“Nar” Beynəlxalq Jest Dili həftəsi çərçivəsində sağlamlıq imkanları məhdud şagirdlərlə görüşüb
Sentyabr 30
21:40
2024
"Nar” sağlamlıq imkanları məhdud şəxslərə dəstəyini
davam etdirərək "Karlara Dəstək" İctimai Birliyi ilə birgə Beynəlxalq
Jest Dili həftəsində 3 nömrəli xüsusi internat məktəbinin şagirdləri ilə görüş
keçirib. Tədbirdə "Nar”ın dəstəyi ilə hazırlanmış, inklüziv cəmiyyət qurmağa
yönələn və beynəlxalq mükafata layiq görülmüş jestdili.az elektron jest dili lüğəti təqdim edilib.
Görüş zamanı nitq və eşitmə məhdudiyyətli şagirdlərlə
yanaşı, onların məktəb yoldaşlarının da jestdili.az lüğətindən faydalanaraq
bir-biri ilə daha rahat ünsiyyət qurmaları üçün saytın ümumi istifadəsi və
rahat axtarış sistemi barədə ətraflı məlumat verilib. Müzakirə formatında keçən
görüşdə məktəblilərin sualları cavablandırılıb.
Ölkənin ilk elektron jest dili lüğəti nitq və eşitmə
məhdudiyyətli şəxslərin və onların yaxınlarının onlayn şəkildə istənilən yerdə
və vaxtda Azərbaycan jest dilini tamamilə pulsuz öyrənməyə imkan verir. Daim təkmilləşdirilən
elektron lüğət hazırda 4000-dən çox sözün və gündəlik həyatda ən çox istifadə
edilən 500-dən artıq cümlənin video izahını təqdim edir. Qeyd edək ki, 2023-cü
ildə Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası (IPRA) jestdili.az layihəsini
əsas götürərək "Nar”ı ən yaxşı korporativ məsuliyyət kateqoriyasında birinci
yerə layiq görüb.
Qlobal.Az