SON XƏBƏR

MTN-də 8 milyon dolları alınan iş adamı generalın məhkəməsinə gəldi, qalmaqal oldu - FOTOLAR

Aprel 06
11:04 2022
1 aylıq fasilədən sonra, Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Elbəy Allahverdiyev mətbuat nümayəndələrinin açıq məhkəmə prosesində iştirakına imkan vermir. Hər dəfə bir bəhanə gətirib jurnalistlərin məhkəmə zalına buraxmır.

Sonuncu prosesdə iş üzrə zərərçəkən İbrahim Zeynalovun oğlu İlqar Zeynalov ifadə vermişdi. O, atasının xəstə olduğunu, bu səbəbdən prosesə onun nümayəndəsi kimi prosesə qatıldığını açıqlamışdı. Aprelin 5-nə təyin edilən prosesə isə İbrahim Zeynalov özü gəlib. İlqar Zeynalov jurnalistlərə bildirib ki, atası 3 ağrıkəsici iynə vurdurmaqla prosesə qatılmaq qərarı verib.

İbrahim Zeynalov səhhətindəki problemlərdən, xüsusən ayaqlarındakı ağrılardan əziyyət çəkir. O, məhkəmə binasına bir neçə nəfərin köməyi ilə, nimdaş geyimdə, cırılmış qaloşda gəlib.



Prosesin keçirildiyi zal məhkəmənin 2-ci mərtəbəsində yerləşdiyində İbrahim Zeynalov 2-ci mərtəbəyə çətinliklə, yanındakı şəxslərin qollarından tutmaqla, fasilə verməklə qaldırılıb.

Onun səhhətini nəzərə alaraq məhkəmə zalında oturulu halda ifadə verməsinə şərait yaradılıb.

İbrahim Zeynalov sərbəst ifadəsində ibtidai istintaqa verdiyi ifadəni tam şəkildə təsdiq etdiyini bildirdi. Əlavə olaraq o, deputat Ziyad Səmədzadəni ona qarşı cinayət sifarişi verməkdə ittiham edib:

"Deputat Ziyad Səmədzadə ilə uzun illər dost olmuşuq. O, mənim harada nəyim vardısa, hər şeyin canlı şahidi idi. Bilirdi ki, zavodum, fabrikim, sexlərim, evlərim, mülklərim var. Mən heç zaman ağlıma gətirməzdim ki, bu adamdan bir gün təhlükə gələ bilər. Çünki illər boyu Ziyad Səmədzadənin cibxərcliyini, səfərlərinin maliyyələşməsini mən elədim. Qızına torpaq bağışladım, həmin torpaqda inşa edilən evin tikinti materiallarını, kafel-metlaxını, qranit daşlarını Almaniyadan alıb gətizdirdim, hədiyyə elədim. İllərlə toy-yasımız bir olub. Bir gün də Ziyad Səmədzadə özlüyündə düşünüb ki, mənim biznesimə şərik ola bilər. Belə də eləyib. Mənə deyəndə ki, bizmesinin 49 faizini mənim və ya qızımın adına sənədləşdir, ona cavab verdim ki, Ziyad, bilirsən ki, biznesi uşaqlarıma görə qurmuşam, sənə pay verə bilmərəm. Dedim ki, get işinlə məşğul ol! Ziyad Səmədzadə də dedi ki, bax, sənin başına nə oyun açacağam! Heç ağlıma gəlməzdi ki, məni tutdurar, başıma oyun açar. Bu söhbətdən az müddət keçdi, günlərin birində məni MTN-ə sifariş edib tutdurdu”.



Zərərçəkən İbrahim Zeynalov deyib ki, 19 dekabr 2008-ci ildə səhər saat 10 radələrində işə getmək üçün yaşadığı mənzildən çıxmaq istəyərkən qapı döyülüb: "Qapını açanda 2-3 nəfər şəxs özlərini MTN əməkdaşları kimi təqdim edib məni nazirliyə apardılar. Düz Yasin Məmmədovun kabinetinə getdik. O vaxta qədər Yasin Məmmədovu tanımırdım. Elə qapıdan içəri girmişdim ki, barmağı ilə 1 işarəsini göstərib dedi ki, bunu verməsən, səni buraxmayacağıq. Bir nə deməkdir, soruşdum, Yasin yenə barmağını göstərdi. 1 milyon deyirsən, soruşdum. Dedi ki, yox, 10 milyon deyirəm. Məni MTN-ə aparanlardan birinin adı Nazim idi. O, Yasinin kabinetinə əlində kağız və pul ilə birlikdə gəldi. Dedi ki, "sənin işçin Solmazı gətirmişik, buradadır, deyir ki, sənə 1650 manat pul verib, həmin pul əlimdəki puldur”.
 
Nazim pulu göstərib "bu pulu sənin üzərindən aşkar etməyimizi, həmin pulun sənə Solmaz tərəfindən verildiyini sənəddə yazmışıq, götür bu sənədi imzala, narahat olma, hər şey yaxşı olacaq” dedi. Yasin Məmmədovla işçisi Nazimin danışığından başa düşdüm ki, bütün bunlar Ziyad Səmədzadənin Eldar Mahmudovla birlikdə başıma açdıqları oyundur. Tutulacağımı başa düşdüyümə görə həmin sənədi imzaladım. Nazim məni iş otağının yanındakı başqa otağa apardı. Səhərə kimi həmin otaqda qaldım. Orada barəmdə cinayət işi başlandı. Növbəti gün Yasin Məmmədov məni dindirdikdən sonra Səbail rayon məhkəməsinə apardılar. Orada barəmdə 2 ay müddətinə həbs qəti-imkan tədbiri seçildi. Ertəsi gün Mövlam Şixəliyev məni xidməti otağında qəbul etdi. Həmin otaq 6-cı mərtəbədə Yasin Məmmədovun otağı olan dəhlizdə yerləşir. Aralarında təxminən 3-4 otaq var. Məni Mövlam Şixəliyevin otağına Yasin Məmmədov apardı. Görüş zamanı Mövlam Şixəliyev məni qanunsuz işlər görməkdə ittiham elədi. Məni hədələdi və Yasin Məmmədova işi ciddi istintaq etməyi tapşırdı. Bundan bir neçə gün sonra Yasin Məmmədov məni otağına gətizdirib sağ əlinin şəhadət barmağını göstərərək "sən burada qalmalı adam deyilsən, bunu ver, çıx, get evə” dedi. Yasin Məmmədovun məndən 1 milyon dollar pul istədiyini fikirləşirdim. Yasinə "məni burax, axşama kimi pulu gətirim verim sənə” dedim. Lakin Yasin "sən deyəsən məni başa düşmədin, nə 1 milyon?! 10 milyon dollar! Əgər pulu verməsən sənə köməklik edilməyəcək” dedi. Bu qədər məbləğdə pul düzəltmək mümkün olmadığını dedim. Hələlik 2 milyon manat pul verə biləcəyimi dedim. Qalanını da azadlığa çıxandan sonra hissə-hissə düzəldib verməyi təklif elədim. Yasin Məmmədov bununla razılaşmadı. Sonrakı günlərdə də Yasin Məmmədov məni tez-tez otağına gətizdirdi. 10 milyon dollar tələb edirdi. Vəkilim vasitəsi ilə oğlum İlqara "məndən 10 milyon dolları pul istəyirlər, əmlaklarımızı sat, pulu ver, burada qala bilmirəm” məzmunlu məktub yazdım. İlqar da xəbər göndərdi ki, "artıq evin birini satmışıq, bütün əmlakları satışa çıxarmışıq, darıxma, pul düzəldirik”.



Növbəti dəfə təxminən 15 gün sonra məni Mövlam Şixəliyevin otağına apardılar. Mövlam Şixəliyev Yasin Məmmədovun yanında mühasibim Qüdrətlə maraqlandı. Yasin otaqdan çıxan kimi Mövlam Şixəliyev Qüdrətin buraxılmasına görə Yasin Məmmədova nə qədər pul verdiyimi soruşdu. Dedim ki, Qüdrətə görə 50 min manat vermişəm. Bundan sonra Mövlam Şixəliyev Qüdrəti tutmayacaqlarını və onun işinin də həllinə görə kömək edəcəyini dedi. Bu görüşdən təxminən 15-20 gün sonra Yasin Məmmədov məni yenə Mövlam Şixəliyevin otağına apardı. Mövlam Şixəliyev əvvəlki görüşlərdən fərqli danışdı. Bir az mülayim, səmimi söhbət elədi, Ziyad Səmədzadə ilə aramızdakı münasibətləri dəqiqləşdirdi. 2009-cu ilin mart ayında, Novruz bayramına 3-4 gün qalmış qardaşım Məzahim Zeynalovla MTN-nin binasında görüş təşkil etdilər. Məzahim mənə "darıxma, nəyimiz var, hamısını satırıq, pulu düzəldəcəyik” dedi. Bir neçə aydan sonra məni Penitensiar Xidmətin Müalicə Müəssisəsinə etap etdilər. Bir qədər orada qaldıqdan sonra, 2009-cu ilin iyul ayında MTN-nin istintaq təcridxanasına qaytardılar. Elə həmin gün Yasin Məmmədov məni öz otağına gətizdirdi. Dedi ki, "oğlun İlqar 8 milyon dollar pul verdi, səni buraxıram, amma çağıranda gələrsən”. Penitensiar Xidmətin Müalicə Müəssisəsindən qayıdan gün Yasin Məmmədov məni Mövlam Şixəliyevin otağına apardı. Mövlam Şixəliyev səhhətimlə maraqlandı. O da dedi ki, oğlun İlqar Zeynalov hər şeyi həll etdi. Lakin məni buraxa bilmədiklərini, yaxın günlərdə Eldar Mahmudovun qəbuluna düşən kimi məruzə edib məni buraxacağını bildirdi. Növbəti dəfə Mövlam Şixəliyevlə ev dustaqlığına çıxan gün görüşdüm. Həmin gün Mövlam Şixəliyev Yasin Məmmədovun otağına gələrək "sənədlərini tez hazırla, burax. Daha tez-tez çağırma” deyib tapşırdı. Məni buraxdıqları gün Solmaz da istintaq idarəsində idi. O da dedi ki, məni buraxacaqlar, bu münasibətlə məni təbrik etdi. Həmin dövrdə heç bir ağır xəstəlikdən əziyyət çəkmirdim. Yasin Məmmədov isə "səni ağır xəstəliyinlə əlaqədar olaraq həbsdən azad edirəm” dedi. Buraxıldıqdan sonra qardaşım Məzahim və oğlum İlqar Yasin Məmmədova 8 milyon dollar pul verdiklərini, daha dəqiqliklə həbsdən buraxmamışdan 3 gün əvvələ kimi 3 gün ərzində İlqarın həmin pulu Yasin Məmmədovun tapşırığına əsasən televizor qutularında qablaşdırılmış vəziyyətdə MTN-nin girişində Yasin Məmmədovun göndərdiyi şəxslərə təhvil verdiyini bildirdilər.



Danışdllar ki, həmin pulları mənə məxsus olan, Şamaxı şosesi 1 ünvanda yerləşən evimdə rəhmətlik həyat yoldaşım Böyükxanım Muğbil qızı Zeynalova, 2015-ci ildə rəhmətə getmiş oğlum İlkin, 2016-cı ilin yanvar ayında rəhmətə getmiş qızım Səbinə Zeynalova, qardaşım Məzahim Zeynalov tərəfindən sayılaraq həmin qutulara qablaşdırılıb. Pullar Yasin Məmmədova çatdırılıb. Bundan sonra barəmdə olan cinayət işi Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərildi və mənə şərti cəza verildi”.

İbrahim Zeynalov bildirib ki, oğlu, qızı, həyat yoldaşı evlərində aparılan qanunsuz axtarışlar zamanı qorxu-həyəcan keçiriblər: "Qızımın da, oğlumun da, özümün də evlərimizdə axtarış aparıb qızıl-brilyant, pul axtarıblar. Divarları laqonda ilə kəsib-doğrayıblar, parket döşəmələri söküb seyf axtarıblar. Qızım bu hadisə zamanı həyəcan keçirib, qorxub. Xəstəlik tapdı, yataq xəstəsi olmuşdu. Oğlum, ardınca da qızım dünyasını dəyişdilər. Həyat yoldaşım da uşaqlarımızın ölümünə dözmədi, o da həyətdan getdi. Bu adamlar mənim həyatımı alt-üst etdilər. Heç nəyim qalmadı. İllərdir ki, Neftçalada vaqonda yaşayıram”.

İbrahim Zeynalov prosesdə kövrəlib, buna görə də vəziyyəti pisləşib. Ona su verib, yardım göstəriblər.

Bir neçə dəqiqəlik sükutdan sonra İbrahim Zeynalov baş verənlərə görə Yasin Məmmədovu lənətləyib. Bu zaman Yasin Məmmədov ayağa qalxaraq İbrahim Zeynalovun üstünə qışqırmaqla ona tərəf yeriyib. Məhkəmə zalında qovğa düşüb. Digər zərərçəkənlər də Yasin Məmmədovun üzərinə yeriyiblər, ondan geri oturaraq səsini kəsməsini tələb ediblər. Yasin Məmmədov yerinə oturub. Hakim Elbəy Allahverdiyev Yasin Məmmədova xəbərdarlıq edib. Zərərçəkən Hüseyn Səfərov hakimi tərəf tutmaqda ittiham edib:

-Bunlara bu şəraiti yaradan sizsiz. Siz bunların tərəfini tutursuz. Məhkəməni birtərəfli aparırsız. Hakimliyə layiq olmayan hərəkətlərə yol verirsiz. Dövlətin əsaslarını sarsıdırsız. Yasin Məmmədov da həbsdə olmalıdır. Azadlıqdadır deyə zərərçəkənlərə gözünüzün qabağında hədə-qorxu gəlir, səsinizi çıxarmırsız. Biz danışmasaq, sizdən reaksiya yoxdur".



Hakim Elbəy Allahverdiyev Hüseyn Səfərovu məhkəmə zalından çıxarıb.

Bundan sonra zərərçəkən Zaur Əliyev İbrahim Zeynalova bir neçə sual verdi. İbrahim Zeynalov dedi ki, onu sırf mal-mülkünün əlindən almaq üçün qanunsuz olaraq həbsə alıblar:

"1650 manat rüşvəti polis və ya uzağı prokurorluq araşdıra bilərdi. Bu məsələnin MTN-ə heç bir aidiyyatı yox idi. Çünki rüşvət məsələsi də yox idi. Mənim həbsimi Ziyad Səmədzadə sifariş edib, bunlar da mal-mülkümü əlimdən almaq üçün bir ittiham uydurub məni həbs etdilər. Məni faktiki olaraq girov götürüblər. 7 ay 17 gün girov saxlayıblar".

İbrahim Zeynalovun bu sözlərinə Mövlam Şıxəliyev belə reaksiya verib:

"Bu məsələnin araşdırılması xüsusi tapşırıqla bizə həvalə olunmuşdu. Xüsusi nəzarətdə idi. Mən indi həmin adamın adını çəkə bilmirəm. Çünki səhər mətbuatda çıxacaq. Vaxt gələr, zaman gələr, açıb deyəcəyəm. Bu işə prokurorluğun da xüsusi nəzarəti olub".

Yasin Məmmədov da İbrahim Zeynalovla əlaqəli işi prosessual qaydalara uyğun araşdırıldığını dedi.

Bundan sonra İbrahim Zeynalovun yaxınları şahid qismində ifadə veriblər. Onlar İbrahim Zeynalovun qanunsuz həbsindən sonra övladlarının, qardaşının evlərini, əmlaklarını sataraq 8 milyon dollar düzəltdiklərini və aparıb MTN-ə verdiklərini təsdiq ediblər.

Bundan sonra proses 12 aprelə qədər təxirə salındı.

Mənbə: "Yeni Müsavat”

Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook