Naxçıvan “ASAN xidmət” mərkəzinin açılışı olub
May 18
14:44
2023
Naxçıvan regional "ASAN xidmət” mərkəzinin açılış mərasimi olub.
"Report”un yerli bürosu məlumat verir ki, açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iştirak ediblər.
Tədbirdə məlumat verilib ki, Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan "ASAN xidmət” mərkəzləri Azərbaycan Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə yaradılıb.
Naxçıvan "ASAN xidmət” mərkəzi isə ümumilikdə, respublika üzrə 26-cı mərkəzdir.
"ASAN xidmət” mərkəzində videomüşahidə, görüntüləmə və videonövbə sistemləri, 2 ədəd lift, yanğınsöndürmə sistemi, mərkəzləşdirilmiş havalandırma, istilik sistemi, generator və UPS quraşdırılıb.
Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək.
Əməkdaşların ümumi sayı 228 , könüllülərin sayı 45 nəfər nəzərdə tutulur.
Mərkəzin daxilində vətəndaşların istirahəti üçün "ASAN kafe” nəzərdə tutulub.