SON XƏBƏR

Müxalifət referenduma necə etiraz edir? - AÇIQLAMA

Avqust 03
22:26 2016
İyulun 26-da prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsinin (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilib. Müxalifət isə bu referendumun respublikaçılıq ənənələrinə qarşı olduğunu əsas gətirərək müxtəlif formalarda etirazlara başlayıb. 
 
Belə ki, avqustun 2-də Müsavat Partiyası Məclisinin növbədənkənar toplantısında referendumla bağlı təşəbbüs qrupu yaradılıb və Konstitusiyaya dəyişikliklərin edilməsinə etiraz olaraq yaradılmış "Respublika” təşəbbüs qrupunun təsis yığıncağı keçirilib. Təşəbbüs qrupunda Müsavat Partiyası ilə yanaşı, D18 Hərəkatı, bitərəflər və digər təşkilatların nümayəndələri də təmsil olunur. 
 
Arqument.Az- ın əməkdaşı mövzu ilə bağlı aparıcı müxalifət partiyalarının təmsilçiləri ilə əlaqə saxlayaraq onların prosesə təsir imkanlarını öyrənməyə çalışıb. 
 
Yadigar Sadıqov: "Sabah sənədləri MSK-ya təqdim edəcəyik" 
 
Müsavat başqanının müavini Yadigar Sadıqov "Respublika" təşəbbüs qrupunun dünənki toplantıdan sonrakı fəaliyyəti ilə bağlı Arqument.Az-a bildirib ki, artıq sənədlər hazırlanıb və sabah Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim ediləcək: 



Yadigar Sadıqov

"Dünən "Respublika" təşəbbüs qrupunun təsis edilməsi ilə bağlı qərar qəbul olundu. Bu gün gün ərzində partiyanın qərargahında sənədlər üzərində iş gedib, yoxlamalar aparılıb. Artıq hər şey hazırdır. Sabah günün birinci yarısında sənədlər MSK-ya təqdim olunacaq və imza vərəqələrinin verilməsini gözləyəcəyik. Qanunla ən geci 5 gün ərzində sənədləri verməlidirlər". 
 
Azər Qasımlı: "REAL təkbaşına mübarizə aparacaq"

Arqument.az-ın "REAL referendumla bağlı hansı tədbirləri planlaşdırır, hansı formatda mübarizə aparacaq?" sorğusuna hərəkatın İdarə Heyətinin üzvü Azər Qasımlı belə cavab verib: "Respublikaçı Alternativ Hərəkatı (REAL) Konstitusiyaya dəyişikliklərin edilməsinə etiraz edir və bu məsələdə heç bir siyasi təşkilata qoşulmadan mübarizə aparacaq". 



Azər Qasımlı

Onun sözlərinə görə, REAL bu məsələdə aparıcı müxalifət təşkilatlarının bir arada olmasını istəyib. Ancaq bu baş tutmadığı üçün hərəkat təkbaşına mübarizə aparmağı planlaşdırıb: 


"Mən Azadlıq Radiosuna müsahibəmdə də demidim ki, bu prosesdə bütün müxalifət partiyalarının, xüsusən də, Milli Şura və Müsavat Partiyasının bir araya gəlməsi daha məqsədəuğun olardı. Çünki bu, ümumi bir məsələdir və  burada hansısa bir namizədi dəstəkləməkdən söhbət getmir ki, müxalifətin bir araya gəlməsinə hansısa səbəb əngəl olsun. Belə olan halda REAL da müxalifətlə birgə prosesə qoşulacaqdı. Bundan başqa, biz bu məsələdə təkcə müxalifətin deyil, həmçinin demokratiya uğrunda mübarizə aparan bütün müxalif təşkilatların, bütövlükdə isə cəmiyyətin prosesdə iştirak etməsini arzulayırdıq. İstəyirdik ki, mübarizə daha geniş miqyasda bir təşəbbüs qrupu çərçivəsində aparılsın. Çünki burada bir şəxsin bütün hakimiyyəti əlində cəmləşdirib cümhuriyyətçilik dəyərlərini məhv etməsindən söhbət gedir. Onu da deyim ki, REAL olaraq bizim AXCP və Müsavatla hər hansı bir problemimiz olmayıb. Yəni hansısa birlikdə də olmamışıq ki, ayrıldıqdan sonra bir-birimizi ittiham edib münasibətləri kəskinləşdirək. Amma görünən odur ki, bu iki siyasi qurum biri-biri ilə eyni birlikdə olmaq istəmir. Təəssüflər olsun ki, arzuladığımız format baş tutmadı. Bizə gəlincə, REAL olaraq, bu prosesdə aktiv iştirak edəcəyik. Artıq bu mövzuda müzakirələr aparırıq və təşkilat qrupumuzu yaradıb müvafiq sənədləri 2 gün ərzində Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik. Yəni demək istəyirəm ki, REAL bu məsələdə təkbaşına mübarizə aparacaq". 
 
Gözəl Bayramlı: "Xalqı referendum əleyhinə səfərbər edəcəyik"



Gözəl Bayramlı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı isə Arqument.az-a bildirib ki, partiya Milli Şura formatında Konstitusiyaya dəyişikliklərə qarşı mübarizə aparacaq: "AXCP və Milli Şura referendumla bağlı hər hansı təşəbbüs qrupu yaratmayacaq. Mübarizə aparacağımız format isə AXCP və Milli Şura formatıdır. Milli Şurada müzakirələr xalqı referendum əleyhinə səfərbər etmək üçün ümumxalq hərəkatının genişləndirilməsi, kütləvi tədbirlərin keçirilməsi istiqamətindədir..."
 
Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı və Milli Şura rəhbərliyi Referendum Aktı layihəsinin təsdiq edilməməsi ilə bağlıKonstitusiya Məhkəməsinə müraciət ünvanlamışdı.  Amma məhkəmə Referendum Aktına müsabət rəy verdi. Konstitusiya Məhkəməsinin qərarında bildirilir ki, təklif olunan dəyişikliklərin xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Konstitusiyasının ümumi müddəalarına ziddiyyət yaratmadığından və 155-ci maddənin tələblərinə uyğun olduğundan ümumxalq səsverməsinə (referenduma) çıxarıla bilər. 

Arqument.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook