SON XƏBƏR

Musiqili Teatrda Marat Haqverdiyevin 80 illiyi qeyd olunacaq

Oktyabr 17
16:05 2018
20 oktyabr saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında "Amerikalı kürəkən” (R.Mirişli, M.Haqverdiyev) tamaşası oynanılacaq. 
 
İlk dəfə 29 may 2010-cu ildə göstərilən bu səhnə əsərinin 50-ci nümayişi görkəmli yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin 80 illik yubileyi münasibətilə təqdim olunacaq.
 
Tamaşanın quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli İlham Namiq Kamaldır. Əsərin ən böyük özəlliklərindən biri də günümüzlə səsləşməsi və aktuallığıdır. Tamaşanın maraqlı və rəngarəng süjet xətti var: Hər bir valideyn övladının xoşbəxtliyini istəsə də, bəzilərinə elə gəlir ki, xoşbəxtlik təkcə var-dövlət sahibi olmaqdadır. Əsərin qəhrəmanı olan ana – Tünzalə xanım da bu cür yanlış düşüncədə olan insanlardandır. O qızını varlı, malı-dövləti olan birisinə ərə vermək istəyir. Qızı Reyhan isə başqa birisini – ingilis dili müəllimi olan Kamranı sevir. Reyhan anasının onun kasıb bir müəllimlə evlənməsinə heç cür razı olmayacağını görüb Kamranla birgə Tünzalə xanım üçün oyun qururlar. Məzhəkə dolu tamaşada gənclərin sevgisinin qarşısını heç bir qüvvə kəsə bilmir. 
 
Musiqisi bəstəkar, Xalq artisti Ramiz Mirişli olan səhnə əsərinin quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı, Əməkdar rəssam Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, şeirlərin müəllifi Xalq şairi Fikrət Qoca, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor assistenti Tamilla Aslanovadır.  Tamaşada rolları Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərli, Əkbər Əlizadə, aktyorlar Gülçöhrə Abdullayeva, Səməd Xasıyev, Gültac Əlili, Ağaxan Şərifov, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Nigar Qarayeva və Eleanora Mehdiyeva ifa edəcəklər. 

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook