SON XƏBƏR

Məmməd Rahimin Mikayıl Müşfiq haqqında məqaləsi: Kontrrevolüsioner, kontrabantçı, oğru…

Avqust 28
20:59 2016
Təkcə Məmməd Rahimin Mikayıl Müşfiq haqqında yazdığı məqaləni 8 il axtarmışam. Heç bir kitabda, heç bir internet resursunda tapa bilmədim. Yeganə yol Axundov adına Milli Kitabxanada köhnə qəzetlərin arasında eşələnmək idi. Təbii ki, tək bu yazı üçün yox. Hələ də adları uca tutulan digər saray şairlərini tanımaq üçün. Yazılar silsiləsini elə uzun müddətdir axtardığım məqalə ilə başlayıram. 

Fatimə Kərimli, juranlist 

Ədəbi sahə ideologiya cəbhəsində sinfi mübarizənin ən kəskin və mürəkkəb sahəsi olduğundan düşmən buraya soxulmağa və öz fikirlərini yeritməyə çalışır.

M.Müşfiq belələrindən biri idi. Zahirən "səmimi”, "məzlum” görünən əsas mahiyyəti etibarilə isə hiləkar olan Mikayıl Müşfiq çox zaman ifşa olunmaq ərəfəsində "Sovet əsəri” yazaraq özünü gözdən yayındırmışdır. Onun zahirən Sovet, lakin bütün daxili quruluşu etibarilə qəddar kontrrevolüsioner ruh ilə dolu olan bir sıra əsərləri vardır. "Səməndər” əsərində revolüsion rus xalqının Azərbaycan xalqına olan yardım əli, onun səadəti, çiçəklənməsi üçün olan köməyi inkar olunmuşdur.

Burada müsavatçıların dediyi od yurdu vardır ki, o, özünü yalnız bu od yurdunun "Səməndər”i sayır. İki üzlü Mikayıl Müşfiq uzun zaman öz-özünü sədaqət nümayəndəsi kimi tanıtdırmağa can atmışdır.

Halbuki, gördüyü işin mahiyyəti etibarilə o, fəlakət carçısından başqa bir şey deyil. O, Azərbaycanın döyüşkən əməkçi xalqını aciz, üzü qara vermişdir. Tarix qabağında isə bu xalq heç də üzüqara olmamışdır. O, əsirlərcə döyüşmüş, isyan etmiş və nəhayət şanlı Aprel revolüsiasını yaradaraq öz həqiqi azadlığını əldə etmişdir. Müşfiq bunu görməyə kordur.



Müşfiq ilk qidasını Türkiyənin aristokrat şairi Hamid və kontrrevlosioner Hüseyn Caviddən almışdır. Onun "Küləklər” kitabçası hər cür meşşan, anarxist və yaramaz qara anti-sovet kontrrevolüsion fikirlər ilə doludur. O, kitabının düşmən əsəri olduğunu gizlətmək üçün "etiraf” yazdı. Bəzi prinsipsiz, liberal, averbaxçı tənqidçilər bu etirafı həqiqi etiraf kimi qələmə verdilər. (Mehdi Hüseyn) tənqid düşməninin bu pərdələməsini görmədi, onu yırtmadı.

Mikayıl Müşfiq maskalanmaq üçün bəzən çox gurultulu məsələdən yapışıb revolüsion temalar arasında gizlənməyə çalışırdı.

O, Leninin obrazını vermək iddiasında bulunurdu, lakin sözdə xalq səadətindən danışan, işdə isə xalq azadlığını satan bu sənət dəllalı ulu Lenini qaniçən cahangir, peyğəmbər Məhəmməd ilə, Budda ilə müqayisə etmişdir. O, dahi Lenin obrazını qəsdən təhrif edir, alçaqcasına öz ideyasını yürüdərək sinfi mübarizəni nifrətlə qarşılayır. İlk baxışda "müsbət” görünən misraların arasında əsas kontrrevolüsion fikrini yürüdür, düşmən ilə aparılan mübarizədə tökülən qanı qardaş və sevgili qanı adlandırır. Lenini düşmənçilliyi yaratmış kimi göstərir.

Böyük Sovet xalqının və dünya proletarlarının ulu rəhbərini, ancaq türkün dastanında gurladığı üçün qəbul edir.

"Küləklər”də Sovet Gürcüstanı "Zagesi”nə qarşı olduqca reaksiyon kontrrevolüsion fikirlər vardır. O, üzərində "Zages” qurulan Kür çayına müraciət edib kim tərəfindən kilidləndiyini, sinəsinə dağ çəkildiyini soruşur. Tbilisi nura boyayan "Zages”-dəki çarxları Kür çayının başına bəla kəsilmiş  bir xəncər kimi verir. Kənddə sosializmin simvolu olan traktoru "torpağın köksünü bıçaqlayan”, "ulayan nər”, "təzə cəllad” kimi göstərir. Öz zəhərli müsavatçı nasionalist kisəsini Türkiyənin hər cür reaksion, mühafizəkar, millətçi şairlərindən dolduran bu reaksioner təbiət qoynunda çəkilən dəmir yollarına amansız fikirlər bəsləyir. O, təzə çəkilən dəmir yollarını "dağların qəddini bükən”, "çəlik bağrını sökən”, "sinəsinə ayrılıq dağı çəkən” bir amil kimi göstərir. Halbuki, tənqid belə vicdansızlığa qarşı öz sözünü deməli, onu bolşevik atəşinə tutmalı idi.

Xalq səadətinə düşmən olan bu əclaf, "İnqilab” şeirində proletar revolüsiasını yandırıb yaxan lava, bir vulkan stixiyası kimi təsvir edir. Əcaba bu bir şanlı Oktyabr revolüsiasının xüsusiyyətlərini inkar demək deyilmi? Əcaba bu əməkçi xalqları səadətə çıxaran işçi kəndli revolüsiasına böhtan deyilmi? Əlbəttə böhtandır, əlbəttə söz yox ki, bu əməkçi xalqların azadlıqlarını təmin edən işçi revolüsiasını inkardır.

Müşfiq "Tərtərges nəğmələri” və "Mingəçevir həsrəti” kimi son şeirlərində öz kontrrevolüsion fikirlərini yürütmüşdür. Müşfiqin hayasızlığı oraya gəlib çatmışdır ki, o, Sovet Azərbaycanında heç bir yenilik görməyirdi. "Mingəçevir həsrəti”ndə xəstə canımızın asta-asta öldüyündən bəhs edib cəfəngiyyat söyləyib sovet quruluşuna kontrrevolüsion böhtanlar atır. O, Azərbaycanın azadlığını danmaq üçün Mingəçeviri bir vasitə kimi götürürdü. O, guya Mingəçeviri həsrətlə gözləyirdi. Halbuki bu, hiyləkarcasına olan bir metoddur. Şeirdəki ruh isə Azərbaycanın asta-asta öldüyünü iddiadan başqa bir şey deyildir. Bizə yabancı Müşfiq "Duyğu yarpaqları” şeirində "Bir üzüm qaradır, bir üzüm sarı” deməklə özünün ikiüzlülüyünü yaxşı göstərir.

Həmid kimi qatı pantürkistin şeirlərindən ilham alan b düşmən, bəxtiyar ölkəsi üçü fədakarlıq göstərən mübariz neft işçilərini "Canavar” obrazı ilə təsvir edir. Onun doğma dilini bir yana qoyaraq ona böhtan atır. Neft qəhrəmanına saxta bir dil, pantürkistlərin dilini verir. İşçini Türkiyə saraylarının dili ilə danışdırır, "Canavar” şeirində Bakı işçisi danışırkən "məqsəd” əvəzinə "maqsad” deyir. O beləliklə, öz çirkin hiyləsini yürütmək üçün döyüşçü işçi əvəzinə saxta bir obraz yaradaraq oxuculara təhvil verir. Ümumiyyətlə, dildə osmanizmə oryentasiya hiləkar Müşfiqin apardığı siyasətin bir qolu idi. Pantürkist Müşfiq  dildə osmanizmi təbliğ edirdi. O, müstəqil Sovet Azərbaycanının dilini tanımayırdı. O, pantürkist, panislamist bir dil ilə Azərbaycan xalqı dili arasında büllurlaşmağa doğru gedə doğma sovet ədəbiyyatı dili arasında heç bir fərq görməyirdi. O, öz fikirlərini yürütmək üçün "gəliyor”, "gediyor”-u rayonlarımızdakı "aleyir”, "gəleyir” ilə qarşılaşdıraraq Sovet Azərbaycanı ilə Türkiyə dili arasında heç bir fərq olmadığını iddia edirdi. Onun dildə pantürkist bir siyasət yürütdüyünü göstərmək üçün leksikonundan gətirəcəyimiz bir neçə misal kifayətdir. O, "vətən” deyil, "vatan”, "həftə” əvəzinə "hafta”, "şəfəq” deyil, "şafaq” işlədirdi.

Müşfiq dili və şeirlərindəki qandrabanda yolu ilə gətirdiyi fikirləri etibarilə bü günə, proletariata sadiq bir şair olmamışdır. O, proletar revölüsiasında əsərləri ilə aktiv iştirak edən Mayakovskiyə nifrət bəslədiyi halda "Mingəçevir həsrəti” və "Şən Tiflis” şeirlərində onun Sergey Yeseninin ölümünə yazdığı şeirindən açıq-aydın oğurluq etməkdən çəkinməyirdi. Mayakovskinin "Yüzəlli milyon” adlı poemasından açıq oğurluq edərək "Zəfər səsləri”ni yazdığı bir faktdır. Mikayıl Müşfiq şeirləri üçün oğurluq ta ilk günlərdən bu günə kimi xarakter bir hal olmuşdur. Aleksandr Zarovun "Qarl Libknext”, Utkinin "Veter” şeirlərini oğurlayıb "Qonağım” və "Qarl Libknext” adı ilə çap etdirən bu şeir oğrusu Vasili Qazinin, "Ruçnoy lebed”-ini dəxi "Əl ördəyi” deyə vaxtilə təb etdirmişdir. Müşfiq sinfi qardaşı Çobanzadədən də oğurlayardı. Onun qatı millətçi "şeirlər” kitabından "Bulutlar”ı oğurlayaraq "Küləklər” kitabçasına köçürmüşdür. Nə üçün o belə edirdi? Çünki o, quruluşumuza sadiq deyildi. Ona görə də sovet tematikasından müstəqil olaraq yaza bilməyirdi. Odur ki, o yandan, bu yandan rus, erməni sovet yazıçılarından, Nəsimidən, Məmməd Akifdən, Baba Tahirdən, Hamiddən və başqalarından çırpışdırırdı. O, əclaf ideyası üçün hər cür qandrabandçılıqdan istifadə etmişdir. Vaxtilə yazdığı kontrrevolüsion "Banditlər” poeması ifşa edilmişdir. O, həmin "Banditlər”i "Dağlar macərası” adı ilə yaxınlarda "Ədəbiyyat qəzeti”ndə çap etdirmişdi. O, bu kimi hərəkətləri ilə Azərbaycanın kulturunu, səadətini əlindən almaq, onu eyni kaloniya salmaq kimi çirkin bir ideyaya xidmət edirdi. Mikayıl Müşfiq kimi satqınlar sinifsiz dünya qurmaq uğrunda mübarizə aparan sovet ədəbiyyatına az əngəl olmamışlar. Artıq onlar ifşa olunmuş, maskaları tamamilə yırtılmışdır. Düşməni amansızcasına ifşa etməkdə prinsipial tənqid hələ çox işlər görməlidir. Tənqid hər cür ziyalı əhvali-ruhiyyəyə atəş açmalı, namuslu sovet yazıçılarının yaradıcılığını yüksək səviyyəyə qaldırmalıdır. 

Məmməd Rahim
"Ədəbiyyat” qəzeti, 1 iyul 1937-ci il
 
(Arqument.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook