Milli Şura üzvü: “Xalq mitinqə dəstək verməsə, sonra deməsin ki, müxalifət yoxdur”
Sentyabr 03
05:49
2016
Sabahdan Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar referendumqabağı təşviqat başlayacaq.
Məlumata görə, Seçki Məcəlləsinə əsasən referendum üzrə qeydə alınmış təşviqat qrupları tərəfindən referendumqabağı təşviqatın aparılması prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalanadək dayandırılır. Sentyabrın 26-na təyin edilmiş referendumla əlaqədar bu proses sentyabrın 3-də başlanacaq, sentyabrın 25-i saat 8.00-da dayandırılacaq.
Konstitutsiyaya dəyişikliyi dəyərləndirən Ziyalılar Birliyinin rəhbəri, Milli Şuranın üzvü, kinodramaturq Eldəniz Quliyev Cümhuriyyət. az-a söyləyib ki, gözlənilən dəyişikliklər heç bir pozitiv yenilik gətirməyəcək: "Hakimiyyətin bu cür bölüşdürülməsi,yəni yeni vitse- prezidentlik institutunun yaradılması demokratik prinsiplərə uyğun olmayan addımlardır. Ölkənin idarə olunması və demokratiya əsasən xalqın iştirakını nəzərə tutur. Amma tutaq ki, birinci vitse prezidenti və vitse prezidenti xalq seçməyibsə, o adamlar həmin xalqı necə idarə edə bilər? Bu mövzunun geniş müzakirəyə ehtiyacı var. Xalqın əksəriyyəti referendumun mahiyyətindən xəbərsizdir. Nəyə imza atacaqlarını bilmirlər. Ona görə də, Milli Şuranın (MŞ) bu haqda bəyanatı var. Mənim də fikrim həmin bəyanatla üst-üstə düşür. Hər halda çox istərdim ki, hər hansı bir dəyişiklik olacağı təqdirdə, bu, yalnız Azərbaycan xalqının və ölkəmizin xeyrinə olsun”.
"Konstitutsiyaya dəyişiklikləri nə zəruri edirdi?” sualına gəlincə, müsahibimiz söylədi ki, bu, yalnız Azərbaycan siyasi elitasının öz hakimiyyətini qorumaq üçün zəmanətdir: ” İlin- günün bu vaxtı, siyasi texnoloqlar Türkiyə və Yaxın Şərqdə baş verən əhvalatları analiz edərək bu qərara gəliblər ki, hakimiyyəti möhkəmləndirmək üçün referendum keçirmək lazmdır. Və ölkənin "Ana yasa”sına bu dəyişikliklər edilməlidir. Baxın, həmişə bülbül kimi cəh-cəh vuran YAP funksionerləri referendumun izahında çətinlik çəkirlər. Bütün suallara bir cümlə ilə cavab verirlər ki, bu inkişafın tələbidir. Bir cümlə ilə canlarını qurtarmağa çalışırlar. Ortada isə çox ciddi məslə var. "Ana yasa” ya dəyişiklik hər bir ölkənin həyatında tarixi bir hadisədir. Tarixi hadisələri ortaya qoyub analiz etmək lazımdır. Təssüf ki, hakim partiya belə müzakirələr aparmır. Çox güman ki, heç bacarmır da. Hər halda bu işlərdə qaranlıq məqamlar mövcuddur”.
Milli Şuranın(MŞ) referendum əlehinə senytabrın 11-ə təyin olunmuş mitinqinə gəlincə, həmsöhbətimiz qeyd edib ki, başda MŞ olmaqla Azərbaycan demokratik düşərgəsi ölkənin bu vəziyyətində gərək xalqın sözünün desin: "Hesab edirəm ki, xalq da bu mitinqə qatılacaq. Bu yaxınlarda yazı da yazdım ki, xalqda kifayət qədər etiraz enerjisi yığılıb. Mənə elə gəlir ki, xalq mitinqdə dəstək olacaq. Olmayacaqları halda sonra deməsinlər ki, müxalifət yoxdur. Müxalifət bu gün əyninə kəfən geyib, türmələrdə çürüyür. Gözünüzün qabağında nə qədər günahsız insanlar həbs olunurlar. Müxalifət odur ki, özü ac qalıb xalqın ağrısını qışqırır. Xalqın haqlarını tələb edir. Onun üçün xalq bu işə dəstək verməlidir. Çünki mitinq müxalifətin seçkisi deyil. Burada kimsə deputat və yaxud da prezident olmaq iddiası ilə çıxış etmir. Senyyarbrda baş tutacaq mitinq "ağrı mitinqi”dir. Xalqın ağrısının mitinqidir. Xalq özü- öz ağrısına "of” deməyəcəksə, gunah onda xalqın özündədir”.
Qlobal.az



