SON XƏBƏR

Müsavat rəhbərliyi ilə rifahçılar arasında yeni gərginlik

Fevral 02
12:28 2016
Qubad İbadoğlu: "ADR Hərəkatı heç bir siyasi partiyanı, o cümlədən Müsavatı məhkəməyə verməyib”; Elman Fəttah: "Rifahçıların Müsavatın məhkəmə verilməsinin onlara aidiyyəti olmamasını iddia eləməsi riyakarlıqdır” Müsavat Partiyasının sonuncu qurultayının nəticələrinin ləğvi tələbi ilə Azərbaycan Demokratiya və Rifah Hərəkatının bir qrup üzvünün müraciətinə məhkəmə baxışı davam etdirilir. Proses davam etdikcə, tərəflər arasında gərginliklər yaşanır.
 
Rifah Hərəkatının sədri Qubad İbadoğlu sosial şəbəkədə yazıb ki, Müsavat Partiyasının son rəhbərliyi ilə keçmiş və hazırkı sıravi müsavatçılar arasında cərəyan edən məhkəmə prosesinin cəmiyyətə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı - Müsavat Partiyası çəkişməsi kimi təqdim edilməsi yanlışdır: "ADR Hərəkatı heç bir siyasi partiyanı, o cümlədən Müsavatı məhkəməyə verməyib. Biz gələcəyə baxırıq, amalımız demokratik, azad və müstəqil Azərbaycandır. Çox təəssüf ki, hazırkı rəhbərlikdə təmsil olunan Müsavat Partiyası cəmiyyətin bütün kəsimlərinin etibarını itirdiyinə görə bizim mübarizəmizin vizyonundan kənardadır. Müsavat Partiyası təmsilçilərinin məhkəmədə və mətbuatda bu məhkəməni ADR Hərəkatı ilə bağlamaq cəhdləri həqiqi müsavatçıların partiyadan kənarlaşdırılmasına, partiyadaxili demokratiyanın pozulmasına yanlış hüquqi və siyasi don geyindirmək cəhdinin təzahürüdür.
 
ADR Hərəkatının rəhbərliyi müxtəlif partiyaları təmsil edən üzvlərinin şəxsi qərarlarına hörmətlə yanaşır və belə məsələlərə qarışmır. Mənim şəxsi mövqeyimə gəlincə, Müsavatın hazırkı qeyri-legitim rəhbərliyi ilə mübarizənin hakimiyyətin nəzarətində olan müstəvidə aparılmasını məqbul hesab etmirəm, inanıram ki, vaxt gələcək, onlara ən böyük divanı tarix quracaq.
 
Unutmayın ki, keçmişlə uğraşanın gələcəyi olmaz! Şərəfli keçmişi olan Müsavat dəftəri ADR Hərəkatı üçün artıq qapanmışdır!"
 
Q.İbadoğlunun fikirlərinə onun birinci müavini Vurğun Əyyub dəstək verib: "Şikayət edənlər illərlə Müsavat Partiyasında can qoymuş, əmək sərf etmiş insanlardır. Onlar haqsızlığa qarşı çıxırlar! Haqlarını tələb edirlər. Bunu məqsədli şəkildə ADR Hərəkatı ilə Müsavat Partiyası arasındakı çəkişmə kimi qələmə vermək çirkin niyyətlərdən xəbər verir”.
 


Müsavat Partiyası başqanının müavini Elman Fəttah isə "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, rifahçıların Müsavat Partiyasının məhkəməyə verilməsinin onlara aidiyyəti olmamasını iddia eləməsi riyakarlıqdır. Çünki Müsavat Partiyasını əsassız olaraq məhkəməyə verən şəxslərin bir çoxu nəinki Rifahın sıravi üzvləridir, həm də Rifahın rəhbərləridir: "Müsavat Partiyasından məhkəməyə şikayət vermiş şəxslər 11 nəfərdir. Onların hamısı Rifah Hərəkatının Məclis üzvləridir, bir nəfəri Qubad İbadoğlunun müavinidir, biri həmin qurumun hansısa aparatının rəhbəridir, başqa biri NTK adlı bir strukturunun rəhbəridir. Bütövlükdə bütün ADR rəhbərliyi isə bu məhkəmə prosesini dəstəkləyən açıqlamaları dəfələrlə veriblər. Qubad İbadoğlu sosial şəbəkədə ”Rifah Hərəkatı heç bir siyasi partiyanı, o cümlədən Müsavatı məhkəməyə verməyib" yazısında belə, Müsavatı məhkəməyə verən şəxsləri sanki müdafiə edir, onlara sayğı ilə yanaşır. Necə ola bilər ki, sən bir tərəfdən deyirsən ki, biz heç bir partiyanı məhkəməyə verməmişik, digər tərəfdən isə rəhbərlik etdiyin qurumda rəhbərlikdə təmsil olunan bu şəxslərin hərəkətini sayğı ilə qarşıladığını deyirsən. Bu, riyakarlıqdır və məsələ tamamilə aydındır. Həm Müsavata, həm AXCP-yə qarşı hakimiyyətin siyasəti məlumdur. Hər iki partiyaya qarşı yaradılmış qondarma təşkilatlar, Qubad İbadoğlu və Razi Nurullayev hakimiyyətin bu iki partiyaya qarşı repressiyasının vintləridir. Bu işi icra eləyə-eləyə susub dayanmaq əvəzinə, hələ bir də yüksək səslə "məhkəməyə müraciət etməmişik” bəyanatının mən bilmirəm adı nədir. Bu heç bir özünə hörmət edən insana yaraşmayan davranışdır. Bu davranış məşhur "Cəbiş müəllim” filmindəki hinduşka sahibinin bazarda hinduşkadan imtinası situasiyasına bənzəyir. Dəvəquşu başını soxur quma, elə zənn edir ki, heç yeri görünmür. Rifahın indi "Müsavatdan məhkəməyə biz müraciət etməmişik” deməsi həm də bu deyimlə uyğun gəlir. Heç bir əsaslandırmaya ehtiyac yoxdur, hər kəsə aydındır ki, Müsavatdan məhkəməyə şikayət ərizəsində imzası olanlar rifahçılardır. Müsavatı məhkəməyə verməyin sifarişçisi hakimiyyət, icraçısı Rifah rəhbərliyidir".
 
musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook