SON XƏBƏR

Məmurlar jurnalistləri niyə döydürür? - “Əliəyridir, haram yeyib, oğurluq edib“

Sentyabr 30
13:11 2021
Ötən gün Kanal13 Youtube kanalının jurnalisti Əvəz Hafizli vəzifə öhdəliklərini yerinə yetirərkən, Yasamal rayonun icra başçısı Elşad Həsənova məxsus olduğu deyilən restoranda döyülüb.

Azərbaycanda jurnalistlərin məmurların yaxın ətrafı tərəfindən hücuma məruz qalması birinci dəfə deyil.

Maraqlıdır, məmurlar jurnalistlərdən niyə qorxurlar?

Jurnalistlərlə normal ünsiyyət qurmaq, onları maraqlandıran suallara cavab vermək olmazmı?

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət Yenisabah.az-a açıqlamasında bu hadisə haqqında məlumatlı olmadığını söyləyib:

"Hadisə haqqında məlumatlı deyiləm. Yəqin ki, yeni baş verib. İzləməyi qaçırmışam. Bu qeyd edilən hadisə ilə bağlı məlumatsız olduğuma görə, konkret söz deyə bilmirəm.

Lakin jurnalist vəzifə borcunu yerinə yetirərkən qarşısının alınması yolverilməzdir. Jurnalist kimdir? Jurnalist informasiya toplayıb, onu cəmiyyətə, oxuculara, tamaşaçılara təqdim edəndir. Ümumiyyətlə, cəmiyyətin maarifləndirilməsində öndə gedən şəxsdir. O baxımdan jurnalistlərin bu və ya digər şəkildə sıxışdırılması yaxud da onların işinin əngəllənməsi yolverilməz, qəbuledilməzdir”.

Ekspertin sözlərinə görə, qanunvericilikdə jurnalistin informasiya toplayıb yayması ilə bağlı hər hansı bir əngəl yoxdur:

"Azərbaycan dövləti Konstitusiyadan başlayaraq özünün bütün qanunvericiliyində jurnalistlərin sərbəst şəkildə informasiya toplaması və yayması üçün şərait yaradır. Yəni qanunvericiliyimiz bu sahədə hər hansı bir əngəl tanımır. Digər tərəfdən də informasiyanın qanuni yollarla toplanması kimi bir məsuliyyət məsələsi də var. Qeyri-qanuni yollardan istifadə edilərək informasiyanın toplanması da yolverilməzdir.

Bütün bunlarla bərabər dövlət istər məmurlar, istər vəzifəli şəxslər, hətta ölkə prezidentinin özü səviyyəsində jurnalistlərin sərbəst şəkildə hərəkət edib, informasiya toplamasına və yaymasına hər hansı bir əngəlin törədilməsinə qarşıdır. Prezident özü də dəfələrlə junrnalistlərlə görüşlərində də bunu dilə gətirib və üstəlik də jurnalistlərə qarşı arzolunmaz və həddini aşan hərəkətlər olanda özü belə buna reaksiya verib və jurnalistlərin tərəfində duraraq onları müdafiə edib”.

A.Həsrət qeyd edib ki, kiçik məmurlar jurnalistlərə qarşı əngəllər yaratmamalıdırlar:

"Əgər işiniz doğru, dürüstdürsə, qorxduğunuz bir şey yoxdursa, əməllərinizdə saf və haqlısınızsa jurnalistdən niyə qorxmalısız?

Jurnalistdən yalnız o şəxslər qorxur ki, həmin adam əliəyrilik edib, haram yeyib, oğurluq ediblər. Elə adamlar jurnalistlərdən qorxurlar. Söhbət normal jurnalistlərdən gedir. Jurnalist adı altında həlləm-qəlləm işlərlə məşğul olan jurnalistlərdən danışmıram. Normal jurnalistlərə qorxu ilə yanaşmaq lazım deyil.

Ola bilsin, işinizdə çatışmazlıqlar var. Anlamırlar ki, hər kəsin işində qüsur ola bilər. Jurnalist onu tənqid edib, aşkara çıxarırsa, ictimailləşdirirsə tənqidi durumu aradan qaldırmaqla bu işdən faydalana bilərlər. Jurnalistlərə qarşı zor tətbiq etmək, əngəlləmək, onların işinə maneçilik törətmək qəbul edilən deyil”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook