SON XƏBƏR

Müğənniyə ev və maşın alan məmur istintaqa cəlb edilə bilər

Yanvar 26
23:59 2022
Hüquqşünas: "Həmin vəzifəli şəxs istintaqa cəlb edilməli, maşın və evin üzərinə həbs qoyulmalıdır”

İfaçı Kəmalə Qaramollayeva ona maddi dəstək olan vəzifəli şəxsdən danışıb. İfaçı həmin vəzifəli şəxsin ona bahalı ev və maşın da hədiyyə etdiyini bildirib. Sitat: "Bu haqda heç bir yerdə danışmamışam. Amma düşünürəm ki, artıq vaxtıdır. Bu haqda açıqlama verməliyəm. Bir adam var idi. O, mənimlə çox görüşmək istəyirdi. Bilirsiniz də, xanımlara bir çox təkliflər olur. O, çox təkid edirdi. Dedim ona bildirin ki, mən təmiz insanam. O, mənə yardım etmək istəyirdi. Mən onun yardımından imtina etdim. Həmin insan çox təəccübləndi. Deyib ki, mən bunu araşdıracam, əgər Kəmalə düz yolun yolçusudursa, mən ona bu yardımları təmənnasız edəcəm. O, çox hörmətli, vəzifəli şəxsdir və məni çox sevirdi. Mənə maşın, ev aldı”.

İfaçının bu açıqlaması sosial şəbəkələrdə müzakirə edilən mövzulardan  birinə çevrilib. Vəzifəli şəxsin kimliyi ilə bağlı ən müxtəlif fikirlər qeyd olunub. Ən diqqətçəkən məqam isə vəzifəli şəxsin bir ifaçıya ev və maşın bağışlayacaq qədər vəsaiti hansı mənbədən əldə etməsi ilə bağlı olub. İstifadəçilər ifaçını ev və maşın bağışlamaqla xoşbəxt edən vəzifəli şəxsin korrupsiyaya qurşanmış biri olması ehtimallarını bölüşürlər.

Azərbaycanda vəzifəli şəxslərin minimum əmək haqqı 624 manat, maksimum isə 3084 manatdır. Bəs kimdir, hansı vəzifəli şəxsdir ifaçı Qaramollayevanı bahalı hədiyyələrlə sevindirən?

Vəzifəli şəxsin əməli korrupsiya predmetinə görə araşdırılmalıdırmı?

"Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov "Yeni Müsavat”a deyib ki, hər bir kəs sərəncamında olan şəxsi vəsaitindən sərbəst şəkildə istifadə etmək hüququna malikdir: "Məsələn, Kəmalə Qaramollayeva desəydi ki, filan iş adamı mənə ev və maşın bağışlayıb, məsələnin hüquqi baxımdan hər hansı bir araşdırma mövzusuna çevrilməsi doğru olmazdı. Çünki iş adamı pulu öz biznesindən qazanır. Özü istədiyi kimi də xərcləyə bilir. Yəni ona kimsə niyə pulunu aparıb filankəsə verdin, hədiyyə etdin iradını bildirə bilməz. Kəmalə Qaramollayeva isə deyir ki, ona evi və maşını vəzifəli şəxs bağışlayıb. Həmin vəzifəli şəxsin kimliyi araşdırılmalı, onun bir müğənniyə ev və maşınını hansı mənbədən əldə etdiyi vəsaitlə bağışladığı aydınlaşdırılmalıdır. Əgər həmin vəsaitin mənbəyi dövlət büdcəsi olubsa, o, istintaqa cəlb edilməli, Qaramollayevanın sərəncamında olan maşın və evin üzərinə həbs qoyulmalıdır. Bundan sonra iş məhkəməyə göndərilib müvafiq hökmlə ev və maşın geri alınmalı, dövlətə vurulan ziyan da ödənməlidir”.

Hüquqşünas deyir ki, ümumilikdə Azərbaycanda dövlət büdcəsindən ayrılan vəsaitlərə nəzarət mexanizmi şəffaf deyil və bu, antikorrupsiya tədbirlərinin effektivliyini minimallaşdıran əsas amildir: "Büdcə pullarına ictimai nəzarət güclənməlidir ki, vəzifəli şəxslər büdcə pulları ilə öz şəxsi vəsaitlərini qarışdırıb dağıtmasınlar. Büdcə vəsaitinə nəzarət etmək üçün yaradılan qurumlar nəzarəti həyata keçirə bilmirlər. 1000 manat məvacib alıb az qala yarısını kommunal xərclərə verən vəzifəli şəxs əlbəttə ki, bunu etmək istəməyəcək. O, büdcə puluna əli çatan vəzifəli şəxsin əlinə baxan olacaq. Bu gün büdcə təşkilatlarında  korrupsiya cinayəti adi haldır. İri məmurların həbsləri ilə vəziyyət dəyişməyəcək. Nə qədər büdcə vəsaitlərinin xərclənməsində örtülü bazar olacaqsa, belə hallar da var olacaq. Antikorrupsiya tədbirləri də istənilən nəticəni verməyəcək”.

Hüquqşünas deyir ki, Azərbaycanda var-dövlətin mənşəyini sübut edə bilməmək cinayət sayılmır: "Qaramollayevanın vəzifəli şəxs dediyini istintaqa cəlb etsələr belə, onun vəsaitinin mənşəyini rəsmi qaydada təqdim etməsi tələb edilə bilməz. Qanun yol vermir. Azərbaycanda dövlət məmurlarının gəlir bəyannaməsi təqdim etməsi qaydası yoxdur. Daha doğrusu, bununla bağlı müəyyən işlər görülsə də, uzun illərdir proses yubadılır. Əksər ölkələrdə dövlət məmurları illik gəlir-xərcləri barədə bəyannamə təqdim edirlər. Oradan bilinir ki, kim nə qədər gəlir əldə edib. Azərbaycanda isə bu olmadığı üçün kimin gəlirinin nə qədər olduğu, nə qədər xərcləməyə imkan verdiyi bilinmir. Ölkədə korrupsiya cinayətlərinin qarşısını almaq çətin olacaq. Hər yeni yaradılan nəzarət qurumu əlavə korrupsiya cinayətinə yol açır, korrupsiyanın miqyasını daha da böyüdür. Korrupsioner bir yoxlayıcını yola salmaq üçün 5 manat xərcləyirsə, hər ikisinə nəzarət edənə - həm yoxlayıcıya, həm də yoxlanan quruma - 5 yox, 15 manat verməli olur. Nəticədə büdcədən 10 manat deyil, 30 manat oğurlanır. Belə pullar gec-tez harınlıq yaradır, qanunların işləməsini əngəlləyir və dövlətin əsaslarının sarsıdılmasına gətirib çıxarır. Müğənniyə kimsənin ev və maşın bağışlamasında qəbahət yoxdur. Amma həmin kimsənin vəzifəli şəxs olması məsələnin mahiyyətini dəyişir, Azərbaycan reallığını, vəzifəlilərin büdcədən çırpışdırdıqları vəsaitlərin hansı istiqamətlərə xərcləmələrini ortaya qoyur”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook