Məni harada basdırarsınız? - Günay Malikqıznının yazısı
Fevral 16
23:23
2016
Günay MALİKQIZI
Hamı ölür.... hamı torpağa qarışır... İməklədiyi, gəzdiyi, qaçdığı, güldüyü, kədərləndiyi, sevdiyi, nifrət etdiyi qısası üzərində yaşadığı torpağa hamımız qarışacağıq. Heç kim xoşbəxt ölmür. Hətta ən xoşbəxt saydıqlarımız belə hələ ölümün tez olduğunu düşünərək gözlərini əbədi olaraq yumurlar. Çox vaxt heç düşünməyə vaxt olmur. Ölüm gəlir Biz isə gedirik. Getdiyimiz yer haqda dərin fikirlər yürütmək istəməzdim. Əslində istəsəm də bacarmaram. Amma "Ölüm” torpağa qarışmaq, gözlərimizi əbədi olaraq yummaq demək deyil. Bunu dəqiq bilirəm.
Ölümü yaxından görmüşəm axı 9 yaşımda... Onun ağ gəlinlik paltarlı bir qızı apardığını gördüm. O yağışlı gecədə hamı 22 yaşlı xalamın ölümünə aglayırdı, amma sən demə o hələ evdəymiş, bizimləymiş... Xalamın ağ gəlinlik paltarında, Laçında babamın evinin çay daşları ilə düzülmüş yolunda uzaqlaşdığını görəndə onu kimin apardığını anlamırdım. Getməsini istəmirdim. Qışqırıb onu qaytarmaq istəsəm də alınmadı. Susdum. Baxdım. Heç kimə demədim. Unutmağa çalışdm... Axı o özünü heç vaxt unutdurmur. Əslində müdrük insan hər an onu xatırlayaraq yaşamalıdır. Mən də indi bu sətirləri oxuyan bir çoxlarımız kimi o müdrüklərdən deyiləm. Unutmağa çalışdığım "ölüm” 19 yaşımda atamla birgə evimizdən ayrılanda bir şeyi dəqiq bilirdim, onu bir daha görmək istəmədiyimi... Torpağa qarışanları, gözlərini əbədi yumanları unutmuruq. Amma ölümün qayıdacağını unudururq. Unutduğumuz bu həqiqət həyatımızdakı çox hərəkətlərimizi yalana çevirir.
Beləcə yaşayırıq və ölürük. Yaşadıqlarımız yalan, ölümümüz isə həqiqət olur. Bir dəyişilməz həqiqət də var. Bu həqiqəti heç kim izah edə bilmir, amma hamı doğulduğu torpağa qarışmaq istəyir. Atamın vəfatından iki gün əvvəl dediyi "İnsan qocaldıqca doğulduğu torpaq onu çəkir.” cümləsi qulağımdadır. Əslində atam qocala bilmədi. Heç doğulduğu torpağa da onu tapşıra bilmədik. Ondan sonra ölənləri də doğulduqları torpaqlara tapşıra bilmirik. Nənəm 22 yaşlı balasının, bir də onun basdırıldiği torpağın həsrətilə ölümün arxasınca getdi. Görəsən neçə ana balasının basdırıldığı torpaqları nə vaxtsa görəcəyini arzulayaraq öldü? Görəsən neçə oğul, nə vaxtsa atasının yanında basdırılacağına inanaraq gözlərini əbədi olaraq yumdu? Görəsən neçə övlad atasının qərib qəbrinə görə qəlbindən heç vaxt silinməyəcək "nifrət” hissi ilə yaşayır və ölür?...
"Ölüm” gözləri əbədi olaraq yummaq və torpağa qarışmaq demək deyil. Qovuşmaqdır. Hər kəs nəyəsə qovuşacaq. Bəlkə də nə qədər insan həsrətdə olduqları yurd-yuvalarını görəcəklərinə inanaraq gözlərini yumur və qovuşur... Amma "ölüm” bizə itirdiklərimizi qaytara bilməz nə insanlarımızı nə də torpaqlrımızı... Ölüm gəlir, biz isə gedirik. O torpaqlarsız yaşayıb, gedirik. Torpaq isə bizə iməkləmək, gəzmək, qaçmaq, gülmək, kədərlənmək, sevmək, nifrət etmək, qısası üzərində yaşamaq yaratmaq üçün, həm də ən azından ölülərimizi basdırmaq üçün lazımdır. Bir də unutmayaq ölümlə görüşümüz sonuncu deyil. Onu hamımız görəcəyik...
Karabakhmedia.az