Muxtar respublikanın fəal gəncləri mükafatlandırılıb
Fevral 03
01:42
2021
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Gənclər Mərkəzində 2 Fevral – Gənclər Günü münasibətilə tədbir olub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov ölkəmizdə, eləcə də muxtar respublikamızda uğurla həyata keçirilən gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan bəhs edib. Bildirib ki, bu gün gənclərimiz cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevrilib.
Gənclər ölkə müstəqilliyinin möhkəmləndirilməsinin zəruri və əvəzedilməz üzvləri olaraq torpaqlarımızın tarixi düşmənlərimizdən azad olunmasında, beynəlxalq miqyaslı bir çox yarışlarda qalib gələrək himnimizin oxunmasında və bayrağımızın yüksəklərə qaldırılmasında, respublikamızın hərtərəfli inkişafını təmin edən bütün sahələrin yüksəlişində yaxından iştirak edir, ölkəmizi müxtəlif beynəlxalq tribunalarda, mühüm yarışlarda, elmi auditoriyalarda layiqincə təmsil edirlər. Dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğının ən bariz nümunələrindən biri də hər il ölkəmizdə Gənclər Gününün qeyd olunmasıdır. Bu gün hər kəs əmindir ki, muxtar respublika gəncləri bundan sonrakı dövrdə də bilik, bacarıq və istedadları ilə hər zaman fərqlənəcək, ölkəmizin ictimai həyatında yaxından iştirak edərək onun inkişafına öz töhfələrini verəcək, onlara göstərilən etimadı doğruldacaqlar.
Sonra muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclər müxtəlif nominasiyalar üzrə diplom və hədiyyələrlə mükafatlandırılıb.
Azərtac



