Milli Şura üzvü olan Hacı Tale Bağırzadəyə sahib çıxacaqmı?
Dekabr 03
12:26
2015
Qurum ilahiyyatçını üzvü kimi təqdim etməkdən yayınır; qəzetimizə son müsahibələrinin birində Hacı Tale Milli Şura ilə bağlı nələr demişdi?
Noyabrın 26-da baş verən Nardaran hadisələrindən 8 gün ötür. Baş verən faciənin səbəbkarı qismində saxlanılan şəxslərdən Müsəlman Birliyi Hərəkatının sədri Hacı Tale Bağırzadə yaxın olduğu müxalif düşərgə tərəfindən heç bir dəstək almadı.
Müxalif düşərgənin susqunluğundan doğan sualların fonunda Hacı Tale və Milli Şura müəmması meydana çıxdı.
Belə ki, Müsəlman Birliyi sədrinin həbsindən bir ay əvvələ qədər onu qəhrəman elan edən, qəhrəmanlığından danışan Demokratik Qüvvələrin Milli Şurası hazırda ikibaşlı siyasət yürütməkdədir. Hətta iş o yerə çatıb ki, müxalif qurum Hacı Taleni öz üzvü kimi cəmiyyətə təqdim etməkdən belə yayınır. Bunu Nardaran hadisələri ilə bağlı Milli Şuranın verdiyi bəyanatda açıq şəkildə gördük.
Təsadüfi deyil ki, geniş bəyanat mətninin heç bir yerində Hacı Talenin qarşısında Milli Şura üzvü olması göstərilməmişdi. Hətta Milli Şuraya yaxın olan mətbuat orqanları vasitəsilə qurumun Müsəlman Birliyi hərəkatı ilə yaxın və uzaqdan heç bir əlaqəsinin olmaması ilə bağlı ilkin "pas”lar atılır. Sosial şəbəkələrdə qurumun tərəfdarlarının Hacı Tale ilə bağlı paylaşdıqları azsaylı statusların heç birində onun Milli Şura üzvü olduğu göstərilmir.
AXCP-nin faktiki olaraq mətbuat orqanı funksiyasını yerinə yetirən "Azadlıq” qəzetinin saytında isə, son bir ayda Tale Bağırzadə yalnız ilahiyyatçı kimi təqdim olunub.
Müsəlman Birliyi hərəkatı sədrinin Milli Şuranın üzvü olması ilə bağlı o həbsdən çıxarkən Cəmil Həsənli və Əli Kərimlinin yazdıqları facebook statuslarını təqdim edirik.
AXCP sədri iyulun 31-də Hacı Tale həbsdən çıxarkən bunları yazıb: "Tanınmış ilahiyyatçı alim, Milli Şuranın üzvü, şərlə mübarizənin öncüllərindən biri olan Hacı Tale Bağırzadəni nisbi azadlıqda – özünün dediyi kimi, böyük zindanda salamlayıram. Kiçik zindanı tərk etdiyinə görə Hacının özünü, yaxınlarını və bütövlükdə demokratik ictimaiyyəti təbrik edirəm”.
Milli Şura sədri Cəmil Həsənli isə bunları yazıb: "Tanınmış ilahiyyatçı alim, Milli Şuranın üzvü Tale Bağırzadə azadlığa buraxılıb. Tale Bağırzadə ölkənin ən nüfuzlu, mükəmməl təhsil almış din adamıdır, kamil iman sahibidir. Azadlığa çıxması münasibəti ilə Tale Bağırzadəyə və onun yaxınlarına gözaydınlığı veririk”.
C.Həsənli və Ə.Kərimlinin yazdıqları bu statusların üstündən 4 ay keçib. Bu müddət ərzində Hacı Talenin Milli Şuradan çıxması, yaxud çıxarılması barədə bir yerdə də məlumat yoxdur. O zaman bir sual meydana çıxır. Daim demokratiyadan dəm vuran, tərəfdarlarını qorumaq görkəmi yaradan Milli Şura rəhbərliyi nə üçün həbs edilən ilahiyyatçını üzvü kimi təqdim etmir, yaxud təqdim etməkdən nə üçün qorxur?
İlahiyyatçının qurumun üzvü olması ilə bağlı daha bir faktı təqdim edirik. Bu il oktyabrın 15-də Hacı Taledən müsahibə alarkən, o, formal da olsa, Milli Şuranın üzvü olduğunu bizə söyləmişdi. Qurumu tərk etməməsi ilə bağlı sualımıza cavab olaraq bildirmişdi ki, seçkilər ərəfəsi olduğundan Milli Şuranı tərk etmir. O, qurumu tərk edərsə, bunu demokratik qüvvələrə zərbə vuracağı kimi qiymətləndirmiş, belə bir imic yaratmaq istəmədiyini qeyd etmişdi.
Bütün bu faktlardan sonra belə qənaətə gəlmək olar ki, Hacı Tale sona qədər üzvü olduğu qurumu tərk etməsə də, Milli Şuranı pis vəziyyətdə qoymamasına baxmayaraq, bu gün Cəmil Həsənli və Əli Kərimli onun arxasında durmaqdan sadəcə "qaçırlar”. Bunlar onu göstərir ki, bu siyasətçilər üçün insanlar istifadə vasitələridir. Onlar xeyirləri dəyəcək şəxslərdən mümkün qədər istifadə etməyə çalışırlar. İstifadə müddəti bitənləri isə, dərhal gözlərini qırpmadan kənara atırlar, sanki onları illərdir tanımırlar. Necə ki, Hacı Tale kimi...
Yazı çapa gedərkən son dəfə Tale Bağırzadənin Milli Şuranın üzvü olmasını dəqiqləşdirdik. Adının çəkilməsini istəməyən qurumun üzvü ilahiyyatçının çıxarılması ilə bağlı indiyə qədər heç bir müzakirənin aparılmadığını və hazırda onun üzv kimi qaldığını söylədi.
musavat.com



