SON XƏBƏR

Naxçıvan keçmiş gələcəyin memarıdır - NAXÇIVAN TƏƏSURATLARI

Avqust 14
22:23 2016
Mahiyyət etibarı ilə böyük, əhəmiyyətli hadisələr bəzən səssiz-səmirsiz gerçəkləşərək həyatımıza yenilik ovqatı gətirir, ətrafımızı canlandırır. Vaxt ötdükcə, onları diqqətlə izləyərkən anlayırsan ki, baş verənlər adi, sıradan bir iş, dəyişiklik deyilmiş. Naxçıvan məndə məhz bu hisləri oyadır.
 
Son dövrlərdə ikinci dəfə idi, qədim torpağa gəlirdim. Bu səfər zamanı muxtar respublikanın bir çox tarixi ocaqlarını, kənd və obalarını bir də gəzdim, o çoxsaylı özəllikləri, nadir xüsusisyyətləri bir də nəzərdən keçirdim və bir daha əmin oldum ki, Naxçıvan, doğrudan da, sirlər diyarıdır, təkrarolunmaz tarixi məkandır və indi özünün növbəti intibah dövrünü yaşayır.



"Gözəlləşir” ifadəsini bilərəkdən işlətmədim, çünki Naxçıvan bütün güşələri ilə həmişə gözəl və əsrarəngizdir. Müasir dövrdə özünü yenidən ifadə etməklə sanki bildirir ki, başqa yerlərə bənzəmək niyyətindən uzaqdır və tarixən necə olubsa, o görkəmdə də qalmaq istəyir. Lakin zaman öz işini görür və nahaq yerə deməyiblər ki, hər şey zamana, zaman isə heç nəyə baxmır.
 
Keçmişin siması Naxçıvanda böyük sevgi ilə bərpa olunur. Nuh Peyğəmbərin qəbirüstü abidəsi və Möminə Xatın məqbərəsi, qədim qala kompleksi, Gəmiqaya, Xan sarayı və digər abidələr adamı şüuraltı keçmişə aparır və təsəvvürdəki çizgilərlə tarixi həqiqətlərin ünsiyyəti yaranır. Adətən, belə hislər təbii sakrallıq, mistik ab-havadan qaynaqlanır ki, bunlar Naxçıvan torpağında daim hiss olunur. Məncə, elə ona görə bu diyarda özünüdərklə özünüifadə duyğuları bir nöqtədə kəsişir.
 
Tarixin ötürücülük missiyası
 
Naxçıvan diyarından bəhs edərkən bir həqiqət özünü müxtəlif formalarda ifadə edir – Azərbaycanın qədim, zəngin tarixə malik bu məkanı dünəndən sabaha inamla irəliləyir və bununla "Keçmiş gələcəyin meyarıdır” qənaətini təsdiqləyir.
 
Müxtar respublikada həyata keçirilən islahatlar, yenidənqurma işləri müasir tarixin zühurunu şərtləndirən əsas amildir və hər şey böyük həvəs, təbii istəklə reallaşdırılır. Bu tarixi missiyanın icraçıları üçün "İnsanın gördüyü işlə üzvü bağlılığı uğurlu sonluğun açarıdır” həqiqəti başlıca fəaliyyət devizidir.
 
Əlincəqala kompleksi, onun turizm obyekti kimi tanınması olduqca müsbət haldır. Qalanın ışıq-illuminasiya tərtibatına, kompleksin nəzdindəki tarix-mədəniyyət muzey kompleksinə heyran qalmamaq olmur. Elmi tədqiqatlarla məşğul olan muzeyin rəhbəri Kamal Xanəgahlı tez-tez ziyarətçilərə bələdçiliyi özü edir və bunu tətbiqi fəaliyyət sayır. Amma bu, tək elm və sənətə sevgi məsələsi deyil – alim yaradıcı prosesə o qədər bağlıdır ki, Vətənin keçmişindən, tarixin keşməkeşlərindən danışarkan bəzən saatlarla ayaqüstü diskussiyalardan ayrıla bilmir. Ünsiyyət əsnasında ziyarətçilər də bəzən maraqlı fikir bildirir, faktlar sadalayır, keçmişin özəllikləri barədə dəyərli məlumatlar verirlər.

 

Bəllidir ki, keçmiş zəncirvari bəndlərlə bu günümüzə gəlib çıxıb və tarixin dirəkləri müəlliflər tərəfindən heç də oxşar tərzdə interpretasiya edilmir. Həqiqəti olduğu kimi təsvir etməyin yolu müqayisəli təhlil bazasından keçir, mənbələrin tutuşdurulması vasitəsi ilə təşəkkül tapır. Kamal Xanəgahlı, onun həmkarları, peşəkar jurnalist və teatr öncülü, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Səməd Canbəxşiyev kimi vətəni qarış-qarış gəzib tədqiq etməklə bir qayəyə qulluq göstərirlər – qədim diyarın keçmişini yaşatmağa!
 
Tarix, bir elm kimi, kodlar toplumudur və onlar bir çox hallarda açar rolunu oynayır. Həyatın dərinliklərini öyrənmək gələcəyi işıqlandırmaq anlamına gəlir. Adı çəkilən və çəkilməyən yüzlərlə vicdanlı insanın çalışdığı odur ki, əməl və fəaliyyətləri ilə tarixin ötürücülük missiyasını şərəflə yerinə yetirsinlər. Bu isə o missiyadır ki, nəsilləri bir-birinə bağlayır.
 
İnkişaf gələcəyin təminatı kimi
 
Naxçıvan qədim olduğu kimi, həm də müasirdir. Paytaxt, həmçinin digər şəhər və qəsəbələr zamanla ayaqlaşmaq üçün böyük məsafə qət ediblər. Naxçıvanda şəhərsalma işi, küçə və meydanların səliqə-sahmanı, müasir memarlıq üslublarından bacarıqla istifadə geniş vüsət alıb. Ən gözəçarpan nailiyyətlərdən biri isə rahat yolların salınması, onların yüksək keyfiyyətli olmasıdır. Yol mədəniyyət rəmzidir və müasir düşüncə daşıyıcıları yolların keyfiyyətini iqtisadiyyatın göstəricisi kimi qiymətləndirirlər. Belə yanaşmada böyük həqiqət var. Əvvəla, Naxçıvanın xariclə birbaşa əlaqələri var. İki qonşu dövlətdən bura gələn avtonəqliyyat vasitələri ilə tək turistlərin deyil, həm də mal, müxtəlif məhsulların, texnologiyaların daşınması təmin edilir.
 
Xariclə iqtisadi əlaqələrin inkişafı bir çox hallarda daşınmaların həcmi, keyfiyyəti və müddəti ilə şərtlənir. Ona görə də muxtar respublikanın hökuməti nəqliyyat-kommunikasiya sisteminin inkişafını prioritet kimi müəyyən edib və bununla da davamlı, dayanıqlı inkişafa vacib impuls verib.
 
Hazırda muxtar respublikada əsl tikinti bumu yaşanır. Mənzil tikintisi, şəhərlərin abadlaşdırılması, parksalma, yol boyunca yaşıllaşdırma layihəsi – bütün bunlar artıq uğurlu həllini tapmış proqramlardır və mərhələli şəkildə həyata keçirilir.
 
Bədnam qonşu amili olmasaydı, Naxçıvan Muxtar Respublikası bu gün daha yüksək inkişaf səviyyəsində ola bilərdi. Uzun müddət blokada şəraitində olması burada öz izini qoyub, ancaq indi bu mövzu yalnız yaxın keçmişin acı xatirəsidir. Naxçıvan anklav ərazisi kimi artıq sıxıntı keçirmir və Ermənistan Azərbaycanın bu qədim diyarının inkişafını əngəlləməkdə tam acizdir. Bu isə o deməkdir ki, Naxçıvan Azərbaycan hökumətinin müəyyənləşdirdiyi kursla hərəkət edir, ən optimal ritmə uyğun pozitiv nümunə göstərir.
 
Burada yaşayan insanların əcdadları neçə-neçə çətin imtahanlardan alnıaçıq çıxıblar. Onların xələfləri isə zamanın çağırışlarına necə cavab verəcəkləri barədə tərəddüdlərə dalmayıb, dürüst düşünülmüş fəaliyyətə üstünlük verirlər. Bunun nə ilə nəticələnməsi isə göz önündədir...
 
Tofiq ABBASOV
(Naxcivanxeberleri.com)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook