Müdafiə Nazirliyindəki milyonluq yeyintilərin pərdəarxası
Fevral 22
15:06
2016
Maddi Texniki Təminat Baş İdarəsinin rəisi Fuad Məmmədovu hansı general himayə edir?
Son dövrlər Müdafiə Nazirliyi sistemində həyata keçirilən kadr islahatları, hərbi qulluqçulara diqqət və qayğının artırılması, hərbi təlimlərin keçirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, ordu ilə ictimai əlaqələrin gücləndirilməsi və mülki şəxslərin müəyyən işlərə cəlb olunması nəticəsində hərbçilərin tamamilə öz peşələri ilə məşğul olmasına və ordumuzun güclənməsinə müsbət təsir edib. Bunun nəticəsidir ki, Cənubi Qafqazın ən güclü ordusunu formalaşdırmış Azərbaycan daim müasir hərbi texnika və silahla ordunu möhkəmlədir. Milli Təhlükəsizliyin təmin edilməsində vacib amillərdən biri güclü və müasir silah, hərbi texnika ilə təchiz edilmiş ordunun mövcudluğudur. Mürəkkəb siyasi situasiyanın mövcud olduğu bir coğrafiyada yerləşən, ərazisinin 20 faizi düşmən tərəfindən işğal olunmuş Azərbaycan üçün ordunun döyüş hazırlığının yüksək səviyyədə olması və müasir silah növləri, hərbi texnika ilə təmin edilməsi olduqca zəruridir. Bu baxımdan milli müdafiə sənayesi kompleksinin yaradılması, silah və texnikanın milli istehsal olması milli məhlükəsizliyin təmin edilməsinə zəmanət verir və xaricdən silah alışına görə müəyyən asılılığı aradan qaldırır. Etiraf etmək lazımdır ki, Zakir Həsənov müdafiə naziri vəzifəsinə təyin olunandan sonra bu sahədə xeyli dəyişikliklərin şahidi olduq. Nazirin rəhbərliyi altında Azərbaycanın hərbi sistemində rüşvət və korrupsiyaya bulaşmış şəxslər aşkar edilərək barəsində ciddi tədbirlər həyata keçirilir.
Amma bütün bunlara baxmayaraq, hazırda Müdafiə Nazirliyində yüksək vəzifələri tutan bəzi şəxslər işlərinə istənilən səviyyədə məsuliyyət göstərmirlər, qanundan kənar işlərə qol qoymaqdan çəkinmirlər. Gundelik-baku.com olaraq Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin rəisi, nazir Zakir Həsənovun müavini, polkovnik Fuad Məmmədovun adının hallandırıldığı qalmaqallı məsələlər haqda məlumat vermişdik. Təkrarçılıq olmasın deyə həmin yazılardan sitat gətirmək istəmirik.
Apardığımız yeni araşdırmalar nəticəsində öyrəndik ki, Fuad Məmmədov nazir Zakir Həsənova bir o qədər də etibarlı deyil. Çünki bu adam yalnız və yalnız şəxsi maraqları üçün çalışır. Bu barədə az sonra məlumat verəcəyik.
Məlumat üçün deyək ki, Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin əsaslı təmir edilmiş inzibati binası bir müddət əvvəl istifadəyə verilib. Sahəsi 3 hektar ərazini əhatə edən inzibati binanın təmirinə 2013-cü ilin noyabr ayında başlanılıb. Ümumi sahəsi 3090 kv.m olan bina 3 mərtəbədən və zirzəmidən ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub. Təmir işləri çərçivəsində burada qazanxana inşa edilib və bina mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunub. Bundan əlavə ərazidə müasir tələblərə cavab verən yeməkxana da istifadəyə verilib.
Xatırladaq ki, bina istifadəyə verilərkən müdafiə naziri hərbi hissələrin ərzaq, əşya-əmlak təminatına nəzarətin gücləndirilməsi, silah-sursatla təchizatı, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə əlaqədar tapşırıqlar verib. Araşdırmalar zamanı öyrəndik ki, Fuad Məmmədov idarəyə rəis təyin olunandan sonra hərbi hissələrin ərzaqla təminatı, əsgər yataqxanalarının, hərbi şəhərciklərin tikintisi məsələlərini öz nəzarətinə keçirməyi bacarıb: «O bu posta keçəndən sonra bir neçə əsgər yataqxanası istifadəyə verilib.
Hazırda bəzi bölgələrdə həmin yataqxanaların bir neçəsinin tikintisi davam etdirilir. İdarə rəisi tikinti işlərində öz mövqeyini açıq şəkildə ortalığa qoyub. Belə ki, Fuad Məmmədov əsgər yataqxanalarının və hərbi şəhərciklərin tikintisinə lazım olan tikinti materiallarını özünə yaxın şirkətlərdən alır. Beləliklə 1 manata alınan material 2-3 qat artıq qiymətə sənədləşdirilir. Bununla da dövlətin büdcəsinə külli miqdarda ziyan dəyir.
Digər tərəfdən, cəbhə xəttində yerləşən bir sıra hərbi hissələrin ərzaqla təminatı çox bərbad vəziyyətdədir. Bunun əsas səbəbkarı sözsüz ki, Fuad Məmmədovdur. Onun rəhbərliyi altında hərbi şəhərciklərə ayrılan ərzaq məhsullarının və quru əsgər qida paylarının yetərli hissəsi müxtəlif dükanlarda satışa çıxarılır. Çox güman ki, nazir Zakir Həsənovun polkovnikin əməllərindən xəbəri yoxdur. Əgər nazir onun hansı işlərlə məşğul olduğunu bilsə, idarə rəisini bir gün belə işdə saxlamaz».
Başqa bir məlumatda isə deyilir ki, Fuad Məmmədov dara düşən kimi, yaxud hansısa problemlə üzləşəndə generallardan birinin adından istifadə edir. Polkovnikin həmin generalla əlaqələri və ona necə «xod» tapması barədə isə növbəti yazımızda oxuyacaqsınız.
Qlobal.az