SON XƏBƏR

Mətin və dəyanətli ana - FOTO - VİDEO

İyun 26
14:59 2016
Əlimdə pult televizor qarşısında əyləşib yaxşı bir verilişə baxmaq arzusu ilə tez-tez kanalları dəyişirdim. Doğrusu, son illər telekanallarda baxmalı verilişlərin barmaqla sayılacaq qədər az olduğunu bildiyimdən axtardığımı tapacağıma əmin deyildim. Növbə ATV kanalına çatanda ekranda mənə doğma olan, əsl Azərbaycan xanımı, şirin Qarabağ ləhcəsi ilə danışan ağbirçək anamız Şərqiyyə Vəliyevanı gördüm. Və pultu yerə qoyaraq seyr etməyə başladım. "2011-ci ildən "Laçın yurdu” jurnalında çalışdığımdan az da olsa Laçın ictimaiyyətini tanıyıram” – desəm yanılmaram. Bu baxımdan Şərqiyyə xanımın həyat dövrlərini, uğurlarını, ağrı-acılarını daha yaxşı bilirəm. 

2 may 2015-ci ildə Fatma Bağırovanın aparıcılığı ilə yayımlanan "Zərif qəhrəman” adlı bu verilişdə Şərqiyyə xanımın necə dəyanətli, mətin biri olduğunu özlüyümdə bir daha təsdiqlədim. Onun həyat yolundan bəhs edən bu ekran əsərində xatirələrini dinlədikcə gözlərim dolur, özümü güclə ələ alırdım. Yeri gəlmişkən, bir gün "Laçın yurdu” jurnalının baş redaktoru, dostum Arif Məmmədli yanıma gəlmişdi. Onun da Şərqiyyə xanıma böyük rəğbətinin olduğunu çoxdan bilirdim. Dedim ki, bəs Şərqiyyə Vəliyevadan bəhs edən verilişi "YouTube”yə yükləmişəm. O böyük məmnuniyyətlə kompüterdə baxmağa başladı. Mənim keçirdiyim hisslərin təkrarını onun da keçirdiyini hiss edirdim. 12 dəqiqəlik videonun sonluğuna yaxın artıq Arif müəllimin də gözləri dolmuşdu. O ayağa durub bir anlıq heç nə deyə bilmədi. Özünü ələ alandan sonra birlikdə Şərqiyyə xanımın keşməkeşli həyatından, xüsusilə oğlanlarının vəfat etməsindən, bunlara baxmayaraq ondakı dəyanətdən, dözümdən xeyli söhbətlər etdik.

Vəliyeva Şərqiyyə Əkbər qızı 1 iyul 1936-cı ildə Laçın rayonunun Piçənis kəndində anadan olub. 7-ci sinfi bitirdikdən sonra ilk əmək fəaliyyətinə Kirov sovxozunda sağıcı işləyən anasının yanında başlayıb. Maldarlıq təsərrüfatında uzun müddət sağıcı işlədikdən sonra, il ərzində öhdəsində olan hər inəkdən bir bala və hər inəkdən əl ilə 7400 litr süd sağdığına görə 22 mart 1966-cı ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

Müxtəlif illərdə 2 dəfə "Lenin”, "Şərəf Nişanı”, "Oktyabr İnqilabı”, "Qırmızı Əmək Bayrağı”, "Xalqlar Dostluğu” ordenləri və SSRİ-nin bir çox digər orden və medalları ilə təltif olunub.

Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı olub. Müxtəlif illərdə Moskva şəhərindəki Ümumittifaq Kənd Təsərrüfatı nailiyyətləri sərgisində iştirak edib, 2 qızıl, 1 gümüş və 2 bürünc medal alıb.

1952-ci ildən ÜİLKGİ-nin, 1965-ci ildən isə Sov.İKP-nin üzvü olub. 1997-ci ildən YAP-ın üzvüdür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2 oktyabr 2002-ci il tarixli, 1049 nömrəli sərəncamı ilə ona "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü” verilib.

Şərqiyyə xanım Sabir Vəliyevlə ailə qurub, ailəliklə maldarlıqla məşğul olublar. Sabir Vəliyev qabaqcıl maldar olduğu üçün o da bir neçə orden və medallarla təltif edilmişdir.

Şərqiyyə Vəliyevanın oğlanlarının dördü Qarabağ müharibəsində iştirak ediblər. Oğlu Füzuli Vəliyev Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin Mİ-24 helikopterində hərbi təyyarəçi olub. 252 uçuş keçirən, kapitan rütbəsində xidmətini davam etdirərək döyüşlərdə yaralanan kapitan Füzuli Vəliyev 2003-cü ildə hərbi vəzifəsini yerinə yetirərkən həlak olub.

Şərqiyyə xanım 5-i oğlan, 6-sı qız olmaqla 11 övlad böyüdüb tərbiyə edib. 3 oğlunu ardıcıl itirən ananın himayəsində indi 8 qadın və 1 oğlan nəvəsi yaşayır. 
Şərqiyyə Vəliyeva Laçının işğalından sonra Bərdə rayonunun Zümürxan kəndində məskunlaşıb.


Yaşının ahıl çağında olmasına baxmayaraq, Bərdə rayonunda – məskunlaşdığı ərazidə 100 ədədi qoz ağacı olmaqla 1000 müxtəlif ağacdan ibarət meyvə bağı salıb. Cəfakeş qadın hətta o bağda Bakıdan gətirtdiyi subtropik zeytun ağacını belə yetişdirə bilib.


 

 

 

 
 
Araz YAQUBOĞLU,
"Laçın yurdu” jurnalı baş redaktorunun müavini



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook