üzrə turizm infrastrukturunun genişləndirilməsi istiqamətində böyük işlər görülür, layihələr həyata keçirilir.
Azərbaycanın Batumidəki baş konsulluğunun məlumatına görə, Naxçıvandan turistləri gətirən ilk avtobus fevralın 20-da Batumi şəhərinə gəlib.
Turist avtobusunun qarşılanma mərasimində Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov, Acarıstan hökuməti aparatının protokol idarəsinin rəisi İrakli Beridze, Turizm Departamentinin məsul işçiləri, "Acara TV”nin müxbirləri iştirak ediblər.
Baş konsul R.İsmayılov jurnalistlərə müsahibəsində hər iki regionun turizm agentliklərinin sıx əməkdaşlığının vacibliyini vurğulayıb, qarşılıqlı təcrübə mübadiləsinin gələcək inkişaf perspektivləri üçün əsas məsələlərdən biri olduğunu qeyd edib.
Qarşılanma zamanı Naxçıvan şəhərindən gəlmiş qonaqlara müxtəlif hədiyyələr təqdim olunub.
Qlobal.az