SON XƏBƏR

Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyi təmin edilib

Oktyabr 21
01:17 2016
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il oktyabrın 13-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 20-si ölkəmizdə energetika sahəsində çalışanların peşə bayramı günü kimi qeyd olunur.
 
Bu gün ölkəmizdə regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının həyata keçirilməsi iqtisadiyyatın hərəkətverici qüvvəsi olan elektrik enerjisi sistemində də inkişafı təmin edib. Bütün bunların nəticəsidir ki, bir vaxtlar yalnız idxal hesabına elektrik enerjisinə olan tələbatını qismən ödəyən Naxçıvan Muxtar Respublikasında bu gün daxili istehsal hesabına ən ucqar dağ kəndi belə fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunur.
Belə ki, ötən əsrin 90-cı illərinin əvvəllərində blokada şəraitində yaşayan Naxçıvan ciddi enerji böhranı ilə üzləşən zaman ulu öndər Heydər Əliyevin apardığı danışıqlar nəticəsində 1993-cü ildə İran İslam Respublikasından 42 meqavat, Türkiyə Respublikasından isə 63 meqavat elektrik enerjisi nəqlinə başlanılıb. Bu dövrdən etibarən muxtar respublikada müxtəlif gücə malik transformator yarımstansiyaları quraşdırılıb, yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilib, idxal olunan elektrik enerjisinin itkisiz paylanması, avadanlıqların yüklənməsinin qarşısını almaq və enerji təchizatının etibarlılığını yüksəltmək məqsədilə ardıcıl tədbirlər görülüb.
 
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin mətbuat xidmətinin məlumatına əsasən, 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qazla iş rejiminə keçirilib, 220 kilovoltluq "Babək” yarımstansiyasında yenidənqurma işləri aparılıb. Həmin il ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası və Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası istismara verilib. 2010-cu ildə isə 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyasının, 2014-cü ildə Arpaçay Su Anbarı üzərində 20,5 və 1,4 meqavat gücündə 2 su elektrik stansiyasının, 2015-ci ildə 20 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi Naxçıvanın etibarlı enerji təminatına səbəb olub.
 
Muxtar respublikanın elektrik enerjisi tələbatı isti yay günlərində 80-85 meqavat, qalan dövrlərdə 50-55 meqavatdır. Hazırda muxtar respublikadakı 8 elektrik stansiyasının ümumi gücü 237,4 meqavat təşkil edir. Görülən işlərin nəticəsidir ki, Naxçıvanda alternativ və bərpa olunan elektrik stansiyalarında istehsal edilən enerji ümumi istehsalın 61,1 faizinə bərabərdir.
 
Enerji təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər əhalinin tələbatını ödəməklə yanaşı, həm də Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın davamlı inkişafını təmin edib. Buna görə də enerji təchizatının yaxşılaşdırılması və müasirləşdirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikada mövcud elektrik stansiyalarının, yarımstansiya və elektrik verilişi avadanlıqlarının təmiri ilə yanaşı, yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsi sahəsində də mühüm işlər görülür. Hazırda Araz çayı üzərində derivasiyatipli 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Culfa rayonunda isə gələcəkdə külək elektrik stansiyasının tikintisinin texniki-iqtisadi əsaslandırılması üçün ölçmə işləri aparılır. Həmçinin gücü 14 meqavat olan Tivi Su Elektrik Stansiyasının və 3,5 meqavat olan Qazançı Su Elektrik Stansiyasının tikintisinin texniki-iqtisadi əsaslandırılması hazırlanır.
 
Muxtar respublikada istehsal olunan elektrik enerjisinin istehlakçılara fasiləsiz və keyfiyyətli çatdırılması məqsədilə yeni transformator yarımstansiyaları tikilir, mövcud olanlar yenidən qurulur. Son illər "Xal-xal”, "Koroğlu”, "Xalçaçılıq”, "Şərur”, "Naxçıvan”, "Ordubad” və "Qıvraq” transformator yarımstansiyaları müasir şəkildə yenidən qurularaq istifadəyə verilib. Hazırda Şahbuz Rayon Elektrik Şəbəkəsi üçün yeni inzibati idarə binası və yeni 35/10 kilovoltluq transformator yarımstansiyasının tikintisi aparılır. Ümumiyyətlə, 2016-cı ilin ötən dövründə muxtar respublikanın şəhər və kəndlərində 28 yeni transformator quraşdırılıb, 38 kilometr uzunluğunda elektrik verilişi xətləri çəkilib.
 
Bu gün elektroenergetika sahəsində ixtisaslı kadr hazırlığına da xüsusi diqqət yetirilir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada elektrik stansiyalarının tikintisi və yenidən qurulması, elektrik təchizatı avadanlıqlarının quraşdırılması, bütövlükdə, yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli "Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı bu sahədə mühüm nailiyyətlərin əldə olunmasına şərait yaradır. Gənclərin istehsal və iş sahələrinə cəlbi onların təcrübi biliklərinin möhkəmləndirilməsinə və peşəkar kadr kimi yetişməsinə imkan verir.
 
Muxtar respublikanın energetikləri elektrik enerjisindən səmərəli istifadə olunması, enerji itkisinin minimum səviyyədə saxlanılması və sərfiyyata uyğun enerji dəyərinin ödənişinin təmin olunmasında səylə çalışırlar. Abonentlərin istifadə etdiyi elektrik enerjisinin dəqiq qeydiyyatını aparmaq üçün rəqəmsal elektron sayğaclar qoyulur, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilir. Hazırda Naxçıvan şəhərində smart-kart tipli sayğacların quraşdırılması davam etdirilir. Həmçinin əməkdaşlar tərəfindən elektrik enerjisindən səmərəli istifadə edilməsi, israfçılığın, elektrik enerjisindən qanunsuz və sayğacdankənar istifadə edilməsinin qarşısının alınması məqsədilə mütəmadi reydlər keçirilir.
 
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook