"MELİSSA ASB İNŞAAT" MTK-nın sahibi generalın adından sui-istifadə edir?
Dekabr 20
09:05
2021
Bakının H.Zərdabi-92 A ünvanında yerləşən və "MELİSSA ASB İNŞAAT" MTK-ya məxsus çoxmənzilli yaşayış binasının yüzlərlə sakininin MTK rəhbərliyinin kommunal qiymətləri qaldırmasına etiraz olaraq binanın həyətində aksiyaya qoşulması barədə məlumat yazmışdıq. Qeyd etmişdik ki, əməkdaşımız etirazçı sakinlərlə görüşüb onları dinləmişdir...
Bu barədə tezadlar.az məlumat yayıb.
Sakinlər video-müsahibələrində birmənalı olaraq bildiriblər ki, "MELİSSA ASB İNŞAAT" MTK-nın rəhbəri Qalib Nurulla oğlu Məmmədov özünü lap əvvəldən Prezident İlham Əliyevin şəxsi mühafizəsinin rəhbəri Bəylər Əyyubovun himayəsində olan şəxs kimi təqdim edib istədiyini edir: "... Biz burada mənzil alanda MTK-nın sədri Qalib Məmmədovla görüşüb tanış olmuşduq. O vaxtdan da onu dediyi kimi, B.Əyyubovun adamı kimi tanımışıq... Bütün hallarda, buna inanmasaq da, deyilənlərdə həqiqəti də görmüşük ki, Qalib Məmmədov özünü elə aparıb... Qalib Məmmədovun bu MTK-sını oğlu, qardaşı, qardaşı uşaqları idarə edir, istədiklərini ailə podratı kimi idarə edirlər... Hətta bütün bina sakinləri bilir ki, Qalib Nurulla oğlu Məmmədovun qardaşı oğlu bu yaxınlarda bir "KamAZ" sürücüsünü döyüb öldürüb... Bu özbaşınalıqlara son qoyulmalıdır! "MELİSSA ASB İNŞAAT" MTK-nın sahibi Qalib Nurulla oğlu Məmmədov Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətini gözdən salır, Prezidentin Təhlükəsizlik Xidmətinin rəhbəri Bəylər Əyyubovun adından sui-istifadə edir"
Xatırladırıq ki, bina sakinlərinin "Təzadlar"ın elektron poçtuna göndərdiyi sərt etiraz məktubunda deyilirdi: "...Cənab Prezident İlham Əliyev dünəndən Sərəncam verərək əhalinin aztəminatlı hissəsinin qayğısına qalıb, büdcədən maliyyələşənlərin əmək haqlarını qaldırıb, binamızın rəhbərliyi isə deyir ki, Prezident maaşları qaldıırıb, mənə nə, mən də qiyməti qaldırıram! Artıq elan yapışdırıblar ki, qaraşın aylıq qiyməti 75-100 manat, kommunal xidmətlər isə 20 faiz qaldırılır. MTK-nın rəhbəri anlamır ki, bu bina kompleksində yaşayanların ola bilsin 5 faizi büdcədən maaş alır, qalanları özəl sahələrdə çalışır, təqaüdçüdür, şəhid ailələri var, qazilər var... MTK rəhbərinin bu qanunsuz hərəkəti hamıda hiddət doğurur, əhalinin vəziyyətini nəzərə almadan monopoliya yaradır, ağlı kəsən formada qiyməti qaldırır. Xahiş edirik, şikayətimizi Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqətinə çatdırın ki, Azərbaycan xarici işğalçı düşmənin-ermənilərin başını Dəmir yumruqla əzdi, bəs monopolist belə daxili düşmənlərlə neyləyək? Bir neçə gündən sonra Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi və ad günüdür. Yüzlərlə ailəni belə xoş gündə etiraza qaldırmaq, Yeni İlini zəhərə döndərmək kimə lazımdır və nə məqsədə edilir???".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Qlobal.az