Muxtar respublikanın dünyanın 56 ölkəsi ilə ticarət əlaqəsi mövcuddur
Mart 09
14:01
2016
Naxçıvan Muxtar Respublikasının dünyanın 56 ölkəsi ilə ticarət əlaqələri mövcuddur. Muxtar respublikadan ixrac edilən malların alıcıları olan ölkələr arasında Türkiyə, Türkmənistan, İran, İsrail, Rusiya, Gürcüstan ön sıralarda yer alırlar.
AZƏRTAC xəbər verir ki, Naxçıvanın əsas ixrac məhsullarına məşhur mineral suları, təbii duzu, vafli məmulatlarını, çay, emal olunmuş ət və meyvə məhsullarını, qazlı və spirtli içkiləri, meyvə şirələrini, yüksəkkeyfiyyətli tikinti materiallarını, xam dəri, plastik və metal məmulatlarını, mebel, metal örtüklər, panel radiatorlar və digər çox sayda məhsulları misal göstərmək olar.
Muxtar respublikada istehsal olunan sement, travertin daş məmulatları, meyvə şirələri, vafli məmulatları Gürcüstana, yarımfabrikat dəri, mineral sular Türkiyə, İran və MDB ölkələrinə, "NAZ-Lifan” avtomobilləri Belarusa ixrac olunur.
Xarici bazarlara çıxışın təmin edilməsi üçün muxtar respublikada fəaliyyət göstərən şirkətlərə hərtərəfli dəstək verilir.
Bundan əlavə, muxtar respublikada ixracyönümlü hazır məhsul istehsalının artması, yeni nəqliyyat imkanlarının yaranması və digər müasir infrastruktur şəraiti gələcəkdə ixracatın səviyyəsini daha da yüksəldəcək.
Qlobal.az