SON XƏBƏR

Müəllimlər məzuniyyəti bu şərtlərlə alacaqlar - QAYDALAR

Fevral 05
13:28 2026
Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasında dəyişiklik edilib. Ötən ilin dekabrında Əmək Məcəlləsinə edilən son dəyişikliklər müəllimlərin illik məzuniyyət hüququndan istifadə imkanlarını daha çevik hala gətirib. Yeni qaydaya əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilər əmək məzuniyyətlərini yalnız yay tətili dövründə deyil, müəyyən hallarda tədris ili ərzində də götürə biləcəklər.

Əmək Məcəlləsinin 131-ci maddəsinin 5-ci hissəsində edilən düzəliş nəticəsində "bir qayda olaraq, məktəblərdə yay tətili dövründə” ifadəsi "məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində” sözləri ilə əvəz olunub. Beləliklə, qanun artıq açıq şəkildə müəyyən edir ki, pedaqoji işçilərə əmək məzuniyyəti həm yay tətilində, həm də işəgötürənin razılığı olduqda tədris ili ərzində verilə bilər.

Nazirlik bildirir ki, əvvəlki redaksiyada norma qeyri-dəqiq olduğundan təcrübədə bəzi hallarda müəllimlər tədris ili ərzində məzuniyyət götürmək istəsələr də, işəgötürənin razılığı olsa belə, onlara məzuniyyət verilmirdi. Məhz bu hüquqi qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə dəyişiklik edilib və əsas məqsəd müəllimlərin məzuniyyət hüququndan daha rahat istifadə edə bilməsi üçün mexanizmin dəqiqləşdirilməsidir.

Qanunvericiliyə əsasən, məzuniyyət yalnız işçinin yazılı ərizəsi əsasında rəsmiləşdirilir. Əmək Məcəlləsinin 138-ci maddəsinə görə, bütün növ məzuniyyətlərin verilməsi işçinin kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə təqdim etdiyi ərizə və işəgötürənin müvafiq əmri ilə həyata keçirilir. Nazirlik qeyd edir ki, pedaqoji işçilər üçün əmək məzuniyyətinin əsas dövrü yay tətili hesab olunur və bu, tədris prosesinin normal tənzimlənməsi ilə bağlıdır.

Müəllim hansı "xüsusi” hallarda tədris ili ərzində məzuniyyət götürə bilər?

Tədris ili ərzində məzuniyyətdən istifadə etmək üçün qanunvericilikdə konkret "xüsusi hallar” ayrıca göstərilməyib. Nazirliyin açıqlamasına görə, belə zərurət ailə, məişət və digər sosial səbəblərdən yarana bilər. Bu halda müəllim məzuniyyətin müddətini və başlanma tarixini göstərməklə işəgötürənə yazılı müraciət etməli, ərizəsində məzuniyyətin tədris ili ərzində götürülməsi zərurətini qeyd etməli və mümkün olduqda bunu təsdiqləyən sənədləri əlavə etməlidir.

Məktəb rəhbərliyi müəllimin məzuniyyət istəyini dərs bölgüsündə çətinlik yaranacağı əsasını gətirərək rədd edə bilərmi?

İşəgötürən isə qərar verərkən müəssisənin normal fəaliyyətinin təmin olunmasını, dərs prosesinin fasiləsizliyini, kadr təminatını, əvəzləmə imkanlarını və dərs yükünün tənzimlənməsini nəzərə almalıdır. ƏƏSMN bildirir ki, bu şərtlər mümkün olduqda təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərin tədris ili ərzində məzuniyyətinə razılıq verilə bilər. Əgər razılıq olmazsa, müəllim əmək məzuniyyətindən yalnız yay tətili dövründə istifadə edə bilər.

Eyni zamanda, imtina zamanı Əmək Məcəlləsinin 16-cı maddəsində təsbit edilən ayrı-seçkiliyin yolverilməzliyi prinsipinə əməl olunmalıdır. Tədris ili ərzində məzuniyyətin verilməsinə imtina edildikdə və bu hal əmək mübahisəsi doğurarsa, işçinin tələbi ilə imtinanın səbəbi barədə yazılı məlumat təqdim oluna bilər.

Nazirlik onu da vurğulayır ki, müəllim məzuniyyətdə olduğu müddətdə dərs saatlarının əvəzlənməsi məsələsi Əmək Məcəlləsinin 58-ci və 61-ci maddələrinə uyğun olaraq əvəzçilik və ya əvəzetmə qaydasında işəgötürənin səlahiyyətləri çərçivəsində tənzimlənir.
Müəllim əmək hüquqlarının pozulduğunu hesab etdiyi hallarda isə ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya birbaşa məhkəməyə müraciət edə bilər.

Beləliklə, yeni dəyişiklik müəllimlərə əlavə məzuniyyət hüququ yaratmasa da, illik məzuniyyətin istifadə imkanlarını daha çevikləşdirir və tədris ili ərzində yaranan sosial zərurətlər zamanı müəllimlərin bu hüquqdan real şəkildə yararlanmasını təmin edir.

©Azərbaycan müəllimi






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook