Moskvada Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı qurbanları yad edildi
Fevral 25
11:21
2021
Moskvanın Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) "Alef” Yəhudi Gənclər Təşkilatı ilə birlikdə Xocalı və Xolokost qurbanlarının xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirib.
Konfransda çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan xalqının bu gün Xocalı soyqırımını qalib xalq kimi qeyd etdiyini bildirib: "Güclü və müdrik Ali Baş Komandanın rəhbərliyi altında, cəsur ordusu sayəsində Azərbaycan çoxdan gözlənilən qələbəni qazandı”.
Azərbaycanlılara qarşı vəhşilik Gümrü şəhərində də baş verib. Amasiya rayonunun 21 min nəfərlik əhalisinin 18 minini azərbaycanlılar təşkil edirdi. Etnik təmizləmə nəticəsində həmin insanlar öz ata-baba yurdlarından qovuldular. Ən təəccüblüsü isə Qorbaçov başda olmaqla Sovet İttifaqı rəhbərliyinin özünü heç nə baş verməmiş kimi aparması idi. Azərbaycanlıların mərkəzə göndərdiyi bütün şikayətlər ya cavabsız qalırdı, ya da onlara formal reaksiya verilirdi.
1988-ci ilin yanvarında Ermənistandan on minlərlə azərbaycanlı qaçqın Bakıya gəlməyə başladı. Ümumilikdə, təkcə Ermənistandan qovulan azərbaycanlıların sayı 200 mini keçirdi. Azərbaycanlıların Ermənistan qovulması erməni separatçılarının böyük planlarının hələ başlanğıcı idi. İkinci mərhələdə azərbaycanlılara qarşı Dağlıq Qarabağda, daha sonra isə yeddi rayonda etnik təmizlənməyə başlanıldı.
17 fevral 1992-ci ildə Qaradağlı kəndində 68 sakin vəhşicəsinə öldürüldü, 49 nəfər əsir götürüldü, bəzilərindən isə indiyə kimi hələ də xəbər yoxdur.
Kəlbəcər rayonunun Ağdaban kəndində 1992-ci ilin aprelində 99 nəfər öldürülüb, 140 nəfər isə yaralanıb. Və nəhayət 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı ən qəddar qırğınlar törədilib”.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri, fəlsəfə elmləri doktoru Tamilla Əhmədova çıxışında Xocalı faciəsini Azərbaycan tarixində ən ağrılı səhifələrdən biri adlandırıb: "Həlak olanların ağrısı 2008-ci ildə "Xocalıya ədalət!” beynəlxalq kampaniyasının yaradılmasına təkan verdi. Bu kampaniya Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR sədri Leyla xanım Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə təşkil olundu. Tələbələr, gənclər, cəmiyyətin ən aktiv hissəsi hərəkatın fəalları oldular. Azərbaycanlı gənc nəsil dünyadakı həmyaşıdlarına Xocalı ilə bağlı həqiqətləri çatdıraraq səy göstərir ki, belə bir faciə heç vaxt heç yerdə təkrarlanmasın. İnanırıq ki, onlar bu hədəfə çatmağa qadirdir”.
T. Əhmədova Xocalı qurbanlarının xatirəsinin 29-cu ildönümünün xüsusi olduğunu vurğulayıb: "Cəsur Azərbaycan Ordusu əzəli torpaqlarımızı geri qaytarıb, Qarabağa azadlıq bəxş edib”.
Daha sonra çıxış edən Rusiya Siyasi Tədqiqatlar İnstitunun baş direktoru, tanınmış politoloq Sergey Markov Xocalı soyqırımını törədənlərin mütləq cinayət məsuliyyətinə cəlb olunmalı olduğunu bildirib: "Şübhəsiz ki, Xocalı faciəsi insanlığa qarşı ən vəhşi hərbi cinayətdir, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktıdır. Bu cinayət axıra qədər araşdırılmayıb. İndiyə kimi bu cinayətin günahkarları məsuliyyətə cəlb olunmayıb. Xocalını törədənlər indiyə kimi Ermənistanda hakimiyyət strukturlarında hansısa mövqeyə malikdirlər. Biz bütün dünya ictimaiyyətinin diqqətli ona cəlb etməliyik ki, Xocalıdakı qanlı qətliamın günahkarları cəzalarını alsınlar”.
Rusiyalı siyasi ekspert Ermənistan-Azərbaycan münaqişəsinin ermənilər tərəfindən başladıldığını, ilk olaraq azərbaycanlıların Ermənistanda, daha sonra isə Dağlıq Qarabağ və ona bitişik rayonlarda etnik təmizlənməyə məruz qaldığını xüsusi vurğulayıb.
"ALEF” Yəhudi Gənclər Hərəkatının rəhbəri Abram İxiilov çıxışında bugünkü tədbirin Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində keçirilməsinin vacibliyini qeyd edib: "Biz ilk dəfə olaraq Holokost və Xocalı soyqırımlarını bir tarixi məzmunda təqdim edirik. Xocalı XX əsrin sonunda törədilmiş ən qəddar faciədir. Gənc nəsil əlindən gələni etməlidir ki, bu cür faciələr tarixdə bir də təkrarlanmasın”.
Tədbirdə Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev və Xocalı faciəsinin şahidi Valeh Hüseynovun video müraciətləri nümayiş etdirilib.
"Xocalı soyqırımı: XX əsrin faciəsi”, "Holokost: yaddaş və xəbərdarlıq”, "Gənclərin rolu: tarixi yaddaşın qorunması, vətənpərvərlik ruhunun və millətlərarası ünsiyyət mədəniyyətinin tərbiyəsi istiqamətində iş” və s. mövzularda məruzələr dinlənilib.



