SON XƏBƏR

"Mən sevgimin Məkkəsinə gedirəm"

Oktyabr 20
12:53 2015
AÇIL, SABAHIM, AÇIL
 
Yatıb oyanmışam mən,
Dan yeri heç sökülmür.
Gecənin gözlərindən
Yuxusu da tökülmür,
Açıl, sabahım, açıl.
 
Hər yan qaradan qara,
Gözəlim, göyçəyimsən.
Nurun dünyanı yarar,
Ağ gülüm, çiçəyimsən,
Açıl, sabahım, açıl.
 
İçim öz göynəyində,
Barı xətrimə dəymə.
Sən yarın köynəyində
Bağlanmış sirli düymə,
Açıl, sabahım, açıl.
 
Toxun sazın telinə,
Xoş avazlı aşıqsan.
Elə bil sevgilinə
Dolanan sarmaşıqsan,
Açıl, sabahım, açıl.
 
Vüsalıma ip ucu,
Nağıllar dünyasısan.
Həsrətimin sonuncu,
Qırxıncı qapısısan,
Açıl, sabahım, açıl.
 
Ay başına dönüm sənin
 
Dünyanın işi qurtarmaz,
Dünyanın işi bol-boldur.
Dünya sonu görünməyən,
Bilinməyən çətin yoldur,
Ay başına dönüm sənin.
 
Aylar, illər yel qanadlı,
Ha çağırsan ünün yetməz.
Arzuların yeni adlı,
Nə tükənməz, nə də bitməz,
Ay başına dönüm sənin.
 
Məqsədinə tələs, haqla,
Ölüm üçün fərman qəti.
Əvəzsizdir, yaxşı saxla,
Ömür adlı əmanəti,
Ay başına dönüm sənin.
 
Çalış daim yaxşılıq et,
Yaxşı insan olmaq üçün.
Könüllərdə gül kimi bit,
Ürəklərdə qalmaq üçün,
Ay başına dönüm sənin.
 
Eşqin susuz səhrasında
Sevgi adlı dəvən olsun.
Varla yoxun arasında
Sev ki, səni sevən olsun,
Ay başına dönüm sənin.
 
Haralısan? – Demə mənə
 
Azərbaycan övladıyam,
Haralısan? – Demə mənə!
Dədəm Qorqudun adıyam,
Haralısan? – Demə mənə!
 
Ulu türkdür köküm, soyum,
Əcdadımla qürur duyum.
Sənlə birdi yasım, toyum,
Haralısan? – Demə mənə!
 
Yadlar bizi qaralayıb,
Canı candan aralayaıb.
Ürəyimi paralayıb
Haralısan? – Demə mənə!
 
Borçalıyla Zəngəzurum
Odu sönmüş közüm, qorum.
Bu torpaqdır gücüm, zorum,
Haralısan? – Demə mənə!
 
Ayrı düşən Naxçıvandı,
Bir bədəndə iki candı.
Təbriz dedim cismim yandı,
Haralısan? – Demə mənə!
 
Əsir-yesir Qarabağım,
Ağrım-acım, sinə dağım.
Göyçə laylam, Dərbənd ağım,
Haralısan? – Demə mənə!
 
Cəbrayılam, Zəngilanam,
Füzulidə obam, xanam.
Dərd daşıyan bir insanam,
Haralısan? – Demə mənə!
 
Qubadlıyam, Kəlbəcərəm,
Laçın, Ağdam – dağım, dərəm.
Məsimoğlu Qəzənfərəm,
Haralısan? – Demə mənə!
 
Xəbərçi
 
Səhərin dumanı çəkilib döşdə
Dağlar qulağına söz pıçıldayır.
Dayanıb yanında doğan günəş də,
Dağlar qulağına söz pıçıldayır.
 
Şehdə əl-üzünü yuyan yamaclar,
Dincini köksündə duyan yamaclar,
Qolunu çiyninə qoyan yamaclar,
Dağlar qulağına söz pıçıldayır.
 
Toxundum nərgizin incə boynuna,
Düşdüm bənövşənin olmaz oynuna.
Qısqanc qaymaqgülü girib qoynuna,
Dağlar qulağına söz pıçıldayır.
 
Gördüm naz alıblar qızdan, gəlindən,
Öpdüm çiçəyindən, öpdüm gülündən.
Gəzdiyim cığırlar tutub əlindən
Dağlar, qulağına söz pıçıldayır.
Hər nə pıçıldayır, düz pıçıldayır!
 
Yara yar
 
Ulu Tanrı, nə hikmətdi, nə sirrdi?
Cavan, qoca hamı deyir: – "yar, a yar”.
Ömrü boyu sevdiyinə əsirdi,
Yorulmadan sevgi bəslər yara yar.
Eşq dediyin dəli külək, bil, əsən,
Kitab deyil oxuyasan, biləsən.
Zülm eyləmə özün bilə-bilə sən,
Həsrətindən bağrım başı yara, yar.
 
Gecə, gündüz haraylaram elə-hey…
Qalmayıbdı daha məndə elə hey.
Yaralıdır, sızıldayır elə hey,
Neştər ala, ürəyimi yara, yar.
 
Bir budaqda mən dodağam, sən susan,
Bir otaqda mən danışan, sən susan.
Məsimoğlu dediyini sən sus, an,
Xatirədir, vaxtı gələr yarayar.
 
Dayan, səni ürəyimdə aparım
 
Piyadasan, ayaqların ağrıyar,
Dayan, səni ürəyimdə aparım.
Səninləyəm, ay bağrımın bağrı yar,
Dayan, səni ürəyimdə aparım!
 
Şələləyib dərdi, qəmi çiyninə
Qayğılardan don geyibsən əyninə.
Bu yerişin, bu gedişin eyni nə?
Dayan, səni ürəyimdə aparım.
 
At yükünü, incə qəlbin incələr,
İncəliyə incəlikdir incələr!
Könül dostu ürəklərdə dincələr,
Dayan, səni ürəyimdə aparım.
 
Qəzənfərəm, haqq səsinə gedirəm,
Olanların təkcəsinə gedirəm.
Mən sevgimin Məkkəsinə gedirəm,
Dayan, səni ürəyimdə aparım.
 
Nə yaxşı
 
Ömrün payızında qoşa kölgəni
Sahil salamladı, gördü, nə yaxşı!
Dəniz ayağımız altına bizim
Kövrək ləpələri sərdi, nə yaxşı!
 
Bənzərsiz yaratdı Tanrı bu günü,
Göylərə çatmışdı həsrətin ünü.
Gündüz səxavətlə sevən könlünü
Sevdiyi gecəyə verdi, nə yaxşı!
 
Heyranam Xəzərin sirli səsinə,
Özünü qoxuyan tər nəfəsinə.
Qıymayıb ürəklər titrəməsinə
Vüsal çələngini hördü, nə yaxşı!
 
Ana torpaq
 
Yoxluqdan varlığa oldun təcəllam,
Yağan qarammışam, ey ana torpaq.
Tanrı sevgisindən dadıb güc allam,
Səndən yaranmışam, ey ana torpaq.
 
Yeridim, yüyürdüm yolum uzunda,
Öpdüm, qucaqladım qolum uzunda.
Soyuq bulaqların ayna üzündə
Durub daranmışam, ey ana topaq.
 
Doğulan arzular kəndim, şəhərim,
Boğulan arzular boğan qəhərim,
Hələ açılmayıb aydın səhərim,
Ala toranmışam, ey ana torpaq.
 
Eşqinlə bülbültək ötsəm, bilərəm,
Uğrunda ölümə getsəm, bilərəm,
Qoynunda gül kimi bitsəm, bilərəm
Mən də varammışam, ey ana torpaq.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook