Naxçıvan Doğum Mərkəzinin həkimlərinə qarşı cinayət işi açılıb
Fevral 21
00:24
2023
Naxçıvan MR Prokurorluğu, Naxçıvan Doğum Mərkəzinin bir neçə həkiminə qarşı cinayət işi başladıb. Onların arasında mərkəzin baş həkimi Kəmalə Qurbanova da var.
Həkimlər, bir neçə körpənin və ananın ölümündə günahlandırılırlar. Bu haqda "Gündəlik Naxçıvan”a mərkəzdəki mənbələr məlumat verib. Məlumatı prokurorluqdan da təsdiq ediblər. Rəsmi məlumata görə, cinayət işi, CM-nin 314.2-ci maddəsi ilə başlanılıb (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda).
Ötəh həftə "Gündəlik Naxçıvan”, Doğum Mərkəzində baş verən rüşvət, xəstələrə qarşı qeyri-insani münasibət və s. ilə bağlı məqalə paylaşmışdı. Şikayətçilər bildirirdi ki, xəstələrdən artıq pul alsın deyə, mərkəzin baş həkimi Kəmalə Qurbanova onları qeysəriyyə əməliyyatı olmağa məcbur edir. Bu əməliyyatın üçün onlardan 1000 manat rüşvət alındığı bildirilirdi. İstənilən məbləği verməyənlər isə, ölümlə üz-üzə buraxılırmış. Pul verməyən bəzi xəstələrə isə, doğuş ağır keçsin deyə, bilərəkdən xüsusi iynə vurulduğu iddia olunurdu. Bu cür iynə vurulan bəzi xəstə və onların bətnindəki körpələrin öldüyü bildirilirdi.
Mərkəzdəki mənbənin məlumatına görə, baş həkim Kəmalə Qurbanova və bir neçə həkim bu gün səhər (20.02.2023) dindirilmək üçün prokurorluğa aparıblar:
"Əslində həkimlərin günahı azdır. Onları bu cinayətlərə Kəmalə həkim məcbur edirdi. Etməyənləri, işdən çıxarmaqla, tutdurmaqla hədələyirdi. Arxasında Ali Məclisin sədri Azər Zeynalov durur. Etiraz edəndə, hamımızı onunla hədələyir. İnanmırıq ki, iş obyektiv aparılsın. Həkimləri güdaza verib, Kəmalə Qurbanovanı sərbəst buraxacaqlar. Əsl cəzalanmalı isə, odur. Camaat onun adını nahaq yerı "Qəssab Kəmalə” qoymayıb”