SON XƏBƏR

Naxçıvan Daimi Nümayəndəliyində 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub - FOTOLAR

Mart 05
11:16 2022
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub.
       
Qlobal.az xəbər verir ki, 05 mart 2022-ci il tarixində, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində 8 mart- Beynəlxalq Qadınlar günü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dahi liderə və bütün şəhidlərimizə dərin hörmət və ehtiramlarını bildiriblər.

Tədbirdə çıxış edən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov əvvəlcə kollektivin xanım əməkdaşlarını 8 Mart- Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib, onlara xoşbəxtlik, möhkəm can sağlığı və işlərində müvəffəqiyyətlər diləyib. Bəxtiyar Əsgərov qeyd edib ki, "Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın başını uca, adını yüksək tutub. Milli təfəkkürümüz üçün o, ən ali dəyərlərimizin ünvanıdır. Azad düşüncə,övlad, ailə, vətən uğrunda fədəkarlıq, nikbin ruh, xeyirvah əməllər, ədalətli qərarlar Azərbaycan qadınının həyatını, onun tərcümeyi-halını təşkil edir.
 
Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da fədakar qadınlarımızın böyük rolu olub və bu gün də belədir. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Azərbaycanın qədim tarixi qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material verib. Orta əsrlərdən Azərbaycan qadını gözəl ana olmaqla yanaşı, klassik poeziyanın ən gözəl nümunələrini yaradıb, at belində qılınc çalıb, dövlət idarəçiliyində öz sözünü deyib. Dünyanın tarixi boyu qadın keçmişin həyati əhəmiyyətli adət və ənənələrini, sanballı dəyərlərini gələcək nəsillərə ötürüb. O, cəmiyyətin bütövlük rəmzi, elin, obanın, yurdun, ocağın abadlığı, möhtəşəmliyidir. İnkişafa doğru gedən yollar, atılan müdrik addımlar, qazanılan böyük uğurlar bu nəcib zümrənin fədakarlığı və zəkası sayəsində başa gəlir. Azərbaycan qadını yeni nəsli dünyaya gətirmək, onu tərbiyə etmək, vətənə layiqli övlad olaraq böyütmək kimi çox vacib bir vəzifəni yerinə yetirməklə bərabər, ailənin möhkəmliyi və bütövlüyünün qorunması məsuliyyətini də könüllü surətdə daşıyır. Qadın, həyat yoldaşına hörmət edən, ailə ocağını daim isidən dəyərdir. Bugün Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından tutmuş, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla, böyük sahələrdə davam etdirir. Qeyd etdiyimiz kimi, bu gün dədaxil olmaqla, qadınlar bütün tarixi dövrlərdə ictimai həyatda da fəal iştirak edərək, cəmiyyətimizin inkişafına öz töhfələrini vermişlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər vardır. Yeni, müstəqil dövlətimizin sələfi olan Azərbaycan Xalq Cümhuriyyəti qadınların seçib-seçilmək hüququnu tanıyaraq tarixdə böyük bir nailiyyətə imza atmış, yeni səhifə açmışdır.”

Bəxtiyar Əsgərov vurğulayıb ki, "Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən müstəqil ölkəmizdə qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Böyük Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: "Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər”.

Cəmiyyətin, sivil mədəniyyətin inkişafı məhz qadınlara verilən qiymətlə, onlara münasibətin forma və dərəcəsi ilə ölçülməklə bərabər, qadınların da cəmiyyətdə tutduqları mövqe ilə bağlıdır. 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında alman sosialist qadını Klara Setkinin təklifi ilə qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq hər il 8 Mart-  Dünya Qadınlar Günü kimi qəbul edilmişdir. Qadınlar günü ilk dəfə Avstriya, Danimarka, Almaniya və İsveçrədə 1911-ci il martın 19-da qeyd edilir. O zaman milyondan artıq kişi və qadın nümayişlərə qoşulur. 1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Həmin ilin "Beynəlxalq qadın ili” elan edilməsindən sonra Birləşmiş Millətlər Təşkilatında 8 Mart ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirilir. İki il sonra 1977-ci ildə isə BMT-nin Ümumi Qurultayında 8 Mart Qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edilir.”

Daimi nümayəndəliyin rəhbəri deyib ki, "Ümummilli liderin xalqın istək və iradəsinə uyğun olaraq müstəqil Azərbaycana rəhbərlik etməsindən sonra digər sahələrlə yanaşı, qadın problemlərinin həlli istiqamətində də keyfiyyət etibarı ilə tamam yeni bir mərhələ başlandı. Zərif cinsin nümayəndələrinin üzləşdikləri çətinliklərin, problemlərin həllinə yenidən dövlət səviyyəsində diqqət və qayğı göstərilməyə başlandı, ölkədə formalaşan demokratik mühit yeni qadın birliklərinin, cəmiyyətlərinin yaranmasına təkan verdi, qadın hərəkatlarına tamamilə yeni bir ruh yüksəkliyi gətirdi. Azərbaycan 1995-ci il iyunun 30-da Birləşmiş Millətlər Təşkilatının "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" konvensiyasına qoşularaq öz üzərinə müvafiq öhdəliklər götürdü.

Eyni zamanda, qadınların cəmiyyətin bərabərhüquqlu üzvü kimi yaradılan bütün imkanlardan istifadə etmələri, dövlət idarəçiliyində önə çəkilmələri, onlara qarşı diskriminasiyanın bütün formalarının aradan qaldırılması istiqamətində mükəmməl hüquqi baza formalaşdırıldı. Ulu öndərin müəllifi olduğu müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının ali hüquqi zəminini yaratdı. Azərbaycanın sosial, siyasi və mənəvi inkişafında rolu artan qadınlar dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmağa başladılar. Ölkədə uğurla həyata keçirilən gender bərabərliyi siyasətinin hüquqi bazasının formalaşmasının davamı olaraq Heydər Əliyevin 1998-ci il yanvarın 14-də imzaladığı "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" Sərəncamı, daha sonra "Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında", "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərmanları qadınların ictimai-siyasi həyatda iştirak və imkanlarının genişləndirilməsi sahəsində dövlət strategiyasının əsaslarının yaradılmasında mühüm rol oynadı.

Məhz ümummilli liderimiz Heydər Əliyev qadın əməyi, qadın fəaliyyəti, onların cəmiyyətdə, ictimai və dövlət işlərində önə çəkilməsinə daim çox böyük qayğı ilə yanaşmışdır. Hər zaman Azərbaycan qadınana yüksək dəyər verən ulu öndər Heydər Əliyev deyirdi: "Qadınlar cəmiyyətin bəzəyidir, gəzəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat ola bilməz. Azərbaycan qadınları da öz ağıllarına, zəkalarına görə, biliklərinə, istedadlarına görə, eyni zamanda gözəlliklərinə görə dünya qadınları içərisində özünəməxsus çox yüksək yer tuturlar.Ona görə də biz qadınlarımızla fəxr edirik. Azərbaycanda bütün sahələrdə gördükləri işlərə, səmərəli fəalaiyyətlərinə görə  mən bütün qadınlarımıza təşəkkür edirəm.”Bu, Azərbaycan qadınlarının   zəhmətinə verilən ən yüksək qiymətdir.  Ümummilli liderimizin 2000-ci il 6 mart tarixli "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanı ölkəmizdə qadın siyasətinin gerçəkləşməsinə xidmət etmiş, həmin sənəd 2001-ci ildə bütün dünya dövlətləri tərəfindən ən yaxşı sənəd kimi qəbul olunmuşdur.”        

"Bu gün Azərbaycan qadınının həyatımızın bütün sahələrində əldə etdiyi uğurlar, nümayiş etdirdiyi yüksək göstəricilər ölkəmizdə əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş qadın siyasətinin inkişafının sistemli şəkildə həyata keçirilməsinin məntiqi nəticəsidir. Ulu öndərin yolunu yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin etdi. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyev tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. 2006-cı ildə parlamentdə "Gender bərabərliyi haqqında”, 2010-cu ildə isə "Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul edilməsi ölkəmizdə dövlət qadın siyasətinin möhkəmləndirilməsi üçün  mühüm addımlardır. 
 
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik dövlət başçısının zərif cinsdən olan vətəndaşlara diqqətinin və ehtiramının təcəssümüdür. Prezident İlham Əliyev respublikamızın qazandığı uğurlarda qadınların rolunu yüksək qiymətləndirir: "Biz hamımız dinamik inkişaf edən ölkəmizin irimiqyaslı iqtisadi layihələrin iştirakçısı kimi əldə etdiyi yüksək göstəricilərlə haqlı olaraq fəxr edirik. Bu tərəqqinin bəhrələri respublikamızın hər bir guşəsində özünü aydın hiss etdirir. Həmin nailiyyətlərdə Azərbaycan qadınlarının böyük rolu danılmazdır. Qədim zamanlardan bəri Vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız milli məfkurəyə sadiq qalaraq bu gün də suveren Azərbaycan Respublikasının güclənməsi naminə töhfələr verirlər. Onlara xas olan işgüzarlıq, müdriklik, yüksək daxili mədəniyyət və xalqımızın yüzillər boyu təşəkkül tapmış zəngin milli-mənəvi sərvətlərinə sədaqət müasir Azərbaycan qadınının ictimai həyatımızda mövqeyini və simasını müəyyən edir.””-deyə Bəxtiyar Əsgərov çıxışını davam etdirib;
           
"Azərbaycanda qadın hərəkatının formalaşmasında, onların hüquqlarının qorunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycanın birinci xanımı özünəxas nəcib, humanist və insanpərvər xarakterlə cəmiyyətdə mənəvi aşınma yaradan, eləcə də saf və ali dəyərləri ucuzlaşdıran mənfi meyillərə qarşı barışmaz mövqe tutur, insanlığın təntənəsinə xidmət edən nəcib təşəbbüsləri ilə həm də sivilizasiyalararası dialoq prosesinə öz töhfəsini verir. Heydər Əliyev Fondu ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naminə gördüyü fəal işlərlə yanaşı, gender problemlərinin, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir.
 
"Biz COVİD-19 pandemiyası, 44 günlük Vətən müharibəsində qadınlarımızın cəsarətinə bir daha şahid olduq. Hər bir qadınımız müasir qəhrəmanlıq tarixinə yeni nümunələr gətirdi, Azərbaycan qadının igidliyi, qorxmazlığı, mübarizliyi, vətənpərvərliyi dünyada yeni qadın obrazı yaratdı. Bu bizim tarixən tanınmış qadınlarımızın yeni təcəssümüdür. Əzəli torpağımız olan Qarabağda qısa müddət davam edən müharibədə, döyüşlərdə Azərbaycan qadını əsgərlərimizin yanında oldu, gecə-gündüz onlar üçün yeməklər bişirdi, corablar toxudu, dualar etdi və s. Yaralı əsgərlərimizə tibbi yardım göstərən həkim xanımlarımız hər bir əsgərimizə öz övladı, qardaşı  kimi baxdı, onu əzizləyib qayğısına qaldı, başına sığal çəkdi. Bəzi qadınlarımız cəbhəyə öz əlləri ilə hazırladığı yeməkləri, ədviyyatları, evində olan isti paltarları belə göndərdi. Hətta cəbhədə heç bir qohumu olmayan qadınlarımız belə bu cür nümunəvi addımlar atırdılar. Cəbhədə olan hər bir əsgər və zabit Azərbaycan Qadınının doğması sayılır. Vətən yolunda canından keçmiş övladının,  həyat yoldaşının cənazəsini cəsarətlə öz çiynində son mənzilə yola salan  ana-bacılarımızı gördük, onlarla  qürur duyuruq! Biz onlara bir daha baş sağlığı verir, Tanrıdan səbr diləyirik! Şəhidlərimizin ölməz ruhu qarşısında baş əyirik! Qadın həm də anadır, həm də vətəni müdafiə edən, onun inkişafına töhfə verəcək övlad yetişdirən əsl vətəndaş. Biz qəhrəman analarımızla, bacılarımızla fəxr edirik!”
 
Bəxtiyar Əsgərov bildirib ki, "Naxçıvan Muxtar Respublikasında da qadınların cəmiyyətin ictimai-siyasi həyatında rolu getdikcə artır. Bu, bir tərəfdən Naxçıvanda qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələr, digər tərəfdən isə muxtar respublikada həyata keçirilən dövlət-qadın siyasəti ilə bağlıdır. Bu gün muxtar respublika əhalisinin 50 faizini təşkil edən qadınlarımız ana adını daşımaqla bərabər sahibkardır, dövlət qulluqçusudur, həkimdir, müəllimdir, rəssamdır, sənətkardır, deputatdır, bələdiyyə sədridir, nazirdir, komitə sədridir, ombudsmandır, rektordur, beynəlxalq dərəcəli idmançıdır, Azərbaycan mediasında öz sözünü deməyi bacaran jurnalistdir və s. Bütün bu uğurların təməlində isə muxtar respublika rəhbərinin qadınlara göstərdiyi diqqət və qayğı dayanır. Bu diqqət və qayğı onları həyata, yaşamağa, yaratmağa daha da ruhlandırır. Bu isə onların milli-mənəvi dəyərlərimizi yaşadaraq fəaliyyət göstərmələrinə yaşıl işıq yandırıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: "Azərbaycan qadınının ictimai həyatımızdakı dünənki, bugünkü mövqeyi dilimizə, vətənimizə, torpağımıza, dövlətimizə, milli dəyərlərimizə və azərbaycançılıq məfkurəsinə sədaqət nümunəsi olmuş və gələcəkdə də olacaqdır!”. Ali Məclis Sədrinin 2007-ci il 28 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması muxtar respublikada qadınlara verilən hərtərəfli dövlət dəstəyinin, onların hüquqlarının yüksək səviyyədə müdafiə edilməsinin əyani göstəricisidir. Muxtar respublikada qadınların həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi xalqımızın uğurlu, xoşbəxt sabahına, firavanlığına ən ciddi təminatlardan biridir.”
           
Bütün Azərbaycan qadınlarını 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə bir daha təbrik edən Bəxtiyar Əsgərov çıxışını dahi Azərbaycan mütəfəkkiri Hüseyn Cavidin bir misrası ilə yekunlaşdırıb:

"Qadın gülərsə, bu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək...”
 
Tədbir digər çıxışlarla davam etdirilib. Sonda Daimi Nümayəndəliyin xanım əməkdaşlarına hədiyyələr təqdim edilib,xatirə şəkli çəkilib.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook