Musiqili Teatrda “Brodvey” layihəsi çərçivəsində məşqlər başlanıb
May 10
14:24
2016
Azərbaycan Dövlət Musiqili Teatrı ABŞ-ın məşhur "Company-E” şirkəti ilə ortaq layihə kimi "Brodvey” proqramının Azərbaycan versiyasını təqdim edəcək.
Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirilib ki, layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq.
"Company-E” şirkətinin əməkdaşları ilə Musiqili Teatrın kollektivinin – xor, balet truppasının, orkestr və aktyor heyətinin birgə məşqləri başlanıb. Bu münasibətlə "Company-E” şirkətinin rəhbər və yaradıcı heyətinin təmsilçiləri - Pol Qordon Emerson, Amikaelya Qaston, Qavin Stevart, Vanessa Oven, Abi Lishart, Tami Hol, Robert Priori, Kyoko Ruş və Diana Amalfitano Azərbaycana gəliblər.
Musiqili Teatrda qonaqları qarşılayan teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev iki ölkə arasındakı mədəni, siyasi dostluq əlaqələrindən danışaraq layihənin həyata keçirilməsi üçün hər bir şəraitin yaradıldığını deyib.
Sonra qonaqlar teatrın inzibati binası – səhnə, tamaşa və məşq zalları ilə tanış olublar. ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri xanım Emi Pitersen Musiqili Teatrda "Brodvey ” komandası üçün yaradılmış yüksək şəraitə görə teatrın direktoruna təşəkkürünü bildirib.
Qeyd edək ki, ABŞ-ın "Company-E” musiqi şirkəti 2011-ci ildən dünyanın bir çox ölkələrində müxtəlif mədəni layihələrlə çıxış edir. "Company-E” şirkətinin Dövlət Musiqili Teatrının kollektivi ilə birgə hazırladığı "Brodvey” layihəsi mayın 14-də saat 19.00-da, ayın 15-də isə saat 16.00-da geniş tamaşaçı kütləsinə təqdim olunacaq. Giriş sərbəstdir.
Qlobal.az