SON XƏBƏR

​Minlərlə vətəndaşı aldadaraq milyonlar qazanan vəzifəli şəxslər hakim qarşısına çıxarılır

Avqust 04
10:54 2016
Bakıda və əksər bölgələrdə minlərlə vətəndaşı aldadaraq onlardan işə düzəltmək adı ilə pul alan şəxslər hakim qarşısına çıxarılır. Onlar "Azər Mühafizə” MMC və "Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləridirlər.

Xatırladaq ki, adı çəkilən şirkətlərin fəaliyyəti ilə bağlı ötən ilin müxtəlif aylarında paytaxt Bakı ilə yanaşı bir çox rayonlarda etiraz aksiyaları keçirilmişdi. Aksiyaların keçirilməsinə səbəb həmin şirkətlərin bölgələrdə və Bakıda vətəndaşlardan onları işə düzəltmək adı ilə pul almaları, ancaq verdikləri vədə əməl etməmələri olub. 

Musavat.com-un məlumatına görə, yüzlərlə zərərçəkmiş vətəndaş ilk olaraq Bakıda, Prezident Administrasiyasının qarşısında aksiya keçiriblər. Narazı kütlə "Qala BTX” MMC-nin rəhbərliyinə işə düzəlmək üçün minimum 2-3 min manat depozit ödədiklərini bildiriblər. Onların arasında işə düzəldikdən sonra 2-3 ay maaş alanlar olduğu kimi, depoziti ödədikdən sonra ümumiyyətlə maaş almayan şəxslər də olub. 

Bakıda başlayan aksiyaların davamı olaraq digər bölgələrdə- Tərtər, Bərdə, Goranboy, Ağcabədi, Mingəçevir və bir çox şəhərlərdə zərərçəkmişlər aksiyalar keçirməyə başlayıblar. Onlar ödədikləri depozitlərin qaytarılmasını, işlədikləri müddətdə onlara verilməli olan maaşların ödənilməsini tələb ediblər.

Etiraz aksiyalarından sonra prokurorluğa dəvət edilən və problemləri dinlənilən şəxslər musavat.com-a həmin şirkətlərin Bakı və bölgələr də daxil olmaqla ümumilikdə 10 mindən çox işçisi olduğunu bildirmişdilər. Onların söylədiyinə görə  hər kəs müəyyən məbləğdə depozit qoymaqla işə düzəlib. Zərərçəkmişlər arasında 100 min manat depozit qoyanlar belə olub. Qoyulan depozitin məbləği şirkətin vəd etdiyi vəzifəyə uyğun olaraq dəyişirmiş.
Vətəndaşlardan minimum 2-3 min manat məbləğində depozit alan şirkət ilk 2-3 ay müddətində həmin şəxslərə 600-700 manat aylıq əmək haqqı verib. 

Etiraz aksiyaları maaşların verilməsi 3 ay gecikdikdən sonra başlayıb. Hımin vaxt məlum olub ki, minlərlə bu cür zərərçəkmiş şəxs var və onların əksəriyyəti depozit qoysalar da heç bir işlə təmin edilməyiblər.

Bir neçə gün ölkə mətbuatında gündəm mövzularından olan bu hadisədən sonra hüquq-mühafizə orqanları hərəkətə keçib.  
Həmin dövrdə məsələ ilə bağlı Daxili İşlər nazirliyi rəsmi məlumat yayaraq, "Azər Mühafizə” MMC və "Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxslərinin ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçirdiyini bildirib.

Rəsmi məlumatda qeyd edilir ki, "aparılan araşdırmalar zamanı müəyyən olunub ki, "General” MMC, daha sonra "Azər Mühafizə” MMC və "Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin direktoru V.Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb”. 

Dəstə üzvləri 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar. Beləliklə də, həmin şəxslər paytaxtda, respublikanın digər şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq ediblər.

Həmin faktlar üzrə cinayət işi başlanılıb, V.Hüseynov, M. Cəfərov, K.Bayramov, A.Həsənov və F.Babayev barələrində 2015-ci ilin fevral ayında həbs qətimkan tədbiri seçilib. 
 
Həmin şəxslər Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

Qeyd edək ki, adı çəkilən şəxslərin həbsindən sonra zərərçəkmişlər növbəti dəfə bir araya toplaşaraq aksiya keçirmişdilər. Onlar adı çəkilən şəxslərin həbsinin təqdirə layiq hal olduğunu, lakin belə olan halda onlara pullarının qaytarılmayacağını deyirdilər. Zərərçəkmişlər tələb edirdilər ki, şirkət rəhbərliyinin şəxsi əmlakı, şirkətə məxsus ofislər satılsın və onlara dəymiş ziyan ödənilsin.

Əldə etdiyimiz məlumata görə, adı çəkilən şəxslər həbs edildikdən sonra onların əmlakına həbs qoyulub. Lakin bu günə qədər narazı vətəndaşlardan alınan məbləğin geri qaytarılıb-qaytarılmaması haqda dəqiq məlumat yoxdur.

Yeni məlumat isə ondan ibarətdir ki, "Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov və daha 23 nəfər şəxsin cinayət işinin ibtidai istintaqı artıq başa çatıb.

Ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək, onların külli miqdarda vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxslərin cinayət işi məhkəyə göndərilib.
 
İş yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. İlkin məlumata görə, iş üzrə mindən çox zərərçəkmiş var. Onların sayının artacağı da gözlənilir. Ümumilikdə dəymiş ziyanın miqdarı 100 milyon manatdan çox olduğu deyilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook