SON XƏBƏR

Nahidə Orucova: "Mən onu yox sənəti seçdim..." Müsahibə

Oktyabr 12
10:38 2015
Yazar Samir Sədaqətoğlunun budəfəki qonağı Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Nahidə Orucovadı.

- Necəsiniz, Nahidə xanım?
- Son günlər havalar bir az sərinlədiyindən özümü daha yaxşı hiss edirəm.
- Adətən deyirlər ki, Azərbaycanda aktrisa olmağın müəyyən çətinlikləri var. Uzun illərdir sənətdə olan, ölkədə kifayət qədər tanınan aktrisalardan birisiniz. Sizcə, bu mülahizə nə dərəcədə doğrudur?
- Xeyr, heç bir çətinlik yoxdu. Ola bilər özünü təsdiq edənə qədər müəyyən çətinliklər olsun, amma hamı sənin həqiqətən də istedadlı olduğunu görəndən sonra heç bir problem olmayacaq.
- İstəyirəm bir qədər konkretləşdirək. Belə bir fikir formalaşıb ki, guya qadın sənətçilərə pis baxırlar, onlara guya hansısa təkliflər olur...
- Başa düşdüm nə demək istəyirsiniz. Hər şey insanın özündən asılıdır. Cəmiyyətdə hər kəslə onun xasiyyətinə, xarakterinə uyğun davranırlar. Əgər kimsə işiylə məşğul deyilsə, buzun üstündə gəzirsə, bunun sənətə və ümumilikdə, sənətçilərə heç bir aidiyyatı yoxdu. Əgər bir qadın, bir aktrisa doğru-dürüst öz işiylə məşğuldursa, nə onu kimsə nəyəsə görə narahat eləyər, nə də kimsə ona pis-pis təkliflər edər. 
- Cox üzr istəyirəm, şəxsən Sizə nə vaxtsa hansısa təkliflər olubmu?
- Bilirsiniz, canım, mən sənətçidən öncə bir qadınam. Ola bilər ki, bir qadın kimi diqqət mərkəzində olum. Amma bu heç də əsas vermir ki, kim nə vaxt istəsə mənə nəsə təklif edə bilər. Hər bir insanın şəxsiyyəti, qüruru var. Şəxsən mən belə bir situasiyaya heç zaman şərait yaratmamışam və yaratmaram da! Söz yox, bir insan, bir qadın kimi mənim də şəxsi həyatım var, duyğularım, hisslərim var... Amma bu şəxsi həyatımın sənətimə heç bir aidiyyatı yoxdu. Bu mənə aiddi və öz həyatımı necə yaşamağımı özüm müəyyənləşdirirəm. Qoy mənə qiymət verənlər sənətimə görə qiymət versinlər.
- Nahidə xanım, Siz Azərbaycanın bir çox böyük sənətkarları ilə tərəf-müqabil olmusunuz. Məsələn, onlar Sizin sənətinizi necə qiymətləndirirdilər?
- Tam doğru deyirsiniz ki, mən Azərbaycanın bir sıra böyük, korifey sənətkarları ilə çiyin-çiyinə işləmişəm. Buna görə özümü çox xoşbəxt hiss edirəm. Hacıbaba Bağırov, Siyavuş Aslan, Yaşar Nuri, Məlik Dadaşov, Mikayıl Mirzə, Gülşən Qurbanova, Azər Mirzəyev kimi şəxsiyyətlərlə eyni səhnəni paylaşmaq, onlardan nəsə öyrənmək, əxz eləmək doğrudan da hər kəsə nəsib olan xoşbəxtlik deyil. Zamanında onlar həmişə mənim haqqımda, sənətim haqqında xoş sözlər deyiblər. Bu barədə lentlər, videoyazılar, televiziya verilişləri var. Eyni zamanda çağdaşlarımızdan Afaq Bəşirqızı, Ramiz Novruz, Ramiz Məmmədov, Atabala Səfərov, Yasin Qarayev, Novruz Qartal, Əzizağa Əzizov və başqalarını qeyd edə bilərəm. Sadalamaqda davam eləsəm böyük bir siyahı alınacaq. İndi kimlərinsə adını çəkmədimsə yəqin ki, məndən inciməzlər.  
- Sizi daha çox komik rolların ifaçısı kimi tanıyırlar. Məlik Dadaşovun adını qeyd elədiniz. O, tamamilə başqa ampulada olan bir aktyor idi...
- İlk çəkildiyim filmdə məhz Məlik Dadaşovla tərəf-müqabil olmuşam. 
- Söhbət hansı filmdən gedir?
- Rejissoru Arif Babayev olan "Birisi gün gecə yarısı” filmindən. Məlik Dadaşov o filmdə Nəriman Nərimanov obrazını canlandırıb. Mən isə katibə rolunda oynamışam. Bu film təqribən 80-ci illərin əvvəllərində çəkilib. O zaman mən instituta təzə qəbul olunmuşdum. Həm də rusdilli olmağım həmin katibə obrazına təsdiq edilməyimə kömək etdi. Təsəvvür edirsinizmi, gənc bir qızın Məlik Dadaşov kimi bir sənətkarla tərəf-müqabil olmağı nə deməkdi? Hiss-həyəcan, düzünü deyim, bir qədər də qorxu içində idim. Çünki məsuliyyət hiss edirdim. Əslində, bu mənim kimi bir gənc qız üçün o cür böyük sənətkar qarşısında həm də bir imtahan idi. Amma mən çəkiliş prosesində Məlik Dadaşovun nə qədər sadə bir insan olduğunu gördüm. O mənə sənətin çox sirlərini öyrətdi. 
- Adlarını çəkdiyiniz, çəkmədiyiniz bu məşhur tərəf-müqabillərinizdən kimlərləsə dostluğunuz da olubmu?
- Əlbəttə! Demək olar ki, günün böyük hissəsini teatrda, səhnədə, məşqdə, çəkilişdə keçirdiyin adamlarla istər-istəməz yaxınlaşmalı olursan. Biri dərdini səninlə bölüşür, sən sirrini-sözünü birinə deyirsən. Belə-belə, bir də görürsən ki, arada böyük bir dostluq yaranıb. 
- Yəqin ki, sirrlərinizi hamıyla bölüşməmisiniz, ürəyinizi hər kəsə açmamısınız. Konkret olaraq kiminlə və ya kimlərlə dostluğunuz olub?
- Şövkət xanım Ələkbərova ilə. O mənim həyatda ən yaxın dostlarımdan biri olub.
- Şövkət xanımın necə bir sənətkar olduğu hamıya bəllidi. İstərdim bir qədər də onun necə bir insan, dost olması haqqında danışasınız.
- Çox gözəl, çox sadə bir insan və həm də çox sadiq bir dost idi. Bizim dostluğumuz Şövkət xanımın ömrünün son illərinə təsadüf edir. Mən o zaman təbii ki, bilmirdim tezliklə biz onu itirəcəyik. Sözün düzü, bu mənim həyatımda ən böyük itkilərdən biri oldu. 
- Bax, Şövkət xanımın bir dost olaraq hansı fərqli cəhətləri vardı?
- Şövkət xanımın ən gözəl xüsusiyyətlərindən biri insanı dəyərləndirmək böyüklüyü idi. İlahidən ona qeyri-adi bir istedad da verilmişdi, insanları üzünə baxan kimi tanıyırdı. Bilirdi ki, kim kimdi. Onun ətrafında çoxlu insanlar var idi. Təbii ki, onların hamısı xoşniyyətli deyildi və Şövkət xanım da bunu bilirdi. Belə adamlardan xoşu gəlmirdi. Amma bunu biruzə vermirdi. Sevdiyi insanları isə qiymətləndirirdi. Müxtəlif məsələlərlə bağlı mənə yol göstərirdi, öyüd-nəsihət verirdi. O cür ürəyi böyük olan insanlar, korifey sənətkarlar dünyaya çox gec-gec gəlir. 
- Bəs, indi ən yaxın dostunuz kimdi?
- Nuriyyə Əhmədova.
- Nuriyyə xanım hazırda Sizin evinizdə yaşayır.
- Yox, gəlin belə deyək, bir yerdə, bir evdə yaşayırıq. Nuriyyə xanım mənim üçün çox həssas mövzudu. Allah onun başına gələnləri heç kimə göstərməsin. Ard-arda övlad ağrısı, övlad dağı... Çətindi, çox çətindi... Nə deyəcəyimi bilmirəm...
- Ailəniz varmı?
- Bir qızım var.
- Bəs, yoldaşınız?
- Boşanmışıq. 
- Boşanmağınıza səbəb nə oldu?   
- Sənət, ancaq sənət! O, qarşıma şərt qoydu: ya sənət, ya da mən. Mən də onu yox, sənəti seçdim. Səmimiyyətimə inanın, bəlkə də sənətim olmasaydı, sənətdə olmasaydım çoxdan ölmüşdüm. Məni yaşadan sənətimdi.
- Sənətə sevginizə sözüm yox. Amma yaş keçir, qayğılar çoxalır, xüsusən də qadın üçün yaş ötdükcə diş qıcayan tənhalıq heç də asan məsələ deyil. Arabir heç olurmu, məsələn, həyatınız üşüyəndə, düşünəsiniz ki, o vaxt nahaq boşandınız?
- Olur, əlbəttə, elə məqamlar, həyatın elə dönəmləri olur ki, boşandığıma görə peşimançılıq keçirirəm. Fikirləşirəm ki, gərək boşanmayaydım, ailəmi dağıtmayaydım. Bir yol tapaydım, birtəhər dözəydim. 
- Maşallah, gözəl, təravətli qadınsınız. Üstəgəl, tanınan, populyar birisi. Heç evlilik təklifləri olurmu?
- Olur, niyə olmur, o qədər olur ki! 
- Bəs, niyə yenidən ailə qurmursunuz?
- Açığı, yenidən ailə qurmaq məsələsi mənim üçün qapadılmış, bağlanmış bir səhifədi.
- Niyə? Səbəb nədi?
- Mən həyatımı, ailəmi sənətə qurban vermiş adamam. Sənət mənim üçün hər şeydən öndədi. Məndən ötrü şəxsi həyat yalnız qızımdan ibarətdi. Qızımın xöşbəxtliyi, həyatda layiqli yerini tutması. Vəssalam.
- Hər şeydən öncə Siz bir qadınsınız. Və bir qadın olaraq tək yaşamaq Sizin üçün çətin deyilmi?
- Tək niyə oluram? Yanımda qızım var, Nuriyyə xanım var. Canları sağ olsun, tez-tez rəfiqələrim, dostlarım gəlirlər. Yaşayıram hələki...
- Dostlar, rəfiqələr nə qədər doğma, əziz olsalar da, hər halda ailəni əvəz eləyə bilməzlər...
- Sözsüz, canım, orası elədi. Amma indi mənim də qismətim belə gətirib də. Neyləyə bilərəm. Bu, taledi, görünür, belə olmalıymış, belə də olub...
- Sizə qədər ailənizdə sənətlə məşğul olan olubmu?
- Yox. Atam-anam – hər ikisi mühəndis olub. Hətta atam uzun müddət memar kimi xaricdə çalışıb. Məsələn, Vyetnamda, Çexslovakiyada onun layihələri əsasında işlər görülüb. Mənə qədər nə atam, nə də anam tərəfdən heç kim sənətlə məşğul olmayıb.
- Bəs, necə oldu ki, Sizdə aktrisa olmağa həvəs yarandı? Ümumiyyətlə, özünüzdəki istedadı nə zaman hiss elədiniz? 
- Heç vaxt aktrisa olmağı arzulamamışam. Mən, əslində, diktor olmaq istəyirdim. Bacım konservatoriyada, kamança sinfində oxuyub. O, təhsil almaqla yanaşı, Xalq artisti İslam Rzayevin ansanblında kamança ifa edirdi. Müxtəlif konsertlərdə, tədbirlərdə iştirak eləyirdi. Bəzən mən də ona qoşulub həmin tədbirlərə gedirdim. Diktor olmaq arzusuna da o vaxtlar düşmüşdüm. Saatlarla güzgü önündə dayanıb məşq eləyirdim. Sənədlərimi ali məktəbə vermək məqamı gələndə, məlum oldu ki, diktor olmaq üçün ayrıca bir fakültə yoxdu. Tale elə gətirdi ki, diktor olmaq istəyə-istəyə tam təsadüf ucbatından aktrisa oldum.
- Hər şey indi, bax bu dəqiqə başdan – yenidən başlasa, diktorluğu seçərsiniz, aktrisalığı?
- Artıq aktrisa kimi özümü təsdiq etmişəm. Sənətimə görə çox şeydən keçmişəm. Əgər həqiqətən də Sizin dediyiniz kimi olsa, yenidən seçim etmək şansım yaransa, yəqin ki, diktorluğu seçərdim. Kişinin sözü bir olar! Ümumiyyətlə, gərək mən kişi olaydım.
- Əgər Siz kişi olsaydınız dünyada nə dəyişərdi ki?
- Əgər mən kişi olsaydım, dünyada bilmirəm, amma mənim həyatımda çox şey başqa cür olardı. Həyatda elə işlər var ki, bir qadın üçün təkbaşına onların öhdəsindən gəlmək çox çətindi. Amma kişi belə deyil. Əsl kişi, belə deyim də, istəsə, dəmiri muma çevirər.  
- Sizcə, kişi olmaq asandı?
- Yox, əsl kişi olmaq asan deyil. Amma düzünə qalsa, indi əsl kişilər də çox azdı. 
- Sizə görə əsl kişinin tərifi necədi? Əsl kişi necə olmalıdı?
- Mənim atam kimi! Sözübütöv, mərd, cəsur, xeyirxah... Atamın etdiyi yaxşılıqları indi də çoxları xatırlayır. O mənim qəhrəmanım olub, öz xarakteriylə, xasiyyətilə mənim üçün kişilik simvolu olub. İmkan olsa, onun haqqında bir kitab yazdıracağam.
- Azərbaycan Dövlət Musiqili Teatrında işləyirsiniz. Orada vəziyyət necədi?
- Çox əla, çox yaxşı! Demək olar, bütün tamaşalarda rol alıram. Bax, elə buna görə də özümü xoşbəxt hiss edirəm ki, hər tamaşada mənə uyğun rol var. Hal-hazırda Xalq yazıçısı Elçinin "Baladadaşın toy hamamı” əsərinin məşqlərində iştirak edirəm. Şəfiqə xanım çox koloritli bir obrazdı. Eyni zamanda Sabit Rəhmanın "Əliqulu evlənir” tamaşasında Gövhər obrazını məşq edirəm. İnanıram ki, tamaşaçılar bu obrazlarımı da bəyənəcəklər. Yeri gəlmişkən, fürsətdən istifadə edib teatrımızın direktoru Əliqismət Lalayevə kollektiv üçün yaratdığı yaradıcı şəraitə görə təşəkkürümü bildirmək istəyirəm. Biz bəlkə də ölkədə yeganə teatrıq ki, fəaliyyətimiz bir çoxlarına nümunə ola bilər. Mütəmadi olaraq yeni tamaşalar hazırlayırıq, hər zaman tamaşalarımız anşlaqla keçir, heç vaxt tamaşaçı problemimiz olmur. Yəni tamaşaçı özü gəlib kassadan bilet alır. Kimsə dediklərimə inanmırsa, bir saat teatrımızın kassasının önündə dayanıb, hər şeyi öz gözləri ilə görə bilər.  
- Belə... Söhbətə görə təşəkkür edirəm. Sonda ürəyinizdə nə varsa, deyə bilərsiniz. Ola bilər ki, hansısa mövzuda danışmaq istəyirdiniz, mən sual vermədim.
- Ən böyük arzumu soruşmadınız!
- Hesab edin soruşdum. Buyurun!
- Ən böyük arzum pedaqoji fəaliyyətlə məşğul olmaqdı. Bayaq adlarını çəkdiyim və çəkmədiyim böyük sənətkarlardan sənətin incəlikləri ilə bağlı öyrəndiklərimi, uzun illər ərzində topladığım təcrübəni yeni, gənc nəslə ötürmək istəyirəm. İndiki gənclərin əksəriyyəti sanki sənətə candərdi gəlir. Bilmirəm bu testlə, "Nə olur-olsun, təki diplom alım” fikriylə, yoxsa başqa bir səbəblə əlaqədardı. Amma belə olmaz! Sənəti, səhnəni sevmək lazımdı. İlk növbədə sevgidi. İnsan sevmədiyi işlə heç vaxt uğur qazana bilməz. Və eyni zamanda bir işəki insan ürəyini qoymur, o iş də heç vaxt uğurlu ola bilməz. Buna görə də mən gənc nəslə sənət sevgisini aşılamaq, bildiklərimi, korifey sənətkarlarımızdan əxz elədiklərimi onlara öyrətmək istəyirəm.
- İşiniz avand olsun!
 
Redaksiyadan: Qeyd edək ki, Samir Sədaqətoglunun rubrikasi "Qaynar.info" portalında davam edir.









Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook