MƏN DƏVƏSİ ÖLMÜŞ ƏRƏBƏM, DƏDƏ
Noyabr 09
17:19
2015
Eldar İsmayıl
Mən dəvəsi ölmüş ərəbəm, dədə
Xurcunu çiynində, dərdi dilində,
Günahkar dərvişəm, suçlu dərvişəm.
Olanım-qalanım Göyçə elində,
Özüm baş götürüb üryan gəlmişəm.
İtib qəbirlərim, qəbristanlığım,
Ulu əcdadların izi toz olub.
Məndən ayrı düşüb aranım-dağım,
Ömrümün sorağı-səmti pozulub.
Məni bundan sonra aldada bilməz,
Bu oğraş zamana, şeytan zamana.
Mənim bundan sonra ürəyim gülməz,
Mənə düşman oldu, düşman, zamana.
Mən dəvəsi ölmüş ərəbəm, dədə,
Məni öz içimdə əritmək çətin,
Yurdundan perikmiş qəribəm, dədə,
Bu dərdli ozanı kiritmək çətin!
İndən sonra nağıllarım quruyar,
Telli sazım xiffətindən qarıyar.
Ürək dözməz, fikir altda əriyər,
Mən dəvəsi ölmüş ərəbəm, dədə!
Daha mənə olan olub, dərd ağır,
Yağış ötüb, başım üstdən dərd yağır,
Namərd oyaq, nadan cəllad, mərd fağır,
Mən dəvəsi ölmüş ərəbəm, dədə!
Dost mürgülü, düşman oyaq, həya yox,
Bu günahı yuya bilən dərya yox.
Göyçə yoxsa, məndən ötrü dünya yox,
Mən dəvəsi ölmüş ərəbəm, dədə!
Mən qurdam, qanımı yalayıb durram,
Qisas ocağını qalayıb durram.
Kəfəni boynuma dolayıb durram,
Mən dəvəsi ölmüş ərəbəm, dədə!