MTRŞ-nin “Space”i məhkəməyə verməsinin səbəbi açıqlandı
May 07
11:39
2020
Milli Televiziya və Radio Şurasının (MTRŞ) "Space” televiziya kanalı ilə bağlı məhkəməyə müraciət etməsinin səbəbi məlum olub.
Bu barədə "Report"a açıqlama verən MTRŞ sədrinin köməkçisi Fazil Novruzov bildirib ki, sözügedən televiziya kanalı İnzibati Xətalar Məcəlləsinin 383-cü maddəsini (teleradio proqramlarından istifadə qaydalarını pozma) pozduğuna görə barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib:
"Bu protokol digər televiziya kanalının materialını istinadsız təqdim etdiyinə görə tərtib edilib. Kanalın cərimə olunub-olunmaması barədə isə məhkəmə qərar verəcək. "Space” televiziyasında hansı kanalın materialından istinadsız istifadə olunduğunu isə deyə bilmərəm".
Qeyd edək ki, MTRŞ-nin mayın 6-da iclası keçirilib. İclasda 1-3 may 2020-ci il tarixlərində ümumrespublika televiziya kanallarının efirinin monitorinqinin nəticələrinə baxılıb.



