Milli Preventiv Qrup Şəkidəki təcridxanada nöqsanlar aşkarladı - RƏSMİ
Sentyabr 11
14:28
2020
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Milli Preventiv Qrupun üzvləri tərəfindən Şəki Penitensiar Müəssisəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmə həyata keçirilib.
Bu barədə Ombudsman Aparatının məlumatında bildirilib.
Başçəkmə çərçivəsində saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı Milli Preventiv Qrupun üzvləri tərəfindən Penitensiar Müəssisənin İstintaq Təcridxanasına baxış keçirilib. Bir çox təqsirləndirilən şəxslər və məhkumlar fərdi qaydada qəbul edilib, hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb.
Başçəkmə zamanı İstintaq Təcridxanasında sıxlıq olduğu, yetkinlik yaşına çatmayan şəxsin Daxili İntizam Qaydalarına zidd olaraq yetkinlik yaşına çatmış şəxslərlə bir kamerada saxlanıldığı, kameralarda və cərimə otaqlarında yataq dəstlərinin çirkli və bir hissəsinin isə yararsız olduğu müəyyən edilib.
Daxil olan müraciətlər araşdırılıb, hər bir şəxsə hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah olunub.



