SON XƏBƏR

Murad Qoçuoğlunun “Bir az gecikəndə” şeirlər kitabının “imza günü” keçirilib

Noyabr 28
12:12 2015
Noyabrın 27-də Azərbaycan Yazıçılar Birliyinin "Natəvan” klubunda Əməkdar Jurnalist Murad Qoçuoğlunun "Bir az gecikəndə” şeirlər kitabının "imza günü” keçirilib.
 
AZƏRTAC xəbər verir ki, tədbirdə kitabın redaktoru, "Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri Qəşəm Nəcəfzadə çıxış edərək şairin həyat və yaradıcılığından söz açıb. Bildirib ki, M.Qoçuoğlu şeirlərinin həyatını yaşayan şairdir. O, epik heca şeirinin görkəmli nümayəndəsidir. Murad Qoçuoğlu istər təbiət, istər cəmiyyət, bir sözlə, bioloji, sosioloji və filoloji məsələlərdə həmişə insan axtarışındadır.
 
Qəşəm Nəcəfzadə deyib ki, Murad Qoçuoğlunun şeirləri oxucuya səmimi hisslər aşılayır, gəncləri vətənpərvər olmağa səsləyir, insanları halallığa, düzlüyə çağırır. Bu kitabdakı şeirlər şairin mənsub olduğu xalqa sevgisində yoğurulub. Məhz bu səbəbdəndir ki, bu poetik nümunələrdə xalqın istək və arzuları, sevinc və kədəri, ağrı və acısı boy verməkdədir.
 
Tədbirdə çıxış edən kitabın "Ön söz” müəllifi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran bildirib ki, Murad Qoçuoğlunun şeirlərini oxuduqca bu səmimi qələm sahibinin obrazı ayrıca bir şeir kimi qələmindən boylanır. O, həyatda ədəbli və tərbiyəli bir insan olduğu qədər, şeirləri də eyni xarakteri əks etdirir: utancaq, həyalı, xeyirxah. Hiss edirsən ki, şair bəşəri mövzularda, insan-cəmiyyət-borc məsələlərində xeyli görüb götürüb.
 
Murad Qoçuoğlunun gənclik illərindən, sözə həssas münasibətindən söz açan Səyyad Aran deyib ki, o, yaşadığı cəmiyyətdə bir fərd kimi məsuliyyətini başa düşür, özünü dünyada baş verən hadisələrə, ictimai-siyasi proseslərə cavabdeh hesab edir. Heç nə onun diqqətindən yayınmır. İnsani münasibətlərdəki təzadlar və əksliklər, dünyada baş verən siyasi müstəvidə qabarmalar-çəkilmələr, mənəvi psixoloji təlatümlər, sosial problemlər onun həssas ürəyindən izsiz keçmir. Bu, əlbəttə, əsl vətəndaş mövqeyidir – xalqına, dövlətinə bütün varlığı ilə bağlı olan həssas insanın narahatlıqlarıdır.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vurğulayıb ki, Murad Qoçuoğlu həmişə yaradıcılıq axtarışındadır. Bu isə şairin əsas səciyyəsidir. O, xarakterlər, səciyyələr, hadisələr şairidir.
 
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev M.Qoçuoğlunun əsl jurnalist kimi Azərbaycanın idman jurnalistikasının formalaşmasındakı fəaliyyətindən və uğurlarından, idmançılarımızın qələbələrinin dünyaya çatdırılmasında "Olimpiya dünyası” qəzetinin baş redaktoru kimi böyük zəhmətindən söz açıb.
 
Mərasimində filologiya elmləri doktorları Vaqif Yusifli Murad Qoçuoğlunun özünəməxsus yaradıcılıq axtarışlarından danışıb və onun şeirlərini yüksək qiymətləndirib. "Bir az gecikəndə” şeirlər kitabı ilə yaxından tanış olduğunu söyləyən V.Yusifli deyib ki, buradakı şeirlər sadə və səmimiliyi ilə diqqəti cəlb edir. Müəllif bütün şeirlərində Azərbaycan dilinin normalarına böyük ustalıqla əməl edib. Onun şeilərində böyük şeir mədəniyyəti özünü göstərir. Vaqif Yusifli fikirlərini şairin şeirlərindən səsləndirdiyi nümunələrlə əyani olaraq diqqətə çatdırıb.
 
Tədbirdə çıxış edən digər natiqlər də Murad Qoçuoğluna yeni-yeni yaradıcılıq uğurları arzulayıb, onun özünəməxsus yaradıcılıq yolundan söz açıblar. Sonda bütün iştirakçılara minnətdarlığını bildirən müəllif deyib: "Ötən sərin 80-ci illərindən yaradıcılıqla məşğulam. İlk şeirlərim hələ orta məktəbdə oxuyarkən mətbuat səhifələrində dərc olunub, daha sonra müxtəlif almanaxlarda, nəşrlərdə işıq üzü görüb. "Bir az gecikəndə” adlı kitabım ilk şeirlər toplumdur. Təbii ki, bu uzun illərin yaradıcılıq məhsuludur. Ədəbiyyatımızda, ədəbi prosesdə baş verən bütün hadisələrlə, yeniliklərlə vaxtaşırı tanış oluram, daimi olaraq izləyirəm. Yaşadığım dünyada baş verənlər mənim qəlbimdə poeziyaya, şeirə çevrilib. Bu şeirləri də, bu kitabda toplanaraq şeirsevərlərə təqdim olunur. Təbii ki, həmin şeirlərin hansı səviyyədə olduğuna oxucular qiymət verəcək”.
 
Kitabında Vətən, torpaq, yurd həsrəti və digər mövzularla bağlı şeirlərin yer aldığını söyləyən müəllif kitabını imzası ilə iştirakçılara təqdim edib.
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook