Musiqili Teatrın balet truppası Dədə Qorqud festivalında
Aprel 11
14:00
2017
Azərbaycan
Dövlət Musiqili Teatrı daha bir Beynəlxalq festivala dəvət alıb.
Dövlət
Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, söhbət Türkiyə
Cümhuriyyətində təşkil olunan 23-cü Bayburt Dədə Qorqud Beynəlxalq Mədəniyyət və
Sənət Festivalından gedir. Hər il bir çox dünya ölkələrinin, xüsusilə də türk
kökənli dövlətlərin qabaqcıl və məşhur incəsənət xadimlərinin qatıldığı
festival 2017-ci il 14-16 iyul tarixlərində Bayburt şəhərində baş tutacaq.
"Dədə
Qorqudun adını daşıyan bu möhtəşəm Beynəlxalq festivalın əsası 1995-ci ildə qoyulub.
O vaxtdan bəri bu mədəniyyət və sənət bayramı Bayburt Bələdiyyəsinin təşkilatçılığı
ilə hər il keçirilir. Bu il 23-cü dəfə düzənlənəcək Dədə Qorqud Beynəlxalq festivalında bizim teatrın balet truppası
artıq ikinci dəfə iştirak edəcək. Buna qədər teatrımız 2008-ci ildə bu
festivalda ölkəmizi uğurla təmsil edib. Yenidən balet truppamızın bu festivala
dəvət olunması bizdə sevinc hissi doğurur. Dədə Qorqudun bütün dünyada daha
böyük miqyasda tanıdılması, türk mədəniyyətinin təbliği, xalqlar arasında sülhün
və qardaşlığın möhkəmlənməsi və inkişafı məqsədilə təşkil olunan festival çox rəgarəng
və zəngin proqrama malikdir. Festival iştirakçıların Dədə Qorqudun Bayburtdakı
məzarını ziyarət etməsilə başlayır. Bunu festivalın açılışı mərasimi kimi də
xarakterizə etmək olar. Festival çərçivəsində müxtəlif tədbirlər – sərgilər, ustad
dərsləri, məşhur dramaturqlarla, şairlərlə görüşlər, konfranslar, şeir gecələri
keçirilir. İnanıram ki, 23-cü Bayburt Dədə Qorqud Beynəlxalq Mədəniyyət və Sənət
Festivalında ölkəmizi layiqincə təmsil edəcəyik”, - deyə Azərbaycan Dövlət
Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent Əliqismət Lalayev bildirib.
Qlobal.az